Türkiyə "Ərəb Qətərini" tərk edəcəkmi?
18:35 – 30 İyun, 2017

Türkiyənin Qətər siyasətində fərqli baxışlar var.  Türkiyə "Ərəb Qətərini" tərk edəcəkmi? Türkiyənin “ərəb dünyası açılımı” siyasəti başa çatırmı? Qətəri müdafiə etmək Türkiyəyə nə qazandırır? Qətərə verilən ultimatumun müddəti başa çatdıqdan sonra nə olacaq? Bərzani kimə ultimatum verir - Ankaraya, Tehrana, yoxsa Bağdada? Ankara İraqda kürd dövləti qurulmasının qarşısını ala biləcəkmi? APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Qafqaz” Müstəqil Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib ki, Qətər məsələsinə son 30 ilin hadisələri konteksindən baxdıqda, bunu Yaxın Şərqin yenidən “dizayn” edilməsi prosesinin tərkib hissəsi kimi görmək olar: “İraqın dağılması prosesi, Suriyanın dağılması prosesi və Misirdə baş verən hadisələr konteksindən baxdıqda bunu qlobal güc balansının Yaxın Şərqdə özünü göstərən rəqabət kimi qiymətləndirmək lazımdır. Regionda güclü bir güc transformasiyası söhbəti var. Ənənəvi olaraq bu regionun əsas gücləri olan ölkələr, İraq, Suriya, Misirdə çox ciddi dəyişikliklər baş verir. Bu gün artıq İraqın dövlət olub-olmadığı çox ciddi müzakirə mövzusudur”. Nazim Cəfərsoyun sözlərinə görə Qətərdə baş verən hadisələr regiondakı güc tarazlığı dəyişikliyinin növbəti mərhələsidir. Politoloq hesab edir ki, Səudiyyə Ərəbistanının Qətərin üzərinə yeriməsi, onun regiondakı mövcud vəziyyəti ilə əlaqəlidir: “Səudiyyə Ərəbistanı dini radikalizmin markasından çıxmaq, töhmətindən qurtulmaq üçün bu işin bütün fakturasını Qətərin üzərinə yıxıb bunu maneəsinin qurtarmaq həm də ərəb dünyasında lider olmaq istiqamətində addım atıldı”.

Nazim Cəfərsoyun fikirlərinə görə Qətər məsələsində Türkiyə Qətərlə Səudiyyə Ərəbistanı arasında seçim etmək məcburiyyətində qaldı: “Bu konteksdə Qətər məsələsi daha aktual oldu. Niyə Qətər? Qətər Türkiyəyə daha aktualdır. Qətər Türkiyənin ərəb dünyası ilə müqayisədə regionda tutacağı ən son dalğalardan biridir. Türkiyədəki iqtisadi sabitlikdə Qətər maliyyəsi əhəmiyyətlidir”. Politoloq hesab edir ki, Qətər böhranı həm də Türkiyənin iqtidarını və müxalifətini həm siyasi, həm də iqtisadi baxımından hədəfə almış bir böhrandır: “Türkiyənin dairələrində Qətərdən sonra sıranın Türkiyəyə gələcəyi fikri ilə razı deyiləm. Əslində Qətərdən sonra sıranın İranda olduğunu düşünürəm. Səudiyyə Ərəbistanı üçün ən böyük təhdid regionda İran görünür. Bu regiondakı hadisələrə təsir göstərə biləcək İsrail üçün də təməl dərd İrandır. Son 30 ildə bu regionda baş verən hadisələrin başında İran gəlir”. Politoloq, Türkiyənin son 25 ildə regiondakı mövq  elərinin zəiflədiyi qənaətindədir. “Bu konteksdə Türkiyənin üzərinə yönəlmə İranı daha da gücləndirə bilər” – Nazir Cəfərsoy belə deyib.

