Saç boyamaq, diş çəkdirmək, dənizdə üzmək, bədəndən qan çıxması orucu pozurmu?
16:40 – 08 İyun, 2017

İlahiyyatçı: "Çimərlik haramdı, kökündə cəhənnəm atəşi var!"

 

“Artıq Ramazan ayını yarılamışıq. Bu günədək oruc tutmayan müsəlmanlar üçün gec deyil, elə sabahdan bu ibadətə başlaya bilərlər. Ziyanın yarısından dönmək də xeyirdir”.

 

APA TV-nin məlumatına görə, bunu  ilahiyyatçı Hacı Fuad Pənahlı “Yaşıl orta” verilişində deyib. Oruc ibadətinin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Hacı Samir Əzizov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. F. Pənahlı bildirib ki,  arzusunda olan insanlar qəlblərini nigaran saxlamayıb,  oruclarını tutsunlar: “ Tutmadıqları oruc üçün isə tövbə etsinlər. Allah özü buyurur  ki, saf  və səmimi tövbəni qəbul edəcəyəm. Müsəlman mənəvi inkişafa, saflaşmağa da can atmalı, eqosuna qalıb gəlməyi bacarmalıdır. Nə qədər ki, “mən”lə  “O” arasında müharibə gedir və  sən “mən” tərəfdə dayanmısansa, deməli “O”nun mərhəmətinə də yaxın ola bilməyəcəksən. Odur ki, daxilən təmizlənmə çox önəmlidir. Saflaşma və Rəbbə təslimiyyət”.

 

İlahiyyatçı qeyd edib ki, dənizə baş vurmaq orucu batil edən hallara daxildir: “Əgər tam bədən deyil, boğazdan aşağı hissə suya batacaqsa, dənizdə çimmək olar. Amma bir məqamı qeyd edək ki, müsəlmana həm Ramazanda, həm də digər aylarda naməhrəmlərin olduğu çimərliyə getmək haramdır. Bu cür çimərliyin kökündə cəhənnəm atəşi dayanır. Kişi yalnız kişilərin, qadın isə yalnız qadınların olduğu çimərliyə gedə bilər. Hətta bu halda belə abırı, isməti aradan aparmayacaq geyimdə olmalıdır”.

 

F.Pənahlı bildirib ki, bədəndən qanın çıxması orucu batil etmir: “ Qan vermək bir şərtlə orucu batil etmir. Əgər müsəlman qan verəndən sonra halsızlaşıb, səhhəti pisləşməyəcəksə, orucu açmaq məcburiyyətində qalmayacaqsa, qan verə bilər. Əks halda bu işi iftardan sonraya saxlamaq lazımdır”. 

 

Digər ilahiyyatçı Hacı Samir Əzizov da mövzu ilə bağlı tamaşaçı suallarını cavablandırıb. İlahiyyatçı Ramazanda diş çəkdirmək məsələsinə aydınlıq gətirib: “Əgər diş çəkdirərkən, yaxud da müalicə alarkən ağız boşluğuna qan, su, dərman, yaxud da başqa bir maye getməyəcəksə, oruc halında diş həkimə müraciət etmək olar”. 

X

XƏBƏRLƏR
BÖYÜT