Azyaşlı piyadalar yol-hərəkəti haqqında nə bilir?
15:35 – 01 İyun, 2017

1 iyun Uşaqları Beynəlxalq Müdafiə günüdür. APA TV-nin "Avtoclub" layihəsinin növbəti buraxılışı məhz uşaqlara həsr edilib. Görəsən azyaşlı piyadalar yol hərəkəti haqında nə bilir?

Təlimçi Akif Əmirovun sözlərinə görə 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində azyaşlılara yol hərəkət qaydaları öyrədilir: "Müəssisəmiz Bakı şəhərində yeganə mərkəzdir ki, burada yol hərəkət qaydaları tədris olunur. İstər paytaxt, istərsə də paytaxt ərafı məktəblərdə mütəmadi olaraq təlimlərdə iştirak edirik. Təəssüf ki, dünyada uşaq ölümlərinin əksər hissəsi də yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir. İstər ailədə, istərsə də təhsil müəssisələrində uşaqlara yol hərəkət qaydaları tədris olunmalıdır ki, onlar yolda baş verəcək bədbəxt hadisələrdən müəyyən qədər sığortalansınlar".  Akif Əmirov onu da qeyd edib ki, 46 saylı Məktəbdənkənar Tərbiyə Işi Mərkəzində tədris ödənişsiz şəkildə həyata keçirilir.

Sürücülük təlimçisi Arzu Babazadə söyləyib ki, orta məktəbdə digər fənlərlə yanaşı yol hərəkəti qaydalarının da tədris edilməsi məqsədəuyğundur: "Ən azı bir neçə sinif bu öyrədilməlidir. Bəzi valideynlər, xüsusi ilə atalar övladlarını xoşagəlməz, fərqli üsullarla övladlarına, ən çox da oğlan uşaqlarına avtomobil sürməyi öyrədirlər. Uşaqlar maşın idarə etməyi mərhələli şəkildə, onlar üçün nəzərdə tutulan xüsusi tədris mərkəzində öyrənməlidirlər". 

Akif Əmirov azyaşlılarla  müqayisədə, böyüklərlə çalışmağın daha çətin olduğunu söyləyib: "Çünki uşaq materialı asan qavrayır və tədris edilənlərə də tez əməl edir. Ötən il təşkil edilən təlim kurslarında 60-dan çox müəllim iştirak edib. Müəllimlər əldə etdikləri bilikləri sonradan şagirdlərinə ötürüblər. İstər müəllim, istərsə də valideyndən çox şey asılıdır". 

Arzu Babazadə sürücülük sahəsindəki təcrübə məsələsinə də aydınlıq gətirib: "Məsələ yenə də yaşca böyük olan insanların üzərinə gəlir. Məsələn, insan təcrübəli sürücü ola bilər, lakin yaxşı pedaqoq olmaya bilər. Odur ki, evdə valideynin verdiyi biliklərdən sonra, bu sahə üzrə yaxşı pedaqoq olan şəxsin də təcrübəsinə ehtiyac var".

 

X

XƏBƏRLƏR
BÖYÜT