Türkün şəxsiyyət vəsiqəsi - “Kitabi-Dədə Qorqud” dastanı!
18:24 – 30 İyun, 2017

Türk tarixinin ən dəyərli yazılı mənbələrindən biri - DƏDƏ QORQUD EPOSU

APA TV-nin “Səsli tarix” proqramının son buraxılışı tariximizin çağlayan bulağı hesab edilən Dədə Qorqud eposuna həsr olunub. “Dədə Qorqud” eposu dövrümüzə “Kitabi Dədəm Qorqud ala lisani tayfeyi oğuzlar” adı ilə gəlib çıxıb. Yəni, “Oğuz tayfalarının dilində olan Dədə Qorqud dastanları” Bu yaxınlara qədər dastanın tapılma tarixi XIX yüzillik hesab edilirdisə, son tədqiqatlar göstərir ki, hələ XVIII yüzillikdə Avropada bu əsərlə Fleyşer tanış olmuşdu. Sonradan isə dastanın 12 qolu, yəni “Drezden nüsxəsi” və keçən əsrin 50-ci illərində Vatikanda Etoro Rossi tərəfindən aşkar edilən Vatikan nüsxələri gəlib çıxıb. Bu nüsxələrdəki 6 boy Drezden nüsxəsindəki 12 boyla demək olar ki, eynidir. Lakin istər dil üslubu baxımından, istərsə də bəzi əlavələrə əsasən demək olar ki, Vatikan nüsxəsi nisbətən sonrakı dövrlərdə, yəni XV-XVI yüzilliklərdə qələmə alınıb. Hadisələr isə təbii ki, nə XI-XII əsrlərdə, nə də XV-XVI əsrlərdə cərəyan etmir. Dastanın giriş hissəsində belə bir cümlə ilə rastlaşırıq: “Peyğəmbər Əleyhissəlam zamanına yaxın Bayat boyunda Qorqud ata deyilən bir boy qopdu” Bu isə onu göstərir ki, dastanın əsas personajı olan Dədə Qorqud Məhəmməd peyğəmbərlə eyni əsrdə, yəni VI-VII yüzilliklərdə yaşayıb. Hətta bu da qeyd olunur ki, “dövrünün o ki bilicisi idi, qeybdən dürlü xəbərlər söyləyərdi”.  Bu baxımdan inam kompleksinə görə ola bilsin ki, Dədə Qorqud eyni zamanda qədim türk inanclarında mühüm yer tutan şaman funksiyasını yerinə yetirən bir şəxsiyyət olub. Biz onu “alqışı alqış, qarğışı qarğış olan” bir şəxsiyyət kimi də tanıyırıq.

 

“Dədə Qorqud” eposu ilə eyni adlı film arasında hansı fərqliliklər var?

 

Çox təəssüf ki, bizim nə qədər ki, dastanı oxumamışdıq, epos haqqında təsəvvürlərimiz eyni adlı film əsasında formalaşmışdı. Təbii ki, o dövr üçün həmin filmin çəkilməsi çox mühüm bir hadisə idi. Sovet hakimiyyəti illərində, xüsusilə 50-ci illərdə “Dədə Qorqud” dastanına burjua dastanı damğası vurulmuşdu, belə tərif edilən bir dastan  əsasında film çəkilməsi müsbət qiymətləndirilməlidir. Film 70-ci illərdə milli ruhun yüksəlməsinə müəyyən rol oynasa da, bəzən filmdə bədiiliyin artırılması ilə dastanın əsas məğzi üst-üstə düşmür. Hətta personajların özündə də dastanla fərqlilik çoxdur. Məsələn, filmdə Tural obrazı var, dastanda isə belə obraz yoxdur. Qazan xanın oğlunun adı Uruzdur. Digər tərəfdən düşmən obrazının seçilməsi. Oğuzların düşməni kimlərdir? Dastanda oğuzların əsas düşməni Sası dinli adamlar kimi təqdim olunur, filmdə isə düşmən obrazında başqa bir türk xalqını - qıpçaqları görürük. Düzdür, qıpçaqlarla oğuzların arasında toqquşmalar çox olub. Lakin onu dastan səviyyəsinə yüksəltmək, təkcə qıpçaqları oğuzlara düşmən olaraq göstərmək təbii ki, düzgün deyildi. Niyə? Çünki dastanda görürük ki, oğuzların daim döyüşdükləri adamlar ya Qan Abxaz elinin adamlarıdır, ya Sası dinlilərdir. Əsas rəqib də Şəkili Məlikdir. Düzdür dastanın özündə bu ad nədənsə Şöklü Məlik olaraq gedir, əslində bu Şəkili Məlikdir. Bu Şəki də indi bizim Nuxa deyilən ərazi deyil, indi Ermənistan ərazisində qalan Zəngəzurdakı Şəkidir. Bəllidir ki, Məlik titulu haylara aid bir şey deyil. Bu da dastanın mühüm tarixi mənbə kimi dəyərini artırır ki, bu 12 boyun heç birində biz Hay etnosuna, ərmən etnosunun adına rast gəlmirik.

