Ağrıdan əllərini gəmirən, başını divarlara çırpan 7 yaşlı Zəhranın - Həyat Dramı
13:13 – 20 İyun, 2017

Adı Zəhradır. Cəmi 7 yaşı var. Balaca Zəhra anadan olandan əziyyət çəkir. Nə danışa, nə də fikrini izah edə bilir. Çox vaxt əsəbləri onu üstələyir. Hələ anlamır bəlkə də nə olduğunu. Danışmaq, oynamaq istəyir, amma xəstəliyi normal uşaqlıq yaşamasına imkan vermir.

 

Sabirabad rayonunun Qalağayın kəndində yaşayır Zəhragil. Ailəsinin bizə müraciət etməsinin səbəbi də illərdi mübarizə apardıqları bu xəstəlikdir. Zəhra doğulduğu gündən bu yana atası, anası, babası, nənəsi onunla birgə mübarizə aparırlar. Ancaq yenə də nəsibləri bu acınacaqlı mənzərədir. Valideynləri deyirlər ki, balaca Zəhranın sağalması Allahın ümidinə qalıb. Onu hansısa möcüzə xilas edə bilər. Onlar " möcüzə" deyəndə imkanlı adamların 7 yaşlı Zəhraya yardım etmələrini nəzərdə tuturlar. Yəni kimsə xeyirxah iş görüb Zəhranı müalicə etdirmək üçün yardım əlini uzatsa, ailə bunu möcüzə hesab edəcək. Zəhra, kranioserebral disproporsiya psixi-nevroloji xəstəlikdən əziyyət çəkir. Balaca qız danışmır, beyin sıxılmalarından əllərini gəmirir, başını yerə çırpır və qışqırır. Zəhra anasını çağıranda da əsəbi çağırır. İstənilən hərəkətində bu balanın nevroloji xəstə olduğu aydın görünür.

 

Onun atası ilə anası yaxın qohumdurlar, bibioğlu dayıqızı. Zəhranın bu cür doğulmasını da həkimlər bu qohumluqla əlaqələndirirlər. Mahir və Ramilə Nəsirovların nikahından 2010-cu ildə dünyaya gələn Zəhra ailənin yeganə övladıdır. Həkimlər ailənin bundan sonra övladı olacağına ümid vermirlər. Uzun müddət hansısa virusun təmizlənməsindən müalicə 27 yaşlı Ramilənin səhhətində baş verən ağırlaşmalardan sonra bir daha ana ola bilməsi sual altındadır. Zəhra bir neçə klinikada müalicə alıb. Özü də ucuz başa gəlməyib bu müalicələr.  

 

Zəhra babasını ürəyi hesab edir. Soruşanda “baba sənin nəyindir ?”,  ürəyini göstərir bu balaca qızcığaz. Nəvəsinin sağalması üçün baba da az iş görməyib. Nəyi var, hamısından keçib uşağın səhhətini yaxşılaşdırmaq, əzablarını yüngülləşdirmək üçün. Nəvəsinin xəstəliyi artıq onun özünün də səhhətini korlayıb. Ürəyi ağrıyır nəvəsinin bu halına görə. Zəhraya baxanda göz yaşlarını saxlaya bilmir, kömək diləyir imkanı olan hər kəsdən. Bir də əllərini Allaha açıb nəvəsi üçün dua edir tez-tez. Zəhranın babası Tahir Nəsirov müraciət edir: “Kimlərin imkanı var, onlardan kömək diləyirəm. İki qızım var, bir oğlum. Bu da oğlumun tək övladıdır. Onun sağalmasını istəyirəm”.

 

Zəhranın gözlərindəki ifadə kiçicik ürəyində hansı hisslər keçirdiyindən xəbər verir. Onun yaşıdları məktəblidir artıq. Zəhra isə körpəlikdən bəri çox şeylərdən məhrum olub. O danışılan hər şeyi başa düşür, anlayır, öz istəklərini isə yalnız hərəkətləri ilə göstərə, izah edə bilir. Uzun-uzadı bir nöqtəyə baxır, o baxışlarda onun yaşıdlarının görə bilməyəcəyi dərinlik insanı incidir. Bu cür baxışlar üçün hələ çox balacadır Zəhra.

 

Doğulduğu gündən bu yana yaddaşına ancaq xəstəxana otaqları, iynə-dərman həkk olunub Zəhranın. Nənəsi deyir ki, sağalması üçün yer qalmayıb aparmadıqları. Demək olar ki, bütün klinikalara aparılıb, müəyyən müalicələr alıb. Həyatının parklarda, əyləncə mərkəzlərində keçməli dövrünü şəhərdəki klinikalarda, həkimlərin qəbulunda keçirib Zəhra... Onun dərdinə əlac tapmaq üçün qonşu İran İslam Respublikasına da üz tutub ailə. Ancaq uşağın səhhətində ciddi irəliləyiş əldə edə bilməyib. Yalnız onun yeriməsinə və 3-4 kəlmə “ana, baba” sözlərini deməsinə nail olunub. Artıq ailənin maddi vəziyyəti uşağın bundan sonrakı müalicələrini davam etdirməyə imkan vermir.

