Valideynlər uşaqların hüquqlarını necə pozur?
18:20 – 01 İyun, 2017

“Uşaqların hüquqları ilk növbədə valideynləri tərəfindən pozulur. Müşahidələr göstərir ki, valideynlər bilməyərəkdən övladlarının təhsil, sağlamlıq, azad söz demək, asudə vaxtlarının təşkil edilməsi ilə bağlı hüquqlarını pozur”.

 

Bunu "Sosium" proqramının qonağı, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının layihə koordinatoru Sara Ağayeva deyib. Onun sözlərinə görə, uşaqların hüquqlarının pozulması valideynlərin məlumatsızlığından irəli gəlir. S.Ağayeva deyib ki, indi bəzi valideynlərin iş saatının daha çox olması uşaqların hüquqlarının pozulmasına gətirib çıxarır: “Bəzi valideynlərin xidmət sahəsində çalışdığından onların işi daha gec saatda bitir. Məhz buna görə uşaq evdə tək qalmağa məcbur olur. Bu zaman uşaqlar qazı aça, özünə zədə yetirə və ac qala bilər”.   

 

Layihə koordinatoru deyir ki, bəzi hallarda mentalitet uşaqların hüquqlarının pozulmasına da səbəb olur. Mütəxəssislərin fikrincə, bu uşaqların potensialının ortaya çıxarılmasına mane olur: “Bizdə “Valideynlər həmişə haqlıdır” fikri formalaşıb. Cəmiyyətdə “Valideynlər öz uşaqları üçün pis heç nə arzu etməzlər” fikri qəbul olunur. Buna görə də adi geyim, peşə və ya digər hallarda seçim hüquqları pozulur“.   

 

"Sosium" proqramının qonağı, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının ictimai vəkillik üzrə mütəxəssisi, sosioloq Cavid İmamoğlu bildirib ki, indi ailəyə dəstəyi təşviq etmək lazımdır. “Çox təəssüf ki, ən sadə səbəblər belə uşaqların atılmasına səbəb olur. Halbuki yoxsulluq heç bir halda uşaqların internat evinə yerləşdirilməsinə səbəb olmamalıdır. Uşaqlar yalnız valideyn himayəsindən həqiqi məhrum olarkən, yəni valideynləri dünyadan köçərkən alternativ qayğı mərkəzlərinə gətirilməlidirlər. BMT-nin uşaqlarla bağlı alternativ qayğı ilə bağlı ilə bağlı qanunlar toplusu var. Azərbaycanda da bu qanunlar tətbiq edilməyə başlayır. Bu qanunlarda iki-zərurət və uyğunluq prinsipi var. Bu o deməkdir ki, biz sona qədər uşaqların ailədə qalmasını təşviq etməliyik. Bu mümkün olmadıqda isə uşaq alternativ qayğı mərkəzinə yerləşdirilməlidir. Bu zaman uşaq ona uyğun alternativ qayğı mərkəzinə yerləşdirilməlidir”, - deyə C.İmamoğlu vurğulayıb.  

 

S.Ağayeva hesab edir ki, cəmiyyət üçün sağlam şəxsiyyət yetişdirmək üçün valideynlər ən əhəmiyyətsiz səbəblərə görə ailənin dağılmasına yol verməməlidir. Onun sözlərinə görə, ata və ana boşanmağı məqsədəuyğun saysalar belə, uşaqları valideyn qayğısından məhrum etməməlidir. 

 

C.İmamoğlu əlavə edib ki, bunun üçün mütləq maarifləndirmə tədbirləri görülməlidir. O qeyd edib ki, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası "1 iyun - Beynəlxalq Uşaq Müdafiəsi Günü" ilə əlaqədar ölkədə uşaq hüquqlarının daha səmərəli təmin edilməsinə dair ictimaiyyətdə biliklərin artırılması məqsədi ilə ictimai vəkillik kampaniyasına başlayıb. “Uşaq müdafiəsi hər kəsin işidir” şüarı altında həyata keçirilən İctimai vəkillik kampaniyasının əsas məqsədi media vasitəsi ilə ictimaiyyət nümayəndələri arasında uşaq müdafiəsi, valideyn himayəsindən məhrum olmuş uşaqların mövcud durumu barədə bilikləri artırmaq və cəmiyyətdə uşaqlara qarşı zorakılığa münasibəti dəyişməkdir. 26 may – 6 iyun tarixlərində keçiriləcək tədbirlər sırasına jurnalistlər üçün uşaq müdafiəsinə dair təlim, KİV nümayəndələri arasında “BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaları”nın Azərbaycandakı tətbiqinə dair məqalə müsabiqəsi, sosial filmin çəkilişi və televiziya ekranlarında nümayişi, sosial media vasitəsi təbliğat və sonda press-konfransın keçirilməsi daxildir.

 

Sosioloq bildirib ki, "1 iyun - Beynəlxalq Uşaq Müdafiəsi Günü" ilə əlaqədar SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən uşaq müdafiəsinə dair ictimai vəkillik mesajlarını özündə cəmləyən sosial filmlər də hazırlanıb. Filmlərdə alternativ qayğıda yaşayan uşaqların hüquqları, uşaq müdafiəsi və uşaqların atılma riski olan ailələrə dəstəyin zəruriliyi barədə mesajlar verilir. Filmlərdəki “Çünki uşaq müdafiəsi hər kəsin işidir” mesajını ictimaiyyətimizin tanınmış və ziyalı insanları çatdırır.

X

XƏBƏRLƏR
BÖYÜT