Rusiya ilə Türkiyə arasında "pomidor müharibəsi" nə vaxt başa çatacaq?
16:47 – 02 İyun, 2017

"Rusiya ilə Türkiyəni pomidordan başqa heç nə birləşdirmir". Bu fikir son zamanlar xüsusilə rusiyalı ekspertlər arasında geniş yayılıb. İki ölkə arasında münasibətlərin normallaşması ehtimalına ruslarla türklərin  münasibəti fərqlidir. Türklər bu ehtimala optimist, ruslar isə realist yanaşırlar. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında Türkiyə-Rusiya gərginliyi, bu gərginliyin Azərbaycana mümkün təsirləri barədə maraqlı fikir mübadiləsi aparılıb.

 

Ekspert İlqar Vəlizadənin sözlərinə görə bəzən Rusiya-Türkiyə münasibətlərində reallığı əks etdirməyən yanaşmalar təqdim olunur, çünki arada gərginlik olsa belə dialoq davam edir.

 

Suriya məsələsinə toxunan ekspert bildirib ki, Türkiyə və Rusiya Suriyadakı proseslərə görə məsuliyyət daşıyır: "Bunların Suriyada maraqları var. Buna görə də Suriya üzərində olan Türkiyə və Rusiya dialoqu çətinliklə gedir. Dedi ki, keçən il və bu il Türkiyə və Rusiya baş qərargahlarının danışıqlar formatı var".

 

Bəzi ekspertlərin iddialarına münasibət bildirən İlqar Vəlizadə vurğulayıb ki, guya Türkiyə Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, mütləq şəkildə Rusiyanın təşkil etdiyi ittifaqlara daxil olmalıdır: "Bu məsələyə səthi yanaşmalardır. Rusların heç özləri də demirlər. Bunlar Rusiya-Türkiyə münasibətləri üzrə ekspertlər sayıla bilməzlər. Çox təəssüf ki, KİV-lərdə Bağdasarov kimi populistlərin fikirlərinə yer verilir".

 

Rusiya Türkiyə münasibətlərində turizmin roluna toxunan İlqar Vəlizadənin sözlərinə görə Rusiya bu gün daxili turizmin inkişafı, valyutanın kənara axmamasında maraqlıdır.  "Bildiyiniz kimi Krım dotasiya regionudur və ora külli miqdarda pul gedir. Onlar çalışırlar ki, oranın turist infrastrukturunu düzəltsinlər və oranın dotasiyası azalsın. Ona görə də təkcə Türkiyə istiqamətinə deyil, Misir istiqamətinə də azalma var", - ekspert belə deyib.

 

KİV-lərdə Rusiya-Türkiyə münasiubətlərinin iqtisadi tərəfləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirən ekspert deyib: "Türkiyənin bir çox şirkətləri Rusiyanın inşaat sektorunda işləyir. Türkiyənin inşaat şirkətləri hətta belə vəziyyətdə işləməyə davam edirdilər. Təkcə Moskva ilə kifayətlənmirdi. Sankt-Peterburqda da Türkiyə şirkətləri strateji obyektlərdə işləyirdilər və işlərini davam etdirirdilər. KİV-lərdə bu səs-küy başqa mənzərə yaradırdı".  Ekspert bu fikirdədir ki, həm Rusiya Türkiyədə, həm də Türkiyə Rusiyada öz itirilmiş mövqelərini bərpa etməyə çalışır.

 

Türkiyə ilə Rusiya arasında olan "Türk axını" layihəsinin incəliklərindən danışan İlqar Vəlizadənin sözlərinə görə Rusiya hazırda bu layihənin beynəlmiləlləşdirilməsinin, başqa ölkələrin iştirak etməsinin tərəfdarıdır. 

 

"Mavi axın" layihəsinin Azərbaycana təsirlərindən danışan ekspert hesab edir ki, Azərbaycanın öz bazarı olduğu üçün artıq alıcıları da müəyyən olunub: "Bu baxımdan bu layihə bizim üçün böyük problem kəsb eləmir. Hətta "SOCAR" ilə "QAZPROM" arasında partnyorluq sazişləri də var. Əgər bunlar bizim rəqiblərimiz olsaydı, biz yəqin ki, belə layihələrə əl atmazdıq". 

 

İlqar Vəlizadə Rusiya ilə Türkiyə arasındakı danışıqlar formatının Suriya məsələsinə birbaşa təsir göstərdiyini, tərəflərin oyun qaydalarına əməl etdiyini vurğulayıb: "Təcrübə göstərir ki, bu işlək formatdır və davam fəaliyyətini davam edəcək. Bu o demək deyil ki, böhranlı məsələlər ortalığa gəlməyəcək".

 

Ekspert ötən il Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsində baş verən aprel hadisələrinə də toxunub: "Mən düşünmürəm ki, aprel hadisələrinə Türkiyə-Rusiya böhranının təsiri olub. Hətta Rusiya KİV-lərində belə təsəvvür yaratmaq istəyirdilər ki, aprel hadisələrinin əsas səbəbkarı Türkiyədir. Bunlar əsassızdır. Dağlıq Qarabağ məsələsinin öz dinamikası var. Ola bilər ki, Ermənistan hansısa təsiri nəzərə alaraq ona uyğun hərəkət etsin. Amma Azərbaycan müstəqil dövlətdir. Onun addımları, hansısa xarici oyunçuların addımları ilə uzlaşmır". İlqar Vəlizadə onu da qeyd edib ki, aprel hadisələri əslində fors-majorun yaranacağı ilə bağlı Rusiya və Türkiyəyə, o cümlədən digər ölkələr mesaj idi: "Bu cür münaqişələri sistemli şəkildə həll etmək lazımdır. Bunu dondurmaq, arxivə qoymaq olmaz".  

X

XƏBƏRLƏR
BÖYÜT