 

Zərifə nənə yeganə oğul nəvəsinin halına acıyır. Onun anadan olandan 7 illik həyatında dözdüyü çətinlikləri yada saldıqca ürəyi dözmür. Hönkürtü ilə ağlayan nənə, Zəhranı bağrına basır. Çarəsizdir... Zəhranın böyüdüyünü, amma inkişaf etmədiyini görmək ailənin digər üzvləri kimi nənəyə də çox ağır gəlir... Zəhranın halına heç bu ailədən olmadan da acımaq mümkündür. Kənardan belə bu mənzərəni seyr etmək çox üzücüdür. Əlbəttə ki, bu daha çox bir ailənin faciəsidir. Hər gün Zəhranı görmək, onun ağrı-acısının şahidi olmaq, sarsıntılarını seyr etmək doğrudan da can yandıran haldır. El arasında belə hallara "dözülməz dərddir" deyirlər. Amma bu dözülməz dərd heç də sağalmayan yara deyil. Zəhranın dərdinin çarəsi, ailənin yarasının məlhəmi sadəcə pula  bağlıdır. Müalicəsi üçün maddi yardım edən olsa, Zəhranın da digər həmyaşıdları kimi normal uşaqlıq yaşamaq şansı var. Amma hələ ki, illər çox böyük sürətlə Zəhranı hər kəs kimi olmadığını daha aydın anlamaq dövrünə çəkib aparır. Böyüdükcə təkcə ağrıları, sarsıntıları yox, həm də vəziyyəti - digər həmyaşıdlarından fərqi onu incidəcək. Onun tam sağaıb normal həyat yaşaya bilməsi sözsüz ki, müalicəsinin gedişindən bəlli olardı. Əlbəttə ki, belə bir müalicə başlanarsa...

Hər halda həkimlər müalicə alarsa, Zəhranın sağalmasına ümid olduğunu deyirlər. Bu ümidin gerçəyə çevrilməsi, doğmalarının arzusunun çin olması üçün isə ailəyə kömək lazımdır. Zəhranın anası Ramilə xanımın bir daha ana ola bilməyəcəyi də bu ailənin ürək ağrıdan dərdinə çevrilib. Zəhradan sonra yenə uşağının olması üçün qadın bir sıra müalicələr alsa da, heç bir faydası olmayıb.  

 

Bu azmış kimi, 61 yaşlı Tahir baba da mədə xərçəngindən əməliyyat olunub. Daha çox meylini saldığı babası ilə gəzməyi xoşlayan balaca Zəhra, onun xəstə olmasını heç anlamır da. Qızcığaz hər imkanda babasının əlindən tutub onu gəzməyə aparmasını təkid edir. Zəhranın sağalması üçün ailə mal-heyvanını satıb onun müalicəsinə sərf edib. Hətta həyətdə olan çardağı da satıb, pulunu dava - dərmana xərcləyiblər. İndi daha bu ailənin müalicə üçün satmağa nə heyvanı, nə də ikinci çardağı var. Yalnız  xeyirxah insanlara olan ümidə söykənib mübarizəni davam etdirir bu ailə. Bu cür həyat yaşaması Zəhra balanın öz seçimi deyil əlbəttə. Amma qismətində belə bir yaşamaq varmış - deyib bu qızcığazın üzərindən xətt çəkmək də düz olmaz. Çünki o bir insandır. Həm də bundan sonra övladı olmayacaq bir ailənin ilki və sonbeşiyi olan insan. Bundan sonra nə bacısı, nə də qardaşı olacaq bir övlad, bir ailənin işığını yandıracaq sonuncu ümididir Zəhra.

Bir belə insanın gözünü dikdiyi bu uşağın heç olmasa bundan sonra normal həyat yaşamasını təmin etmək, bütövlükdə bu ailənin həyatını da dəyişə bilər...

 

Hələ Zəhra anlamır nələr baş verdiyini. Kim bilir, bəlkə ağlı ilə olmasa da körpə ürəyi ilə həyatı elə belə də qəbul edir bu qızcığaz. Bəlkə o, elə bilir ki, həyat elə belə olur. Hamı belə yaşayır. Bütün uşaqlar ağrıdan əllərini gəmirirlər, başlarını hara gəldi çırpırlar. Bəlkə o, elə bilir ki, böyüklərinin tez-tez işlətdiyi yaşamaq uğrunda mübarizə deyilən şey elə budur... Olsun, qoy Zəhra uşaq ağlı ilə, balaca ürəyi ilə nəyi necə bacarır elə də qəbul etsin. Ailə isə indi ümidini Zəhranın balaca ürəyinin nə vaxtadək bu əzablara dözə biləcəyindən daha çox, imkanlı insanların böyük ürəklərinin bu dərdə dözməyəcəyinə bağlayıb...

 

Zəhranın müalicəsinə kömək etmək, bu balanın sağlam, rahat yaşamasını istəyən insanlar göstərilən bank hesabına pul köçürə və onun sağalmasına dəstək ola bilərlər.   

 

Valyuta:                          AZN
Benefisiarın Bankı:         Kapital Bank ASC Sabirabad rayon filiali
Filialın Kodu:                  200446
VÖEN:                            9900003611
SWIFT kod:                    AIIBAZ2X
Müxbir hesab:                AZ37NABZ01350100000000001944
Benefisiarın adı:            MAHİR NƏSİROV TAHİR OĞLU
Hesab №                       AZ57AIIB41010019440201914144

Ünvan: Sabirabad şəhəri, H. Əliyev prospekti 33
Tel: (021) 235 53 38, (021) 235 50 54, (021) 235 51 07

X

XƏBƏRLƏR
BÖYÜT