Hansı hallarda avtomobil evakuasiya oluna bilməz?
16:36 – 06 İyun, 2017

Bu gün sürücüləri düşündürən aktual problemlərdən biri də avtomobillərin evakuasiyası ilə bağlıdır. Bəs hansı hallarda avtomobil evakuasiya oluna bilməz? APA TV-nin "Avtoclub" layihəsinin növbəti buraxılışında bu məsələ geniş müzakirə edilib, tamaşaçıların sualları cavablandırılıb.

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov hesab edir ki, bu gün dünyada ən güclü evakuasiya xidməti heyəti hansı ölkədədir sualı yaranarsa, yəqin ki, birinci yerdə Azərbaycan dayanardı: "Nə qədər gülməli görsənsə də, reallıq budur ki, bizim küçələrdə həqiqətən də dayanma-durma qaydalarını pozan sürücülərin sayı kifayət qədərdir. Hansı hallarda evakuasiya oluna bilməz? Bir vacib nüans ondan ibarətdir ki, əgər dayanma-durma qaydaları pozulursa, müvafiq qaydada protokol tərtib edilməli və avtomobil evakuasiya edilməlidir. Əgər nəqliyyat vasitəsi sahibi avtomobilinin yanında deyilsə. Hətta avtomobil evakuasiya edilən zaman sahibi yaxınlaşırsa yəni avtomobil evakuasiya üçün start vəziyyətdədirsə, artıq maşın evakuatora yüklənib. Bu halda belə nəqliyyat vasitəsi dərhal endirilməli və sürücününü özünün  bilavasitə iştirakı ilə uzaqlaşdırılmalıdır". Azər Allahverənov onu da qeyd edib ki, sürücü özünün günahsız olduğunu sübuta yetirməyə çalışdığı zaman evakuator hərəkətə keçərək, prosesə start verir, bu da təbii ki, qanun pozuntusudur: "Əlavə mübahisə üçün əsaslar yaranırsa, belə olduğu halda hətta qanunvericilikdə məqam da var ki, ya evakuatorun sürücüsü və ya onun köməkçisi, hətta DYP əməkdaşı belə 200-300 manata qədər cərimələnə bilər. Əgər həmin avtomobil digər nəqliyyat vasitələrinin və ya piyadaların hərəkəti üçün maneə yaradırsa. Amma bir çox hallarda evakuasiya xidməti məhəllələr arası, ikinci dərəcəli yollarda düz döngədə  parklanan avtomobili aparır".

Parklanan avtomobil digər nəqliyyat vasitələrinə və ya piyadaların hərəkətinə məhdudiyyət yaratmırsa, onda nə üçün oradan evakuasiya olunur sualını yol təhlükəsizliyi üzrə ekspert belə cavablandırıb: "Sadəcə protokol tərtib edilməli və həmin avtomobil sahibi 20 manat cəriməsini ödəməlidir. Onsuz da həmin yer digər avtomobillər tərəfindən tutulduqda, onları da həmin aqibət gözləyir".

Azər Allahverənov bildirib ki, parkomatlar quraşdırılan zaman sürücülərin çaşqınlığına və ya hansısa bir səhv hərəkətinə səbəb ola biləcək vəziyyətin şahidi oluruq. "Əgər 3.27 nişanı sizə həmin ərazidə dayanma-durmanı qadağan edirsə, deməli bir qayda olaraq orada nəqliyyat vasitəsini saxlamamalısız. Parkomat bizim yolda hərəkətimizi tənzimləyən qurğu deyil, ödəniş qəbul edən hansısa bir aparatdır. Əgər o yerdə ki, bu nişan var və həmin ərazidə avtomobillər park edilirsə, orada ödənişli dayanacağa daxil olduğunuzu bildirən bir lövhəcik olur. Amma elə də olur ki, sürüclər bildirirlər ki, lövhəcik yoxdur, lakin həmin ərazidə xüsusi olaraq dayanan şəxs tərəfindən ödəniş tələb edilir. Bu kimi halla rastlaşdıqda və siz 3.27 nişanı olan əraziyə bilərəkdən və ya xəbərsiz şəkildə daxil olduqda və parkomatı gördükdə, ən azı sizin avtomobiliniz oradan evakuasiya olunduğu zaman, təbii ki, sizə qarşı tətbiq edilən qərarın hüquqi əsasları var. Amma eyni zamanda sizin də hüququnuzdur ki, etdiyiniz ödənişi həmin ərazidə parkomat quraşdıran qurumdan geri tələb edəsiniz".

Yollar üzrə ekspert onu da qeyd edib ki, vətəndaş hər hansı bir inzibati xətaya görə cərimənin ödənilməsindən imtina edirsə və ona xitam verilməsini istəyirsə, bunu əsaslandırmağı bacarmalıdır: "Araşdırma nəticəsində inzibati xətanın törədilməsinə səbəb olan hallar üzə çıxarılacaq. Günahkar tərəf də məsuliyyətə cəlb ediləcək".

Son zamanlar telefonla danışan sürücülərin sayında artımın müşahidə edildiyini söyləyən Azər Allahverənov bu məsələnin xüsusi nəzarətdə saxlamağın vacib olduğunu bildirib: "Təklif edərdim ki, bort kompüter vasitəsi ilə dərhal protokol tərtib olunsun, sürücü avtomatik olaraq xəbərdarlıq-sms-i alsın. Avtomobil haradasa parklanıb və sürücünün xəbəri yoxdur ki, onun avtomobilinin yanında artıq DYP əməkdaşları var və cərimə yazılır. Bort avadanlıq vasitəsi ilə cərimə yazıldıqdan sonra vahid sistemə məlumat ötürüldükdə sürücü dərhal bu  haqda məlumat almalıdır".

Yenidən evakuasiya xidmətinə toxunan yollar üzrə ekspert bildirib ki, bu təxirəsalınmaz bir tədbir kimi həmin avtomobilin ərazidən uzaqlaşdırılmasını həyata keçirən bir xidmət olmalıdır. 

X

XƏBƏRLƏR
BÖYÜT