Süni mayalanmada cütlüklərin rəsmi evliliyi əsas şərtdir
17:16 – 01 İyun, 2017

Süni mayalanma problemi cəmiyyət üçün yeni olmasa da, aktuallığını hələ də saxlamaqdadır. Çünki cəmiyyət bu məsələyə birmənalı yanaşmır. APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında süni mayalanmanın mənəvi, psixoloji, dini tərəflərindən danışılıb.

 

Ginekoloq Ərsadıq Turan suüni mayalanmanın ilk dəfə Türkiyədə 1989-cu ildə aparıldığını, Azərbaycanda isə 2004-cü ildən etibarən yarandığını və hazırda bu yolla doğulan ilk uşağın 12 yaşının olduğunu bildirib: "Kişilərin öz toxumlarından istifadə edilməməsi qorxusu vardı. Sonra onlar süni mayalanma ilə doğulan uşaqların öz uşaqları olduğunu gördülər". Ərsadıq Turanın sözlərinə görə süni mayalanmada toxum ata və ananın embrionundan götürülür.

 

İlahiyyatçı Elvüsal Məmmədovun sözlərinə görə müasir dövrdə islam aləminin gəldiyi qənaətə görə müəyyən şərtlərlə süni mayalanmaya icazə verilir: "Çünki şəriətin altı məqsədi var, biri insan nəslinin davamlılığını təmin etməkdir. Şəriət cütlüyün öz nəslini davam etdirmək məqsədilə laboratoriya şəraitində icazə verir". İlahiyyatçı onu da qeyd edib ki, bir-biri ilə evli olmayan cütlüklərin, yaxud qadın evli olduğu halda ona kənar embrionun daxil edilməsi şəriətdə haramdır: "Bu səbəbdən ana hüceyrə ilə spermanın götürüldüyü şəxslər bir-biri ilə evli olmalıdır".

 

Kənarda mayalanmış hüceyrənin ana bətninə qoyulduğu zaman şəriətin məhrəmiyyət qaydalarına əməl edilməsinin vacibliyini qeyd edən ilahiyyatçıya görə, prosesin qadın üzərində müsəlman qadın həkim tərəfindən aparılması vacibdir: "Qadın həkimi bu işi görmürsə, bu zaman etibarlı müsəlman kişi həkimlərə bu iş həvalə edilir. Hər bir halda göstərilən şərt bundan ibarətdir ki, qadın əri həmin o prosesin, yaxud cərrahiyyə işinin aparıldığı kabinədə olmalıdır".

 

Psixoloq Natiq Muradbəyli hesab edir ki, süni mayalanma cəmiyyətimizə doğru bir şəkildə izah edilməyib: "Ona görə də kənardan təsirlər, təzyiqlər olub. Sevgiyə dayanmış bir ailə olsa da, övlad yoxdur. Bu prosesə gedimmi, getməyimmi fikirləri yaranır. Faciə kimi hətta qarşılanır. Ya ata razı olmur, ana da buna bəzən getmək istəmir. Amma hər iki tərəf buna razı olmalıdır. Hər iki tərəf buna müsbət yanaşmalıdır. Bəzən ana aqressiv olur, başqalarını görür, onda qısqanclıq yaranmağa başlayır. Belə bir məqamda psixologiya dövriyyəyə girir".          

 

Ərsadıq Turana görə prosesə başlamazdan öncə məsələnin psixoloji tərəfi çox vacibdir: "Müalicələrimizdə nə edərsək edək, bəzən alınmayan vəziyyət olur. O adamın ikinci müalicəyə gəlməsi üçün psixoloji dəstəyə ehtiyacı var". Ərsadıq Turanın sözlərinə görə əgər embrionları əvvəlcədən yoxlasaq, sağlam olan embrionları köçürəndə hamiləliyin itirilməsinin qarşısını almış olarıq.

 

Cəmiyyətdə süni mayalanmaya qarşı mənfi fikirlərin dolaşdığına münasibət bildirən Elvüsal Məmmədov bunu başqa kişinin spermasından istifadə faktoru ilə əlaqələndirir: "Bəli süni mayalandırmanın bu variantı vardır, daha çox məhrəmiyyət, ayıb, namus dəyərlərinin tənəzzül etdiyi cəmiyyətlərdə geniş yayılmışdır. Bir kişi başqa kişinin spermasını öz qadınının bətnində görməyi qəbul edir. Amma biz müsəlman toplumu olaraq buna hazır deyilik. Hazır olmağımız da doğru deyildir. Ona görə də gələcəkdə süni mayalanmadan əmələ gəlmişsən sözünü eşitsələr, valideynlər bu prosesi uşaqlarına olduğu, ətraflı, elmi şəkildə başa salmalıdırlar ki, uşaq bundan narahat olmasın".  

 

Natiq Muradbəyli söyləyib ki, süni mayalanma sevgi və sağlam ailənin qorunması naminə vacib addımdır: "Hər şeyə dözməli, kənardan olan söhbətlərə qulaqlarını tıxamalıdırlar. Onlar bilməlidir ki, bu övladın gəlişi bu ailənin qüvvətlənməsinə səbəb olur". 

X

XƏBƏRLƏR
BÖYÜT