Arif Şəmistanlı: "Əsgərə məktub" internet üzərindən ilk layihədir"
16:49 – 19 İyun, 2017

Ötən həftə həm mətbuatda, həm də sosial şəbəkələrdə cəbhədə baş verənlər müzakirə olundu. Erməni ordusunun təxribatı nəticəsində Azərbaycan ordusu şəhid verdi. Ordumuzun şücaəti nəticəsində düşmənin canlı qüvvəsi və texnikası məhv edildi. Bu gün həm də Azərbaycan ordusu geniş miqyaslı təlimlərə başlayır. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində Azərbaycan ordusunun irimiqyaslı təlimləri, həmçinin yeni yaradılmış "Əsgərə məktub" layihəsi barədə danışılıb.

 

Hərbi ekspert Üzeyir Cəfərli ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya gəlişindən öncə yaranan gərginlik gözlənilən idi: "Artıq bizim rəsmilər də bildirirlər ki, biz həmsədrlərdən konkret addım gözləmirik. Nədənsə həmsədrlə özlərinə sual vermirlər ki, Ermənistan silahlı qüvvələrinin, texnikasının Azərbaycan ərazisində nə işi var?"

 

Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, əvvəllər Azərbaycanda ordu ilə xalq arasında olan soyuqluq hökm sürsə də bu gün artıq aradan qaldırılıb: "Aprel hadisələrindən sonra isə bütün xalq ordu ilə bir yerdə olduğunu bildirdi". 

 

"APA Holdinq" və Mover.az-ın "Əsgərə məktub" layihəsindən  danışan "APA Holdinq"in İKT departamentinin direktoru Arif Şəmistanlının deyib ki, www.esgeremektub.com saytı Azərbaycanda internet üzərindən əsgərlərə müraciət edilən ilk layihədir: "Biz düşünürük ki, ən azından hər əsgərə bir məktub yazılmalıdır. Əsasən uşaqlar yazır, məktəb şagirdləri yazır. Xanımlar daha çox yazır. Həddindən artıq ürək-dirək verici mesajlar var".

 

Ehtiyatda olan polkovnik, Şair Ramaldanov bildirib ki, Horadiz uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun uğurlarındandır: "Horadiz əməliyyatında 17 şəhidimiz oldu, 43 yaralı".

 

Dağlıq Qarabağda çoxlu uğurlu əməliyyatların keçirildiyini söyləyən Rey Kərimoğlu televiziya kanallarının onları tam olaraq işıqlandırmadığından şikayətlənib. Qarabağ qazisi eyni zamanda əsgər məktubları ilə bağlı maraqlı bir xatirəsini bölüşüb: "1992-ci ilin yaz ayları idi.  Ağdərə istiqamətində, Qazançının yaxınlığında Təkbalıq deyilən postda idik. Xalq orduya kömək edirdi. Mürəbbə, konservlər göndərirdilər. İndiki kimi ordumuz o vaxt mütəşəkkil deyildi. Bizim posta da xalqın göndərdiyi 3 kilo balon mürəbbə düşmüşdü. Qapağını açandan gördük ki, içində bir salafandır, nə isə var, sapla bağlanıb. Salafanı açdıq, gördük içində bir məktub. Yazılmışdı ki, salam. Mən bu mürəbbəni anamın köməkliyi ilə bişirmişəm. Əgər bunu başqası açıb yeyirsə, haram xoşu olsun. Burnundan gəlsin. Bunu yazan Beyləqan rayonu İsmət Qayıbov adına orta məktəbin 9-cu, ya 10-cu sinif şagird idi".  

 

Üzeyir Cəfərov "Əsgər məktub" layihəsinin XXI əsrdə yüksək nəticə verəcəyini əminliklə vurğulayıb: "Əsgərin bu gün mənəvi sözə, o qidaya çox ehtiyacı var. Bunu davam etdirmək lazımdır, genişləndirmək lazımdır. Hərbi-vətənpərvərlik işi özünü bu cür əməllərdə göstərir".

Şagirdlərin daha çox müraciət etdiyini vurğulayan Şair Ramaldanovun sözlərinə görə, şagirdin bilməlidir ki, onun gələcəyi əsgərin mövqedə durmağından asılıdır: "O şagirdin sabah ana-ata yurdlarına, yəni Qarabağa dönməsi, həmin bu əsgərlərin qəhrəmanlıqlarından asılıdır. İyirmi üç ildir düşmənlə üz-üzə dururuq".

 

Rey Kərimoğlu bildirib ki, 1994-cü ildə atəşkəs sazişi imzalananda orada ermənilərin Kəlbəcərdə qızıl çıxarmaları yazılmamışdı: "Ermənilər Xocalıda aeroport tiksin, Şuşada ev tiksin. Bu yoxdur. Bu olmadığına görə bu müvəqqəti atəşkəsdir. Həmin obyektlər, Azərbaycan silahlı qüvvələrinin arsenalında olan müxtəlif silahlarla vurulmalıdır. Bu ordu hərəkətə keçsə, heç kim onun qarşısını ala bilməyəcək. Ermənilər də bilməlidirlər ki, davamı olacaq, Azərbaycan ordusu öz sözünü deyəcək".

 

Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar "facebook" sosial şəbəkəsi istifadələri üçün çərçivənin hazırlandığı qeyd edən Arif Şəmistanlı, 150.000 nəfərin öz profil şəkillərini dəyişərək həmin çərçivədən istifadə etdiyini deyib: "26 iyunla bağlı çərçivə hazırladıq: "İgid əsgər möhkəm dayan!" Bu sırf sosial layihədir, hamımızın borcudur".    

 

 

 

 

  

X

XƏBƏRLƏR
BÖYÜT