Politoloq regionun yenidən “dizayn” edilməsi konteksində müqayisələr də aparıb: “Mən hesab edirəm ki, Obama hakimiyyəti dövründə “dizayn” məsələsində əas hədəf Türkiyə idi. 15 iyul hadisələri, PKK ilə bağlı məsələlər. Türkiyə dövləti ilə, milləti ilə müqavimət göstərərək, bunlara qarşı oldu. Obamanın dövründə Türkiyə ilə əməkdaşlıq daha gərgin görünürdü. Mövcud siyasi reallıqlar regionda gücü artan aktyorun İran olduğu görünür. Tramp hakimiyyəti hədəfə İranı qoymağı düşünür”.  Nazim Cəfərsoy mövcud vəziyyətdə İrana hərbi müdaxiləni mümkünsüz hesab edir: “İran hədəfə qoyulur, amma başlanğıcda İran birbaşa hədəfə qoyulmayacaq. İran üzərindən “dizayn” çalışmalarının aktivləşəcəyini düşünürəm”.

Səudiyyənin Qətərə hərbi müdaxilə ehtimalına münasibət bildirən politoloq hesab edir ki, bu regionda enerji məsələlərinə, neftin qiymətlərinə öz təsirini göstərəcək: “Səudiyyə Ərəbistanının bənzər müdaxilələrinin nəticələri olub? Bəhreynə müdaxilə elədi, orada hələ münaqişə həll edilməyib. Tərəzinin bu biri gözündə Türkiyənin hərbi gücünü qoysaq, İranın hərbi gücünü qoysaq, bu məsələlərdə ciddi davranan Pakistanın gücün qoysaq, yəni bu iş hərbi münaqişə konteksinə getsə, burada Səudiyyə Ərəbistanı kimi hərbi kontingenti zəif olan bir ölkənin bura müdaxilə etməsi, məsələni daha da çətinləşdirəcək”. Politoloq Səudiyyə Ərəbistanının müdaxilə edəcəyi təqdirdə daxili siyasi böhranla üzləşəcəyini də istisna etmir: “Hərbi münaqişə Səudiyyə Ərəbistanı sərhəddində yeni bir Suriya məsələsini də gündəmə gətirə bilər. Bölünmüş bir Qətər bölgə və Səudiyyə Ərəbistanı üçün yaxşı bir şey vəd eləmir. Qətər bir Bəhreyn olmayacaq”.

Politoloq hesab edir ki, mövcud proseslərə Bərzaninin qatılmasını istisna etmir: “Türkiyənin böyüdülməsində Bərzaninin oynaya biləcəyi müxtəlif ssenarilər gündəmə gələ bilər. Türkiyənin Bərzani üzərində qurulacaq ittifaqlarda İranı tarazlaya biləcək, arxasına Səudiyyə Ərəbistanı, İsralinin qoyula biləcək bir faktor gündəmə gələ bilər”. Nazim Cəfərsoyun fikirlərinə əsasən Türkiyə və türklər mövzusunda İran güvənilməz bir müttəfiqdir: “Bunu harada görmək olar? Türkiyə ilə münasibətlər mövzusunda, Azərbaycan-İran əlaqələri konteksində, Cənubi Azərbaycan məsələsində görmək olar. Əgər İran bu regionda türklərlə münasibətlər qurmaq istəyirsə, həm regionda Türkiyə ilə münasibətlərdə, həm Qarabağ məsələsində, həm də Cənubi Azərbaycan məsələsində kökdən dəyişməlidir. Bu real görünümrmü? Real görünmür”.

“İndiki vəziyyətdə həm amerikalılar, həm də ruslar regiondakı revizionist cəhdləri təşviq edirlər” – Nazim Cəfərsoy belə deyib. Politoloqun sözlərinə görə, Türkiyə regionda başqalarının deyil, öz oyun planının oyunçusu kimi çıxış etməlidir: “Türkiyənin belə bir oyun planı varmı? Bunu dəqiq bilmirəm. Türkiyə burada real müttəfiqlərini doğru seçməlidir, düşünürəm. Türkiyə İraqda və Suriyada strateji müttəfiqlərini seçmək baxımından ciddi səhvlər etdi”.

Politoloq hesab edir ki, regionda Amerika ilə münasibətlər Obama administrasiyası ilə müqayisədə o qədər də pis deyil: “Qətər məsələsi İranı istər-istəməz Türkiyə ilə münasibətlərdə ehtiyatlı davranmağa məcbur edir”.      

   

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT