Yanlış diaqnozlar və müalicələr nəyin nəticəsidir?
11:23 – 02 İyun, 2017

“Xəstələrə qoyulan şişirdilmiş, əsası olmayan diaqnozları saymaqla qurtarmaz”

 

 

“Elə diaqnozlar var ki, onların heç bir tibbi əsası yoxdur və bu hal az qala epidemiya şəklində yayılıb”

 

 

 

“Hər gün müraciətlər əsasında ən azı 3-4 uşağa həkimlər tərəfindən heç bir tibbi əsası olmayan diaqnozlar qoyulmasının şahidi oluruq. Bu gün xəstələrə qoyulan şişirdilmiş, əsası olmayan diaqnozları saymaqla qurtarmaz”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr, uzman doktor Əli Quliyev deyib.

 

Yeddi ildir Bakıda çalışdığını deyən mütəxəssis “7 il əvvəl qoyulan yanlış diaqnozlarla bu gün qoyulan diaqnozlar arasında heç bir fərq görmürəm. Müsbətə doğru dəyişiklik olduğunu görmürəm”, - deyə bildirib.

 

 

Uşaq nevroloqu, tibb üzrə fəlsəfə doktoru Kamran Salayev isə deyib ki, hər bir həkimin səhv diaqnozu ola bilər, amma elə diaqnozlar var ki, onların heç bir tibbi əsası yoxdur və onlar az qala epidemiya şəklində yayılıb: “Bütün sahələrdə əsası olmayan diaqnozlara rast gəlinir. Biz bu hallarla hər gün rastlaşırıq”.

 

Əli Quliyev bildirib ki, bu gün Azərbaycanda pediatrik xəstələrə daha çox “timus”, “kəllədaxili təzyiq”, “dizbakterioz” kimi yanlış diaqnozlar qoyulur: “Bu “uşağın timusu var”, “uşaqda dizbakterioz var”, “uşaq oksigensiz qalıb”, “uşaqda beyin təzyiqi var” və s. kimi diaqnozlarla daha çox rastlaşırıq.  Timus hər bir insanda olan vəzidir. Timus vəzi olmasa insan yaşaya bilməz. Timusun böyük, kiçik olması kimi ölçü vahidi də yoxdur. Yalnız timusun xərçəngi deyilən bir xəstəlik var, bu isə çox nadir görülən bir patologiyadır.  Mən 14 ildir uşaqlarla işləyirəm, demək olar ki, bu problemə rast gəlməmişəm.

 

Amma çox tez-tez uşaqda timus var diaqnozlarına və əsası olmayan müalicələrin aparılması hallarına rast gəlirik. Belə uydurma səbəblərlə uşaqları peyvənddən yayındırma halları baş verir.

 

Yaxud da boğazda adi bir qızartı varsa, deyirlər ki, peyvənd vurdurmaq olmaz. “Beyində təzyiq var” deyib uşaqlara sidikqovucu dərmanlar təyin olunur. Qan götürüb qurd analizlərinə baxılır. Halbuki bunun heç bir əsası yoxdur. Qurd analizləri nəcis nümunəsi əsasında aparılmalıdır. Məsələn, valideynlər əllərində analiz nəticələrini gətirir ki, uşaqda qurdu yoxlamaq üçün qan analizi götürüblər və qurd olduğu aşkarlanıb.

 

Qan analizi ilə qurd diaqnozu qoyulur və uşağa çoxlu sayda dərmanlar təyin olunur. Əgər uşaqda doğrudan da nəcis analizində qurd aşkarlanıbsa, o zaman seanslarla müalicələrin, mədə, bağırsaq yuyulmasının, pəhriz saxlanmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda hətta bir dərmanla problemi tamamilə aradan qaldırmaq mümkündür”.

 

K. Salayev deyib ki, uşaq nevrologiyası sahəsində daha çox uşaqlara həkimlər tərəfindən qoyulan “kəllədaxili təzyiq”, “epilepsiyaya meyllilik” kimi əsası olmayan diaqnozlarla qarşılaşırlar: “Bundan başqa, hər gec danışan uşağa autizm diaqnozu qoyulur. Bizim sahədə də az qala miqrendən tutmuş epilepsiyaya qədər olan problemlər qurdla əlaqələndirilir”.

 

Ən çox rast gəlinən yanlış diaqnozlardan birinin “kəllədaxili təzyiq” olduğunu deyən K. Salayev hər bir uşaqda, hər kəsdə kəllədaxili təzyiq olduğunu açıqlayıb: “Bu normal bir haldır. Bu təzyiq olmalıdır ki, beyin öz funksiyasını yerinə yetirsin. Yox əgər bu təzyiq yüksəkdirsə və hansısa mənfi təsir göstərirsə, biz bu hallarda hidrosefaliya diaqnozu qoyuruq. Statistikaya görə, hər 1000 uşaqdan birində bu problemə rast gəlinir. Amma “kəllədaxili təzyiq” diaqnozunun qoyulması nəticəsində belə təsəvvür yaranır ki, Azərbaycanda olan uşaqların yarısı, yaxud da 1/3-i hidrosefaliya xəstəsidir. Təbii ki, bunun əsası yoxdur. Çox təəssüf ki, bu gün uşağa əsassız yerə “kəllədaxili təzyiq” diaqnozu qoyulur, dərmanlar təyin olunur və bir ildən sonra dərman kəsilir, “xəstə sağaldı” deyilir. Bunlar yanlış, əsası olmayan hallardır.

 

Azərbaycanda “nevroloji uşaq” deyilən bir anlayış var, bu, diaqnoz deyil, nə deməkdir onu bilmirəm.  Deyirlər ki, “nevroloji uşaq” peyvənd oluna bilməz. Halbuki nevroloji problemi olan uşaqların da peyvəndə ehtiyacı var”.

 

Mütəxəssis vurğulayıb ki, bütün diaqnozlar, müalicələr, tətbiq olunan prosedurlar, təyin olunan dərmanların dozasına qədər hər şey beynəlxalq protokollara uyğun olmalıdır: “Protokollara istinad olunması prosesi Azərbaycanda başlayıb və təbii ki, bu sahədə öndə olan ölkələrdən öyrənməyə ehtiyac var. Başqa ölkələrdə xəstə həkim axtarmır, birbaşa xəstəxanaya gedir. Çünki bütün həkimlər eyni protokola uyğun hərəkət edirlər. Protokola uyğun olmayan hallarda isə konsiliumlar təyin olunur. Biz də bu sistemə uyğun davransaq, mövcud olan problemlər aradan qalxar”.

 

  

 

X

XƏBƏRLƏR
BÖYÜT