 

Oğuzlarda idarəetmə sistemi: Doqquzlar Şurası, İxtiyarlar Heyəti...

 

Dədə Qorqud dastanlarını təhlil edərkən, birinci növbədə etnik tariximizdən baxımından hadisələrə diqqət yetirməyimiz lazımdır. Bütün dastan boyu Xanlar Xanı və Bəylər Bəyi titulundan söz açılır. Xanlar Xanı deyəndə Bayandur xan nəzərdə tutulur, Bəylər Bəyi deyilərkən isə Qazan xan nəzərdə tutulur. Digər tərəfdən idarəçilikdə 9 qoca iştirak edir.  O qocalardan sadəcə ikisinin adını deyək ki, tamaşaçılara aydın olsun. Uşun qocadan “Səkrək Əkrək” boyunda, Kanqlı qocadan isə “Qanlı Qoca oğlu Qanturalı” boyunda söhbət açılır. Bunlar qoca titulu ilə xatırlanırlarsa, deməli bunlar xaqanın, yəni Xanlar Xanı olan Bayandurun Doqquzlar Şurasının üzvləri olub. Biz bilirik ki, bu cür idarə sistemi türk xalqlarının əksəriyyətində mövcud idi. Həmin tayfalar, məsələn usunlar barədə tamaşaçılarımıza danışmışıq. Mərkəzi Asiyada Uşun xaqanlığı çox böyük xaqanlıqlardan biri idi və Uşun Xaqanlığının varisi olaraq biz sonradan qıpçaqları görürük. Kanqlıların adı isə Fəzlullah Rəşidəddinin kitabında çəkilir, digər tərəfdən isə Kanqlılar peçeneq tayfalarının adlarından biri idi. Yəni Dədə Qorqud dastanları eyni zamanda türkün etnik tarixini ortaya qoyur.

 

“Kitabi Dədəm Qorqud”un tarixi coğrafiyası - BÜTÖV AZƏRBAYCAN

 

Dastanda Dəmirqapı Dərbənd adı çəkilir və “Qazan xanın evinin yağmalanması” boyunda qeyd olunur ki, Qazan xanın Dəmirqapı Dərbənddə çobanı vardı və qoyunları çox idi. Söhbət Qaraca çobandan gedir. Çox vaxt tədqiqatçıları çaşdıran məqam dastanda ikinci bir Dərbəndin adının çəkilməsidir. O da Qara Dərbənd adıdır. Çox təəssüf ki, uzun müddət Qara Dərbənd dedikdə indi Hərbi Gürcüstan yolundakı o aşırım nəzərdə tutulurdu.  Lakin son tədqiqatlar da göstərir ki, Qara Dərbənd deyərkən, Anadolu ilə Azərbaycanın tarixi sərhədləri olan Qara Dərbənd nəzərdə tutulur. Yəni bugünkü Ərzurum-Qars istiqamətində olan ərazilər. Yer adlarına fikir versək, Dəmirqapı Dərbənd, Qara Dərbəndlə yanaşı Dərəşan-Naxçıvan xatırlanır. Digər tərəfdən Gökçə dəniz xatırlanır. Qazılıq dağı xatırlanır. Onu da deyim ki, Qazılıq dağı dedikdə, dastanlarda həm böyük Qafqaz, həm də Kiçik Qafqaz nəzərdə tutulur. Hətta çox vaxt qızlar və gəlinlər üzlərini o dağa çevirəndə, ağzına yaşmaq alardılar. Və bu da qədim türklərdə dağ kultunun olması, dağa inancla bağlı hadisədir. Hətta Avropa qaynaqlarında belə Qafqaza Qazılıq dağları deyiblər. Qədim yunan müəllifləri Prometey ilə bağlı əfsanədə bu əraziləri Qas dağları adlandırırlar. Biz bilirik ki, Kaspi Kas Xəzər tayfaları, yəni Kasların adı ilə olan bir bölgədir. İndi isə tarixi coğrafiyadan danışanda oğuzların fəth elədikləri torpaqların adına fikir verək. Məsələn Bamsı Beyrək haqqında danışlarkən, Hamit və Mardini Basubanalan ifadəsi işlənir. Bugünkü Hamit və Mardin bilirik ki, Anadolu ərazisində yerləşir. Diyarbəkirin adı çəkilir, digər tərəfdən Gəncənin adı xüsusi qeyd edilir. Məsələn “Bəkil oğlu Əmran boyu”nda biz bilirik ki, o Gəncəyə bəy olaraq göndərilir. Gürcüstan tərəfindən gələn xəraclar da buna verilib. Və Dədə Qorqud dastanında deyilir: “Sası dinli Gürcüstan ağzında oturursan”. Burada konkret Azərbaycanın şimal-qərb qonşusu olan Gürcüstan nəzərdə tutulur. Trabzonun adı çəkilir,  Trabzon Təkru olaraq. Dumanın qalası olaraq bugünkü Dimanisin adı çəkilir. Bu əraziləri biz təxmini xəritə üzərində təsvir etsək, bu təbii ki, bütöv Azərbaycanı özündə əks etdirir və Azərbaycanın özünün qədim oğuzlar yurdu olmasını bir daha təsdiq edir.

