Böyük Vətən müharibəsi: bizimdir, yoxsa yox?
15:01 – 23 İyun, 2017

Düz 76 il bundan əvvəl Almaniya Sovetlər Birliyinə hücum elədi. Böyük Vətən Müharibəsi adlandırılan həmin müharibə ilə bağlı bu gün də mübahisələr davam etməkdədir. Bəziləri hesab edir ki, əslində o bizim müharibəmiz deyildi. Hətta bəziləri hesab edir ki, ümumiyyətlə SSRİ bizim vətənimiz olmayıb. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışı bu mövzuya həsr olunub.

 

Vahid Azərbaycan Kommunist Partiyasının Baş katibi Musa Tukanov hesab edir ki,  Böyük Vətən Müharibəsi eyni zamanda Azərbaycanın müharibəsidir: "400.000-ə yaxın Azərbaycan vətəndaşları canını orada qurban verdi. Bu fakt sübut edir ki, bu vətən müharibəsi idi. Onlar bütün dünyanı faşizmdən azad elədilər. Vətən uğrunda saymasaq, o insanlarına ruhuna hörmətsizlik kimi olar".

 

Tədqiqatçı Dilavər Əzimli məsələyə belə münasibət bildirib: "Mən tutaq ki, desəm ki, Böyük Vətən Müharibəsi deyil, atama münasibətdə bunu qəbul eləməliyəm ki, Böyük Vətən Müharibəsidir. Bu gün mənimlə övladım arasında bu müqayisəni aparsam, eyni şey gəlib çıxacaq". Dilavər Əzimli hesab edir ki, dünyanı gələcəkdə solçuluq qurtaracaq: "Dünyanı xüsusi mülkiyyət yox, ümumi mülkiyyət qurtaracaq".

 

 Politoloq Adıgözəl Məmmədov da hesab edir ki, Böyük Vətən Müharibəsi vətən müharibəsi idi: "Amma böyük itkilərin səbəbləri də həmin kommunist baş duranlarının səbatsızlığının nəticəsi idi".

 

Musa Tukanov deyib ki, Böyük Vətən Müharibəsinin qalibiyyətin səbəbi kommunist ideologiyasının mövcud olması idi. Legionerlər məsələsinə münasibət bildirən Tukanovun hesab edir ki, faşistlərlə birlikdə olduqlarına görə onları qəbul etmək olmaz.

 

Dilavər Əzimli legioner məsələsinə münasibət bildirməzdən əvvəl, onun baş vermə səbəblərindən danışıb: "30-cu il hadisələri, 37-ci hadisələri... Baş verən neqativ münasibətlər. İnsanlar həmin sistemi xilas yolu kimi görürdülər. Onunla birləşib yenidən müstəqilliklərini qurmaq istəyirdilər. Eyni zamanda hesab edirəm ki, həmin şəxslərə satqın demək düzgün deyil".   D. Əzimli həmçinin vaxtilə əmisinin bu müharibədə iştirak etmədiyini, dağlarda gizləndiyini, SSRİ dövlətini dövlət olaraq tanımadığını vurğulayıb.

 

"Əslində müharibə faktiki olaraq kapitalist dünyası ilə sosialist dünyası arasında gedib. Müharibəni kim yaratdı? Kapitalist dövlətləri. Kapitalist dünyası da müharibəsiz yaşaya bilməzdi" - Musa Tukanov belə deyib.  

 

Adıgözəl Məmmədov legionerlərə milli-vətənpərvərlik baxımından haqq qazandırmadığını bildirib: "Guya faşist Almaniyası onlara müstəqillik verəcəkdi? Burada əqidə deyilən bir şey var. Kişilik deyilən bir şey var. Get otur kiminsə qucağında, bu kişilikdir? Çoxu rus dilini bilməməkdən əsirliyə düşürdülər".  SSRİ-Almaniya münasibətlərinə toxunan Adıgözəl Məmmədov deyib: "Stalin o qədər almanlarla yaxınlaşmışdı ki, hətta Almaniya Səfirliyi Hitlerin hakimiyyətə gəlməyini təntənəli şəkildə qeyd edir həmin  tədbirdə Beriya səviyyəsində təmsil olunurdu. Böyük dahilər yetişdirmiş alman xalqı necə oldu ki, nasional-sosialistlərin təsirinə düşdü? necə oldu bu ideologiyanın təsirinə düşdü? Yetərincə alman xalqının içərisində insanlar var idi ki, bu nasional-sosializmə qarşı çıxış edirdilər". 

  

X

XƏBƏRLƏR
BÖYÜT