Yeni binalardakı mənzillərdə niyə kəskin ucuzlaşma müşahidə edilmir?
19:03 – 14 İyun, 2017

“İlin I rübündə ipoteka kreditlərinin bərpası ilə bağlı daşınmaz əmlak bazarında canlanma yarandı. Həmin dövrdə nisbi də olsa aylıq 2-3%-lik qiymət artımı müşahidə edilirdi. Amma aprel ayından sonra qiymətlərin sabitləşməsi prosesi baş verdi. Bu sabitləşmə özünü nisbi qiymət azalması ilə göstərməyə başlayıb”.  

 

Bu fikirləri “Sosium” proqramının qonağı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, aprel ayından müşahidə olunan ucuzlaşma dinamik xarakter daşımır. Bunları əsas gətirən R. Osmanlı qeyd edib ki, ay ərzində daşınmaz əmlak bazarında qiymətlər 2-3% aşağı düşüb: “Düşünürəm ki, yay aylarına doğru qiymətlərin daha dinamik şəkildə azalması müşahidə olunacaq. Bunun müxtəlif səbəbləri var. Bir tərəfdən alıcı qıtlığı yaranır, potensial alıcı bir müddət bazardan çəkilir. Başqa sözlə, potensial alıcıların mövsümlə əlaqədar kənar xərcləri yaranır. Ona görə də yay mövsümündə tələb xeyli aşağı düşür”.

 

Daşınmaz əmlak bazarı üzrə mütəxəssis əlavə edib ki, tələb azaldığına görə alqı-satqı əməliyyatlarının sayı kəskin aşağı düşüb və satışda olan mənzillərin ekspozisiya müddəti artıb. “Ümumilikdə götürsək, son 2-3 il ərzində, yəni birinci devalvasiyadan sonra daşınmaz əmlak bazarında çox ciddi şəkildə alıcı qıtlığı yaranıb. Bunun ardınca, ilin əvvəlində vergi qanunvericiliyində dəyişikliklər, mənzillərin alqı-satqısına görə tətbiq olunan vergilər bu sahədə fəaliyyət göstərən sahibkarlar bazardan çıxdı. Bu da mənzil alqı-satqısı əməliyyatlarının sayı azalıb”, - deyə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri vurğulayıb.

 

Ayrı-ayrı seqmentlər üzrə qiymət dəyişikliyinə gəlincə, R.Osmanlı bildirib ki, təkrar mənzil bazarında qiymətlər 6,2% azalıb. Bunun əksinə olaraq ilkin mənzil bazarında ciddi qiymət azalması müşahidə edilmir. Ekspert bunun səbəblərini belə izah edir: “Əksinə, son 2-3 ilin göstəriciləri ilə müqayisə aparsaq, yeni tikililərdə biz mütəmadi olaraq qiymət artımını müşahidə edirik. Bu artım aylıq göstəricilərdə özünü qabarıq göstərməyə bilər. Amma 3 il əvvəl bir kvadratmetri 600-650 manata təklif olunan ərazilərdə qiymət bu gün minimum 800-850 manat civarında dəyişir. Bu təbii ki, müəyyən mənada ötən dövr ərzində bəzi tikililərin başa çatması və kommunikasiya işlərinin yekunlaşması, qeydiyyat sənədlərinin qaydaya düşməsi ilə bağlı olubsa, bütövlükdə bu həm də bazarda qiymətə nəzarətin təsiridir. Faktiki olaraq bu gün yeni tikililərdə qiymətlər tələb-təklif əsasında deyil, mənzil tikinti kooperativlərinin, mənzil inşaatı ilə məşğul olan şirkətlərin qiymət siyasəti nəticəsində formalaşır”.

 

R.Osmanlı qeyd edib ki, mənzil bazarında olduğu kimi torpaq bazarında da qiymətlər 5-6% aşağı düşüb. Kommersiya obyektlərinin qiymətinə gəlincə: “Qarşıdakı aylarda kommersiya obyektləri, qeyri-yaşayış sahələrinin qiymətlərində azalma gözlənilir. Çünki, son 2-3 ayda kommersiya obyektlərinin təklif portfelinin həcmi artıb. Bu indiki şəraitdə, yəni tələbin azalması fonunda qiymət azalmasına gətirib çıxaracaq”, - deyə R.Osmanlı bildirib.   

 

X

XƏBƏRLƏR
BÖYÜT