 

“Kitabi Dədəm Qorqud”da türk xalqları - oğuzlar, türkmanlar, peçeneklər, kəngərlər, qayılar...

 

Dastanda adı çəkilən etnoslar böyük bir qismi türk xalqlarıdır. Bunların sırasında usunları, oğuzları xüsusi qeyd etmək lazımdır. Hələ indinin özündə də həll edilməmiş bir məsələ - türkman və oğuz məsələsi dastanda xüsusi qabarıq şəkildə nəzərə çarpır. “Qanlı qoca Qanturalı” boyunda belə bir epizod var. Qanturalı evlənmək istəyərkən, atası buna qız axtarır və evlənmək təklif edəndə, Qanturalı orijinal bir söz işlədir. Deyir ki, “baba, gedib birdən cici-bacı türkman qızı alarsan, nagahani qarnı üstə yıxaram, qarnı partlayar”. Fikir verirsinizsə, burada Oğuz və Türkman fərqliliyi var. Və yaxud “Oğuzun arsızı, türkmanın dəlisi” deyə bir müqayisə aparılır. Bu da çox güman ki, oğuzlar arasında müəyyən bir differensiasiyanın baş verdiyinin sübutudur. Düzdür, onlar ümumi adla Oğuz adlandırılırsa, içlərində artıq bir türkmən obrazı da görməyə başlayırıq. Bu gün türkman adı ilə oğuzların yayılma areallarının üst-üstə düşdüyü bəllidir. Dastanın təhlili göstərir ki, keçmiş sovet konsepsiyasında iddia edildiyi kimi, oğuzlar bura XI-XII əsrlərdə gəlməyiblər, elə buranın aborigen əhalisi olublar. Çünki indinin özündə də çox təəssüf ki, bizdən qoparılmış Göyçədə, Oğuz xaqanının Göyçə gölünün ətrafındakı dağın başında dəfn edildiyi haqqında bilgilər vardır. Bu isə bizim etnogenezimizin məhz Dədə Qorqud çərçivəsində cızılmış tarixi-coğrafiya içərisində baş verdiyini bir daha sübut edir.

“Dədə Qorqud” dastanlarında oğuzların bölünməsinə, yəni Anadolu və yaxud Azərbaycan deyə bölgüsünə rast gəlmirik. Eposda belə bir ifadə işlədilir, o da çox güman ki, sonradan əlyazmanı yazan tarixçinin əl xəttidir. Deyir ki, “gün gələr yenə hakimiyyət qayı boyuna gələ, su dediyin Osman nəslidir, işdə sürüyüb gedeyüdür”. Burada fikir verirsinizsə, Osmanlı ilə Qayı arasında da differensiasiya baş verir. Faktiki tarixdən bəllidir ki, Osmanlı boyu qayı tayfasından gəlir, amma Dədə Qorqudda nədənsə deyilir ki, “hakimiyyət yenidən qayı boyuna gələ, işdə dediyin osman nəslidir, sürüyüb gedeyindir” deyə” Bu da çox güman ki, dediyimiz kimi XV-XVI əsrlərdə kitabın üzü köçürülərkən, ola bilsin ki, xəttat tərəfindən əlavə edilmiş bir cümlədir.

 

Dədə Qorqud tarixi şəxsiyyətdirmi?

