İntihar etmək istəyən azərbaycanlı məşhur NƏLƏR DANIŞDI?
18:45 – 06 İyun, 2017

Bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan reper Anar Nağılbaz deyib. O bildirib ki, sənətdə hər şey bir neçə il öncə gördüyü kimi deyil: “Bu böhran tək Azərbaycanda deyil, dünyada var. Şou-biznes gül aça bilmədi, qönçə kimi qalıb. İndi yalnız dövlət tədbirlərinə dəvət olunuram. Əvvəlki kimi efirlərə çıxmıram. Artıq yaş dövrü də imkan vermir ki, əvvəlki kimi canımızı bu sənətə qoyaq. Bir iş görmək üçün də zəmin olmalıdır. İndi mən o zəmini görmürəm. Rep Azərbaycanda çox gənc sənətdir. Bu da sırf klublarda səslənir”.

 

Reperdən sonra verilişin digər qonağı əməkdar artist Ruhəngiz Musəvi şou-biznesdə olan böhrandan danışıb: “Hər şey pula bağlıdır. İndi çox adam iş görmək istəmir. Məsələn mənim bir  klipim var, hələ də baxılır və yaddaşlarda qalıb. Bundan sonra yüz klip çəkdirsəm, ona çatmaz. İndi cavanlar klip çəkdirirlər. Çəkdirsinlər, amma mən çəkdirməyəcəm. Buna ehtiyacım yoxdur”.

 

Əməkdar artist daha sonra sevilməyindən və qalmaqallardan söz açıb: “İndi bir çoxu qalmaqalı xoşlayır. Məni uşaqdan böyüyə çox sevir. Küçədə məni görəndə yaxınlaşıb, sevgilərini bildirirlər. Məni də yaşadan o sözlərdi. Xanım kimi hörmət qazanmışam”.

 

 

İfaçı daha sonra şəxsi həyatından, sevgisindən danışıb: “Anlar olub ki, qadın kimi xoşbəxtliyimi yaşamışam. Amma indi mənim sevgim sənətimdi. İki dəfə ailə qurdum, boşandım. İndi sevdiyim bir şəxs yoxdur. Amma məni sevənlər var. Evlilik təklifləri də olur. Amma mən yenidən ailə qurmaq istəmirəm”.

 

Sənətkar uğursuz evliliyindən danışarkən bildirib ki, həyat yoldaşı ondan ayrılandan sonra müğənni Sevda Əliqızı ilə ailə qurub: “Məndən ayrılandan sonra Sevda ilə evləndi. İndi mənim Sevda ilə münasibətim də yaxşıdır. Buna bəziləri təəccüblənir, məni qınayanlar da çox olub. Amma illər sonra o, Sevdadan da ayrıldı, indi başqa bir ailəsi var”.


Daha sonra reper bildirib ki, bir müddət  öncə intihar etmək istəyib: “Bilirsiniz insan bu həyatda yaşadıqca hər bir fikrə gələ bilər. Bəzən olub ki, işləməkdən, ailə həyatından yorulmuşam, bu qərara gəlmişəm. Amma həyat budur ki, bütün çətinliklərə sinə gəlməlisən. Şübhəsiz ki, özümü güclü insan sayıram. Desəm ki, məni intihar etməyə vadar edən şeylər yoxdur, yalan danışmış olaram. Ümid edirəm ki, hər şey yaxşı olacaq ”.


A.Nağılbaz bildirib ki, artıq borclarını da ödəyib: “Dostlarımın sayəsində borclarımı bağladım. Vaxtı ilə oturub-durduğum, kömək əlini uzatdığım dostlardan biri də mənə kömək olmadı. Ancaq yeni dostlarım mənə kömək etdilər, borclarımı bağladım. Ona görə də həyat bizə çox şeyləri öyrədir”.

 

 

Reper qeyd edib ki, həyatda ən böyük problemlərindən biri də iş tapmaqdır: “ İxtisasca televiziya rejissoruyam. Düz 10 il iş təcrübəm var. AzTV və İTV-də işləmişəm. Amma hazırda işsiz qalmışam. Həyatımda gərginliyi yaradan da işsizliyimdir. Əvvəlki kimi imkanım yoxdur ki, özüm üçün “studio” açım, pul qazanım”.

 

 

A.Nağılbaz bildirib ki, onu iş adı ilə aldadanlar da olub: “İşləmək istəyimlə bağlı statusu paylaşndan sonra 50 yerdən iş təklifi aldım, hətta çağırdıqları yerlərə də getdim. Amma sonda məlum oldu ki, yalan, fırıldaq imiş. Hamısı yalan çıxdı. Amma yenə də dostlarım sağ olsunlar ki, ruhdan düşməyə qoymurlar. Televiziya rejissoruyam, amma rejissor köməkçisi də işləməyə hazıram”.

 

R. Müsəvi isə bildirib ki, müğənnilikdən başqa bir sahədə özünü görə bilmir: “Heç düşünmürəm ki, başqa sahədə olardım. Çünki mən müğənniliklə yaşayıram. İllərdir məni sənətim dolandırıb, yaşadıb. Hər nə eləmişəmsə, müğənniliyimin sahəsində eləmişəm”.

 

 

Əməkdar artist bildirib ki, heç bir zaman plastik əməliyyat etdirməyib: “Mənim 64 yaşım var, heç bir zaman plastik əməliyyat etdirməmişəm. Əməliyyat etdirənə oxşayıram? Bir çoxlarına arzu edirəm ki, bu yaşda mənim kimi qalsınlar. Görün əməliyyat etdirsəm necə olaram. Məndə hər şey təbiidir. Deyirlər ki, niyə belə gözəl qalmısınız? Deyirəm ki, ürəyim təmizdir. Həm də ki, istəmirəm, məni qoca görsünlər. Lazım olanda plastik əməliyyat da etdirəcəm ”.

 

X

XƏBƏRLƏR
BÖYÜT