Media qurumları arasında əməkdaşlıq: APA-ASAN RADİO nümunəsi
16:51 – 22 İyun, 2017

Bu günlərdə APA Holdinqlə ASAN Radio arasında qarşılıqlı anlaşma barədə memorandum imzalanıb. Memorandumda iki media qurumunun əməkdaşlığı,  geniş informasiya mübadiləsi və digər bir sıra mühüm məsələlər öz əksini tapıb. APA TV-nin “Bizim həftə” layihəsinin növbəti buraxılışında sözügedən memorandumun əhəmiyyəti, onun Azərbaycan mediasındakı rolu müzakirə edilib.

APA Holdinq Direktorlar şurasının sədri Nurşən Quliyev bildirib ki, memoranduma görə APA Holdinq ASAN Radioya informasiya dəstəyi verməlidir: “Müəyyən məsələlər var ki, onların müzakirəsi zamanı bizim əməkdaşımız, istər rəhbərlik, istərsə də müxbir səviyyəsində olsun, həmin o verilişdə iştirak edib, fikirlərini bölüşə bilər. Eyni zamanda bizim bölgələrdə və xarici bürolarda olan əməkdaşlarımızın ASAN Radioda efirə çıxması üçün müəyyən öhdəliyimiz var. Bundan başqa bizim xəbər təhcizatında da ASAN Radioya yardımımız var”.

ASAN RADİO departamentinin rəhbəri Emin Musəvi deyib ki, onsuz da ASAN Radio APA Holdinqə daxil olan APA TV və digər xəbər portallarının məlumatlarına istinad edirdi: “APA Holdinqin hələki radiosu yoxdur, ona görə biz də fikirləşdik ki, məlumatları, maraqlı laiyhələri və jurnalist araşdırmalarını daha geniş auditoriyaya çatdırmaq üçün düşündük ki, bizim həmkarlarımız üçün bax bu maraqlı olar. Biz də yeni radio olduğumuz üçün bu əməkdaşlığa başladıq”.

Azvision.az saytının rəhbəri, jurnalist Vüsal Məmmədov hesab edir ki, Azərbaycanda peşəkar jurnalistika bir-birinə dəstək olmalıdır: “Jurnalistikada qeyri-peşəkarlıq həddindən artıq çoxdur, istər saytlarda, istərsə də efir mediasında. Ona görə də peşəkarlar bir yerdə olmalıdır, bir-birinin irəli getməsi üçün imkan yaratmalıdır ki, qeyri-peşəkarların qarşısı bir az kəsilsin.Bu baxımdan hesab edirəm ki, bu cür rəsmiləşdirmə həm də niyyət ifadəsidir. Cəmiyyətə verilən əsas mesaj bu olub”.

Nurşən Quliyev sözlərinə görə peşəkarların bir araya gəlməsi bu sahəyə təsadüfi düşmüş insanlar üçün maneə ola bilər. Əməkdaşlıqda maliyyə baxımından problem görməyən N. Quliyev gələcəkdə də bu cür problemlərin olmayacağı fikrindədir. “ASAN Radionun radio olaraq fəaliyyəti də fərqlidir. Hələ ki, biz ASAN Radionu APA Holdinqin bir radiosu kimi qəbul edirik və əməkdaşlıq edirik” – Nurşən Quliyev belə deyib.

Auditoriya baxımından maraqların kəsişmədiyini söyləyən Vüsal Məmmədov bu əməkdaşlığın, həm də radio vasitəsilə məlumatların alınması basımından faydalı olacağını söyləyib.

Emin Musəvi gələcəkdə APA Holdinqlə ASAN Radionun birlikdə böyük layihələrə imza atacaqlarını da söyləyib: “Maraqlı media layihələrlə cəlb etməyi bacarmalıdır, pul qazanmalıdır. Sabah biz hansısa böyük şirkətlər üçün ideya ilə birgə çıxış edəndə, o deyə bilər ki, bu harada gedə bilər? Biz deyəcəyik ki, ASAN Radioda. Amma bizdən də tez başlayan internet portallarının bir hissəsi APA Holdinqə məxsusdur. Mən düşünürəm ki, normal biznesmen “hə” cavabı deyəcək”. Emin Musəvi onu da vurğulayıb ki, APA TV ASAN Radioda veriliş hazıryala bilər.

Vüsal Məmmədov deyib ki, milli maraqları, yəni dövlətin maraqlarını  auditoriyanın maraqları ilə peşəkarcasına uzlaşdırmaq mümkündür: “Biz bunu son bir neçə ildə bəzi peşəkar media qurumlarının təcrübəsində görürük”.

Milli maraqlar məsələsinə münasibət bildirən Nurşən Quliyev deyib ki, jurnalist ilk növbədə vətəndaşdır və vətəndaş mövqeyinə xidmət etməlidir: “Jurnalist o zaman peşəkar olur ki, xidməti dövlətə, dövlətçiliyə fayda gətirsin”.

 

X

XƏBƏRLƏR
BÖYÜT