Tanınmışlar və yol polisi: kim kimi incidir?
15:28 – 21 İyun, 2017

Bir neçə gün bundan əvvəl tanınmış müğənni Nigar Camalın Yol Patrul Xidməti əməkdaşları haqqında yazdığı status çox geniş şəkildə müzakirə olundu. Məhz bu səbəbdən APA TV-nin "İlham Tumasla 40" dəqiqə layihəsinin növbəti buraxılışında tanınmışlar və yol polisləri mövzusuna toxunulub. Kim kimi incidir? Tanınmışlara xüsusi bir imtiyaz olmalıdırmı? Verilişdə bu suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, yol polisinin fəaliyyətində müəyyən xoşa gəlməyən məqamlar var: "Elementar, təlimatda hər şey yazılıb, vətəndaşlara necə yaxınlaşmaq lazımdır və yaxınlaşarkən nələri etmək lazımdır. Məsələn birbaşa mənə yaxınlaşdı və dedi ki, sənədləri ver görüm. Amma qanunda belə yazılmayıb. Vətəndaşa yaxınlaşırsan, əsgəri salam, özünü təqdim edirsən və səni niyə saxladım deyəndən sonra sənədlər təqdim edilməlidir". Hüquqşünasın sözlərinə görə polislə sürücü arasında konfliktlərin baş verməməsi üçün hər iki tərəf olaraq yanaşmaların dəyişilməsi vacibdir.

 

Rəqqasə Oksana Rəsulova deyib ki, tanınmış simalara cəmiyyət tərəfindən həmişə cüzi də olsa imtiyaz olmalıdır: "Dövlət yol polisi hər zaman məni saxlayanda, məsələn çəkilişlərə tələsirik, haradasa tədbirlər olur ki, tələsirik, baxmırıq, görmürük nişanları. Halbuki, görməliyik. Sağ olsun yol polisləri, həqiqətən sağ olsunlar ki,  bizi, tanınmış simaları görəndə onlar başa düşürlər. 1999-cu ildən avtomobil sürürəm və bir dəfə böyük bir qəzaya düşmüşəm, o da mənim səhvim olmayıb. Yəni qoy protokol yazılsın, çox vaxt protokol yazmağa da vaxtım olmur".  Oksana Rəsulova hazırda maşın sürmədiyini və sonuncu dəfə bir il bundan əvvəl cərimə ödədiyini bildirib.

 

Hüquqşünas Habil İsgəndərovun sözlərinə görə qanunvericiliyin özündə də yüngülləşdirici hallar mövcuddur: "O da yenə fərdə münasibətdə və hadisəyə münasibətdə qanunvericiliyi nəzərdə tutaraq, aşağı-yuxarı hədləri müəyyənləşdirir. Yol hərəkəti qaydalarında qanunvericilik tənbeh etmək məqsədi güdür. Müəyyən imtiyazlar olmalıdır, güzəştlər olmalıdır fikri ilə razılaşmıram. O cür yanaşılsa ondan sənət adamları bir cür tanınmışdır, imtiyaz istəyirlər, siyasət adamları bir cür tanınmışdır, imtiyaz istəyirlər, tibb sahəsində çalışanlar bir cür imtiyaz istəyə bilərlər".

 

Oksana Rəsulova bildirib ki, əgər sənət adamı yol hərəkəti qaydalarını kobud şəkildə pozursa, burada hər hansı imtiyazdan söhbət gedə bilməz, o cəriməsini ödəməlidir. 

 

Gənc bəstəkar İlahə Qismət hesab edir ki, yazılmış qanunlar olduğu kimi, yazılmamış qanunlar da mövcuddur: "Sağ olsunlar, həmişə hörməti görürük. Hətta bir dəfə olub ki, qoşa xətti belə saxlayıblar yolu, xanım dövlət tədbirinə tələsir, buyurun. İkitərəfli yolu saxladılar, döndük. Fikrimcə hörmət olunmalıdır. Təbii ki, çərçivədə. Əgər birinin həyatına xəsarət yetirəcək dərəcədə deyilsə".

 

     

 

Verilişə telefon vasitəsilə qoşulan müğənni Nigar Camal yol polisi tərəfindən saxlanıldığı zaman heç vaxt məşhurluğundan istifadə etmədiyini söyləyib.

 

Ərşad Hüseynov deyib ki, əgər yol polisinin sanksiya tətbiq etmək səlahiyyəti olmasa, o pioner təşkilatına çevrilər: "Amma sanksiya tətbiq etmək səlahiyyəti qanun çərçivəsində olmalıdır".     

X

XƏBƏRLƏR
BÖYÜT