Bu il I sinfə qəbulda hansı yeniliklər var?
17:43 – 19 İyun, 2017

“Hər il olduğu kimi bu il dərs ili başlayana qədər də 6 yaşı tamam olmuş, eləcə də 8 yaşında olan uşaqların I sinfə qəbulu davam edir. Əgər uşağın yaşı 8-dən artıqdırsa, onlar artıq fərdi təhsilə qəbul olunur”.   

 

Bunu “Sosium” proqramlarının qonağı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun məsləhətçisi Tural Mirzəliyev deyib. Onun sözlərinə görə, bu ildən Bakıda keçiriləcək I sinfə qəbul qaydalarında bir sıra yeniliklər edilib. Belə ki, artıq bu ildən valideyn sənəd qəbulu zamanı müəllimi seçmək imkanı da əldə edəcək: “Valideyn mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə elektron ərizəsi təqdim edəcəksə, müəllimi də özü seçə biləcək. Valideyn sistemdə tam olaraq, qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim edir. Bu zaman valideyn övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, məktəblərdə şagirdlərin əlavə müsahibəsi olmayacaq. Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiq edən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair arayış, sağlamlıq haqqında arayışı təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Valideynə qəbz veriləcəksə, deməli onun şagirdi I sinfə qəbul edilib”.

 

T.Mirzəliyev əlavə edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan dövlət məktəbəhazırlıq qrupunda təhsil almayan uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlanıb. İyunun 7-də başlanmış proses iyunun 20-dək davam edəcək. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə keçiriləcək. Digər yeniliyə əsasən, 6 yaşı 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək tamam olan şagirdlərin qəbulunda da dəyişiklik edilib. 6 yaşı tamam olmayan, lakin dövlət ümumi təhsil müəssisələrinə ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak edəcəklər. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya Təminatı Sektorunun aparıcı məsləhətçisi Günel Kərimova bildirib ki, digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. Onun sözlərinə görə, ötən illər ərzində lisey və gimnaziyalara qəbul yalnız müsabiqə əsasında aparılırdısa, bu il bu təhsil müəssisələrinə müsabiqədənkənar qəbul da aparılacaq: “Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziya, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə qəbul üçün valideyn martın 15-dən mayın 31-dək elektron qaydada müvafiq sənədi doldurmalıdır. Şagird qəbul olmaq istədiyi lisey və gimnaziyaların mikroərazisində yaşayırsa, o halda müsabiqədən kənar qəbul olunacaq. Şagirdlər yalnız elektron sistemdə qeydiyyatdan keçərək məktəbə qəbul olacaq. Mikroərazidə yaşamayan şagirdin valideyni elektron sənəd verəndən sonra “müsabiqəyə yazıl” bölməsində qeydiyyatdan keçməlidir. Sonradan şagird iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək. Bu müsabiqə iyunun 6-dan 30-dək davam edəcək.  Ancaq bu məsələdə 3 məktəb istisnadır. Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət gimnaziyasına şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq, müsabiqə əsasında aparılacaq”.

 

T.Mirzəliyev əlavə edib ki, Bakıda yaşı 8-dən çox şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Uşağın yaşı 8-i ötürsə, həmin valideyn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əslini I və IV günlər BŞTİ-də yaradılmış komissiyaya müraciət edərək, şəxsiyyət vəsiqələri təqdim etməlidir: “Bu zaman da valideynlər övladları ilə gətirməməlidirlər. Sistemdə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün də qeydiyyat mümkündür. Bu halda valideyn övladının evdə təhsil alması üçün 3-cü və 5-ci günlər 368 saylı məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər”. 

X

XƏBƏRLƏR
BÖYÜT