Hansı gün oruc tutmaq haramdı? Fitrə pulu necə hesablanır?
16:26 – 22 İyun, 2017

Qədr gecələri Quranı başa qoymaq doğrudur, yoxsa islama ziddir?

 

“ Ramazan insanı islah edən və müsəlmanlar üçün böyük fürsətlərin olduğu aydır”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Abdullaoğlu “Yaşıl orta” verilişində deyib. Ramazan bayramının müzakirə olunduğu verilişdə digər ilahiyyatçı, qari Ruslan Qasımov da iştirak edib. Qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər. R. Abdullaoğlu bildirib ki, Ramazandakı fürsətlər başqa heç bir ayda yoxdur: “ “Qurani-Kərim” Ramazanda nazil olub, qədr gecələri bu aydadır. Unutmayaq ki, bütün ibadətlərin əsas hədəfi təqvadır. Təqva ibadətlərin son mərhələsidir. Əgər bir insan təqvaya gedib çatmırsa, Ramazan ayından ona qalan ancaq aclıq və susuzluq olacaq”.

 

İlahiyyatçı qədr gecələrində başın üzərinə “Quran” qoyulmasına da aydınlıq gətirib: “ Bu Ramazan ayının, xüsusilə qədr gecələrinin mərasimlərindən biri hesab olunur. Bu barədə ayələrdə bir məlumat olmasa da, hədislərdə “Quran”ın baş üzərində qərar verilməsindən bəhs olunur. Bu zaman müəyyən dualar da oxunur. Vacib əməl deyil, yəni kimsə “Quran”ı başı üzərinə qoymursa, günah qazanmır. Bu həm də Qurana qarşı sevgi, hörmət, ehtiramın simvolikasıdır.Ümumən isə islama zidd əməl deyil”.

 

Qari Ruslan Qasımov da mövzu bağlı sualları cavablandırıb. O bildirib ki, “Qurani-Kərim”i oxumaq birbaşa Allahla söhbət etmək deməkdir: “Hədislərdə buyurulub ki, “Quran”ı elə oxuyun ki, elə bil sənin özünə nazil olub. Tək Ramazanda deyil, digər günlərdə də “Quran” oxumaq tövsiyyə olunur. Bildiyiniz kimi müqəddəs kitabımız qədr gecəsi nazil olub. Bu gecənin böyük fəziləti var, bağışlanma üçün fürsətdir. O gün bağışlanmasaq, ümid yoxdur gələn Ramazanda biz sağ olacağıq, yoxsa yox. Odur ki, qədr gecələrini faydalı keçirmək çox önəmlidir”.

 

R. Qasımov oruc ibadətinin önəmi və savabı barədə də ətraflı məlumat verib: “Dinimizə görə ən böyük cihad nəfsimizə qarşı olan cihaddır. Ramazanda oruc tutmaq nəfsin cihadıdır”.

X

XƏBƏRLƏR
BÖYÜT