 

Dədə Qorqudun tarixi şəxsiyyət olması daim mübahisə mövzusu olub. Dastanda olan personajların əksəriyyətinin tarixi Azərbaycan torpaqlarında bir neçə yerdə məzarlıqları var. Hətta Adam Oleari Dərbənddə olarkən, Qazan xanın həyat yoldaşı Burla xatunun burada dəfn edildiyini, Dədə Qorqudun Dərbənddə qəbrinin olması haqqında məlumat verir. Bu da görünür ki, türklərin həyat tərzi olan yaylaq-qışlaqla bağlı idi. Çox güman ki, qışlaq vaxtı Aran yerinə qayıdılardı, yay vaxtı isə yaylaqlara çəkilərdilər. Dərbənddə bu cür tarixi şəxsiyyətlərin qəbrinin olması, bu o qədər də yaxın tarixin məhsuludur. Bilirik ki, Adam Oleari XV-XVI əsrin tarixi şəxsiyyətlərindən biridir. O xüsusi olaraq qeyd edir ki, Dərbənddə Dədə Qorqudun məzarı var. Digər tərəfdən bayaq qeyd etdiyimiz kimi Oğuz xaqanın qəbrinin Gökcə dəniz ətrafında olması tarixi faktdır. Dastanın özündə də yenə Dədə Qorqudun tarixi şəxsiyyət olması xüsusi olaraq vurğulanır, yəni Məhəmməd Peyğəmbərin zamanına yaxın yaşadığı xüsusi qeyd edilir.

 

“Kitabi Dədəm Qorqud”da dini inanclar

 

Dastanlarda oğuzların həm maddi, həm mənəvi mədəniyyəti haqqında geniş məlumat verilir. Dastanın qollarını Vatikan və Drezden nüsxəsi olaraq deyil, İslama qədərki və İslamdan sonrakı boylar formasında təsnif etmək mümkündür. Dastanın iki boyu var ki, o boylarda daha çox mifik, mifologiya ilə bağlı olan boylardır. “Dəli Domrul boyu”nda Oğuz igidinin islam dinində Əzrayıl başqa dinlərdə Arxangel formasında işlənən mələyə qarşı çıxdığı qeyd olunur. Orada bir epizodda deyilir: “Bizim dağlarımız olur, ol dağlarımızda bağlarımız olur, bağlarımızda qara üzüm yetişir, o üzümün suyundan sıxdım, içdim və əsrük oldum”. Əsrük olmaq, sərxoş olmaq deməkdir. Oğuz igidi əsrik olduğuna görə Əzrayıla qarşı çıxdığını söyləyir. Bu isə türklərin, oğuzların həm mənəvi, həm də maddi mədəniyyətini təsvir edən səhnədir. Burada göstərilir ki, oğuzlar təkcə maldar tayfa deyillər. Onlar eyni zamanda əkinçilik, bostançılıq, bağçılıqla da məşğul olan bir xalqdırlar. “Təpəgöz boyu”nda əksər xalqalrın mifologiyası ilə uyğun cəhətlər var. Vaxtilə bu dastanı araşdırmış Fondiks bu boyu alman eposu Ziqfrid ilə müqayisə eləmişdi. Təpəgöz personajı eyni zamanda qədim yunan mifologiyasında da var. Kimin kimdən qaynaqlandığı müəyyənləşdirmək filoloqların işidir. Həmin Təpəgöz obrazında dini inancların, yəni totemçiliyin bir qalığına rast gəlirik, o da dastanın əsas qəhrəmanlarından olan və Alp Aruzun itkin oğlu sayılan Basatdır. Basatdan soruşanda ki, sənin atan-anan kimdir? Basat çox orijinal bir cavab verir. Deyir ki, atam Qaba Ağac, anam Kaban Arslan. Aslanı totem kimi götürən xalqaır nədənsə İrana bağlayırlar, lakin dastanda nda görünür ki, türk xalqlarında analarını aslan, atalarını isə bozqurd kimi görən xalqlar var. Onlardan biri barsil tayfalarıdır. Barsillərin simvolikasında aslanla bozqurd yanaşı təsvir edilib. Lakin Basatın atam dediyi Qaba Ağaca gəldikdə, istər-istəməz Fəzlüllah Rəşidəddinin qıpçarların törəyişi ilə bağlı əfsanəsini xatırlayırıq. Fəzlüllah Rəşidəddin qeyd edir ki, Oğuz xaqan döyüşə getməmişdən əvvəl hamilə qadını ağac koğuşunda saxladı və döyüş qurtarandan sonra gördü ki, qadın ağac koğuşunda doğub və doğulan uşağa “qabucqun, “qabucqun”,  qıpçağım deyə qucağına almışdı. Bu da yenə də türkün qədim inancını göstərir. Digər tərəfdən nə qədər islamlaşsalar da, bir tərəfdən dastan boyu tez-tez “Peyğəmbərin üzü-suyu hörmətinə,  Həzrəti Fatimə, Həzrəti Aişə soyu naminə” fikirləri səslənir, digər tərəfdən biz əski türk inanclarının izlərini görürük. Məsələn, Qazan xan öz ailə haqqında məlumat toplayanda, axırda bozqurdla rastlaşır və çox gözəl bir ifadə işlədir. Deyir ki, qurd üzü mübarək olar.

