30 iyun: sevgi və sədaqət günü
15:14 – 30 İyun, 2017

İyun ayının 30-u artıq bir neçə ildir ki, Azərbaycanda sevgi, sədaqət günü kimi qeyd olunur. Məhz həmin tarix, 20 yanvar şəhidləri İlham və Fərizənin toy mərasimlərinin keçirildiyi gündür. Bəs biz nə üçün bu tarixi qeyd edirik? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında sevgi gününün mahiyyətindən danışılıb.

 

Müğənni Roza Zərgərli deyib ki, 30 iyun tarixi hələ rəsmi qeyd edilməsə də, gənclər artıq onu sevgi günü kimi qeyd edirlər. Müğənni bu tarixin sədaqət günü kimi qeyd edilməsinin tərəfdarıdır: "Çünki sədaqətinin içində sevgi də var, uzun illərə dəlalət edən bağlılıq da var. Mənə elə gəlir ki, sədaqət günü heç bir dövlətin təqvimində rəsmi olaraq yoxdur. Gənclər artıq bu tarixi özü üçün sədaqət sevgi gününə çevirirsə, deməli bu tarix var. Əgər hər gənc bir-birinə dəstək olsa, bu bayram gələcəkdə böyük miqyasda keçirilə bilər".

 

Əməkdar artist Ağalar Bayramın sözlərinə İlham və Fərizə sevgisi dünyada nadir rast gəlinən sevgi dastanıdır: "İnanıram ki, bu möhtəşəm, üz ağardan hadisəyə dövlət bir gün son sözünü deyəcək və sevgililər günü kimi təqvimə salınacaq". 

 

Qarabağ qazisi Rey Kərimoğlu 30 iyun sevgi günü ilə bağlı ənənəvi olaraq keçirilən tədbirdən danışıb: "Şəhidlər xiyabanının yanında Vətən Müharibəsi Veteranlarının ofisi var. Məqsədimiz o idi ki, cəmiyyətə mesaj verək ki, bu gün var və bu gün də sevgi günüdür".

 

Şair İbrahim İlyaslı da bu fikirdədir ki, İlham və Fərizə hadisəsi sevgi ilə bərabər, cəmiyyətə sədaqət mesajıdır: "Bu hansısa təşkilatın sosial sifarişi kimi ortaya çıxmayıb, bu tarix xalqın içindən ortaya çıxdı. Nə xoş ki, bu təklifin önə çıxmasında millətimizin gəncləri mühüm rol oynadılar". İbrahim İlyaslı hesab edir ki, bu sevginin ədəbiyyatda dastan kimi yer alması çox vacibdir.

 

Roza Zərgərli deyib ki, bu tarix Azərbaycan tarixinin mərdliyi, vətənpərvərliyi və ailəyə bağlılığının rəmzidir: "Fərizə kimi belə Azərbaycan qadınları çoxdur, İlham kimi azərbaycanlı kişiləri çoxdur. Bir qadın sevgisi üçün canından keçirsə, bu artıq bir dastandır. Azərbaycan ziyalısı bunu dərindən düşünməlidir. Bu tarix təkcə 30 iyunda deyil, ilboyu təbliğ edilməlidir".

 

Rey Kərimoğlunun sözlərinə görə dövlət tərəfindən cür tarixlər rəsmi olaraq qeyd edilməsə də, həmin gün silsilə tədbirlərin keçirilməsi dövlət tərəfindən dəstəklənməkdədir: "Bununla bağlı ailəsinin məktubuna rəsmi olaraq cavab verilib".

 

İbrahim İlyaslı hesab edir ki, bu tarix digər türk cümhuriyyətlərində də qeyd olunmalıdır: "Çünki İlham və Fərizə bütövlükdə millətin göstəricisidir. Bu təkcə azərbaycanlılıqdan ibarət deyil".

 

Roza Zərgərli bu fikirdədir ki, İlham və Fərizə arasındakı münasibət dünyada nadir rast gəlinən sevgilərdəndir.

 

İbrahim İlyaslı isə deyib ki, İlham və Fərizə sevgisi vətənə olan məhəbbətdən irəli gəlib: "Fərisə İlhama sevgisini vətən məhəbbəti üzərindən getdi. Məhəbbət naminə bunlar birləşib salamat qala bilərdilər. Amma məhəbbət naminə canlarını fəda etdilər".      

X

XƏBƏRLƏR
BÖYÜT