Adamlar var ki, maraqlı görünmək üçün dinin tənqidinə əl atırlar
17:55 – 08 İyun, 2017

Din və ateizm, elmdə və dində qaragüruhçuluq həmişə mübahisə mövzusu olub.  Çox zaman bu ziddiyyətli fikirlər mübahisə çərçivələrindən çıxaraq daha geniş miqyas alır. İnsanların bir-birinin inancına hörmətlə yanaşması vacib amillərdəndir.  APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında elmdə və dində olan qaragüruhçuluq müzakirə edilib.

  

Filosof Niyazi Mehdi hesab edir ki, maraq görünmək, başqalarından fərqlənmək problemini yaşayan insanlar adətən epataja əl atır, dinin tənqidi yolunu seçirlər: "Dindarların oruc tutmasının acığına belə davranmaq, epotaj kimi də maraqlı deyil. İranda bunu etmək bəlkə də maraqlıdır, çünki İranda bunu etmək məsuliyyətdir. yaxşı olar ki, maraqlı görünməyi epatajla yox, düşüncəli söhbətlə edəsən".

 

Niyazi Mehdi onu da qeyd edib ki, bəziləri orucu elmi cəhətdən tənqid edərək deyə bilər ki, bunun pəhrizlə əlaqəsi yoxdur. "Amma orucun mənası daha çox mənəvi intizamdır. Bu Allahın buyurduğu bir qaydadır. Yəni dinin istənilən ideyası ilə bağlı mübahisə etmək olar. Tənqid etmək olar. Amma tənqidin mənası mənəviyyatı artırmaq olacaqsa, əxlaqı dərinləşdirmək və gücləndirmək olacaqsa, dini tərəfində durursansa, bunun mənası var. Namazı idman əsasında əsaslandırmaq düzgün deyil" - Niyazi Mehdi belə deyib.  

 

İlahiyyatçı Samir Ağayev dinin tənqidini acıq çıxmaqla yanaşı, eyni zamanda insanın tanınmaq istəyi ilə əlaqələndirib: "Bir adam tanınmaq istəyir, onun şəxsiyyət problemi var. Şəxsiyyət çatışmazlığı daha doğrusu. Başlayır təhqir etməyə, qaragüruhçuluq edir. Nəinki dini, qeyri-dini anlayışlarda da təhqir etmək, şəxsiyyəti sındırmaq qəti yol verilməzdir. Hətta Qurani-Kərim bütpərəstlərlə mübarizədə belə təhqirə yol vermirdi". 

 

S. Ağayevin sözlərinə görə Qurani-Kərimin ən göstərdiyti ən gözəl mübarizə metodlarından biri yaxşı şəkildə mübahisə etməkdir.

 

Niyazi Mehdi ateist ailəsində doğulduğunu və Qurani-Kərimin möhtəşəmliyini illər sonra dərk etdiyini vurğulayıb: "Bir faktı deyim. Sovet dövrü dağılır, bizi Mərkəzi Komitəyə çağırmışdılar Quranla bağlı söhbət vardı. Bir az vəziyyət dəyişmişdi. Əvvəlki kobud ateizm yox idi.  Bir müəllim var idi, o da gəlmişdi. Dedi ki, niyə Quranı tərcümə etmirlər? Tərcümə eləyin camaat görsün ki, burada inanmalı bir şey yoxdur, adi bir kitabdır. Yəni Quranın o cüsr qavrayışı tez-tez təkrar olunan bir şey deyil. Quranın zəngin mənalarını duymaq üçün xüsusi mədəniyyət və ya iman lazımdır". 

 

Filosofun hesab edir ki, Qurani-Kərimi deyil, Qurani-Kərimi başqa cür yozanları tənqid etmək lazımdır: "Bizim dindarlar bilməlidirlər ki, dinlə bağlı söhbət edəndə tənqidi söhbətlər olmalıdır və bu tənqidi söhbətlər Allahın ünvanına deyil, sənin necə anlamağının ünvanınadır. Quranın Allahın kitabı olduğunu sübut etmək həmişə aktualdır". 

 

Verilişə telefon bağlantısı ilə qoşulan jurnalist Vüsal Məmmədov bildirib ki,  təkamül nəzəriyyəsi bu gün bəşəriyyətin inkişafını sübut edən yeganə nəzəriyyədir: "Alternativ yoxdur. Yüz min il bundan əvvəl inək olmayıb, Olsaydı, hər hansı bir şəkildə biz onun qalıqlarına, sümüklərinə rast gələrdik. İnək yoxdur və yoxdan bir inək meydana çıxdı. Yoxsa dinin dediyi bütün canlılar cənnətdə var idi və Allah onları cənnətdən deportasiya edib? Təkamülü tənqid eləmək mümkündür. Bunu isə tənqid eləmək mümkün deyil? Dinin dediyinə hansı sübut var?"

 

V. Məmmədov onu da qeyd edib ki, insanın palçıqdan cənnətdə yaranması yanaşması inandırıcı deyil.  

 

Vüsal Məmmədovun yanaşmasına münasibət bildirən Niyazi Mehdinin sözlərinə görə dini kitabların başa düşülməməsi tənqidə səbəb olur: "Kimsə deyə bilər ki, Allah-Təala təkamül prinsipini ona görə qoyub ki, canlılar pillə-pillə yaransınlar. Yenə Allahın yaratdığı mexanizmdir".  

 

Samir Ağayev də Vüsal Məmmədovun səsləndirdiyi fikirlərə münasibət bildirib: "Ümumiyyətlə din barəsində, insanın yaradılması barəsində dinin irəli sürdüyü baxışdan tam mənada, demək olar ki, xəbəri yox idi. Bu məsələlərdən ümumiyyətlə araşdırması olmayan bir insan tipi qənaətinə gəldim. Elmin dediklərini neçə il əvvəl Qurani-Kərimin o cür mükəmməl şəkildə irəli sürməsi insanı düşündürmürmü?"

 

  

 

 

X

XƏBƏRLƏR
BÖYÜT