 

Və maddi mədəniyyətin bir elementinə də xüsusi fikir vermək lazımdır. Bir tərəfdən deyir ki, Xanlar Xanı Bayandır xan alaçığını qurmuşdu qurmuşdu. Bu onu göstərir ki, hələ müəyyən mənada yarımköçərilik qalıb. Qazan xan haqqında söhbət gedəndə isə deyilir ki, “Ağban evlərim talana gedib”.  “Ağban” indinin özündə də Azərbaycanın bir sıra bölgələrində dam mənasında işlənir, yəni Ağ damlı evlər. Dastanın elə əvvəlində də ağ çadır, qara çadır, qırmızı çadır ifadələri işlənir. Bu isə artıq oturaq yaşayış tərzini göstərir.

 

Eyni zamanda Dədə Qorqud indiyə qədər etnogenizimizdə hələ həll edilməmiş bir məsələnin açarını vermiş olur.  O da dastanın ən azı iki yerində alban adının çəkilməsidir.  Onu da deyim ki, günümüzə qədər gəlib çatsa da, vaxtilə hay tarixçiləri tərəfindən müxtəlif təhriflərə məruz qalmış alban tarixinin orijinal adı “Ağban tarixi” şəklində gedir.  Həmin alban tayfalarının adı isə ən azından iki yerdə çəkilir. Onun birində belədir - Əkrəh yatarkən, yuxuda gördü ki : “Boz atlar çapdıran albanlar gördüm”. Başqa bir epizodda isə albanlar başı Qazan xan haqqında söhbət gedir. Bu isə onu göstərir ki, hazırda müxtəlif dillərdə danışdıqları güman edilən  albanların məhz türk dilində danışdıqları və alban tayfalarının Azərbaycan ərazisində aborigen olduqları, üstəlik Qazan xanın albanlarbaşı olduğunu qeyd etməsi, tariximiz üçün çox mühüm bir  açar rolunu oynayır. Digər tərəfdən bəzən tarixi mənbələrdə ciddi araşdırılmamış bulqarların adı “Kitabi Dədəm Qorqud”da çəkilir. Boylardan birində deyilir ki, “qarşıdakı Qara Dənizi dəlibən keçdim və bulqarları gördüm”. Bulqarlar təbii ki, Qara Dəniz sahilində yaşamış qədim türk tayfalarından biridir və  “Səsli Tarix”dəki verilişlərimizin birində biz qeyd elədik ki, Qars şəhərini də vaxtilə salan həmin o bulqarlar olub.

 

Xalqımızın tərcümeyi-halı - “Kitabi Dədəm Qorqud” dastanı

 

“Dədə Qorqud” elə şah əsərlərdən biridir ki, hər dəfə oxuyanda orada mütləq yeni bir şey tapılır. Niyə? Çünki bu soyumuzdan, kökümüzdən, sapımızdan süzülüb gələn bir dastandır. Biz bəzən ümumtürk dastanı deyirik,  əslində “Dədə Qorqud” dastanları Anadoluda və Azərbaycanda yaşayan və daha çox ağırlığı məhz Azərbaycan türklüyü üzərinə düşən, eyni zamanda bizim tərcümeyi-halımız olan bir dastandır. Ona görə də tamaşaçılara təklif edərdim ki, onu dönə-dönə bir də oxusunlar. Niyə? Çünki bu bizim tarixi keçmişimizdir. Düzdür, başqa xalqlarda da belə dastanlar olub, məsələn rusların “İqor polku haqqında dastan”ı var, amma biz bilirik ki, o dastanın orijinalı günümüzə gəlib çıxmayıb və nə qədər uydurmalar edilib. Və yaxud İrandilli xalqların fəxrlə söylədiklərin “Avesta”nın özünün orijinalı yoxdur, amma “Kitabi Dədəm Qorqud ala lisani tayfeyi oğuzlar”ın çox şükürlər olsun ki, orijinalı dövrümüzə qədər gəlib çıxıb və hər bir Azərbaycan türki təbii ki, o dastandan bəhrələnməlidir.

 

X

XƏBƏRLƏR
BÖYÜT