Tərcüməmiz nə vəziyyətdədir?
17:44 – 03 İyul, 2017

Bu gün Azərbaycan ədəbiyyatında tərcümə nə vəziyyətdədir?  Ümumiyyətlə Sovet dövründən bugünkü günə baxış keçirsək, müasir tərcümə prosesi bizi qane edirmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Azərbaycandakı tərcümə prosesi geniş müzakirə edilib.

 

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq deyib ki, dünyada gedən ədəbi prosesləri tam izləyə bilməməyimiz, tərcümədə mövcud olan problemlərdən irəli gəlir: "Elə kitablar var ki, bizə gec çatır, yaxud biz onun tərcüməsinə gec qoşuluruq. Azərbaycanda orijinaldan tərcümə bərbad vəziyyətdədir. Biz bu dəqiqə daha çox rus və türk ədəbiyyatından tərcümələr üzərində formalaşmağa məcbur oluruq".  Ş.Sadiq hesab edir ki, sovet dövründə olan tərcümələrdə tərcüməçilərin formalaşması prosesi olmuşdu: "Bu gün tərcüməçidən başqa o dili bilən istənilən adam tərcümə fəaliyyəti ilə məşğul olur". 

 

Şair-tərcüməçi Səlim Babullaoğlunun sözlərinə görə sovet dövrü ilə müqayisədə bu gün tərcümə işi ilə bağlı imkanlar daha genişdir: "İndi bütün dillərdən tərcümə etmək imkanımız var. Bizim axsayan yeriniz təkcə orijinal və qeyri-orijinal məsələsi deyil, bununla yanaşı xalqların ədəbiyyatlarının ana dilinə tərcüməsinə konseptual daxildə baxmaq imkanının olmamağıdır. Çoxlu boşluqlar var, bunları etməmişik və hər gün bu boşluqlar daha da böyüyür".

 

Tərcümə müstəqil olmalıdırmı sualına isə tənqidçi Seyfəddin Hüseynli belə cavab verib: "Hər hansı bir sistemin işləməsi üçün rıçaq olmalıdır. Biz sovet dövrünün tərcüməsi deyəndə 70 ili nəzərdə tuturuq, müasir dövrün tərcüməsi deyəndə 25 il yox, son 10 ilin tərcüməsini deyirik. Bu günün standartı artıq Höte deyil, Tolstoy deyil, bu günün standartı daha yaxşı, daha sistemli tanıtmaqdır. Tutalım Borxesi, tutalım bu günün özünə gələndə bizdə yeni bir nəşr oldu: Nabokovun rus ədəbiyyatı ilə bağlı mühazirələri. Daha dərindən, daha geniş şəkildə tanıtmaq var".  S. Hüseynli onu da qeyd edib ki, ayrı-ayrı özəl nəşriyyatlar tərcümə ilə bağlı qiymətli işlər görüblər.

 

Şəmil Sadiq deyib ki, sovet dövründəki tərcümə işində orfoqrafiya və orfoepiya qaydaları baxımından təlimat var idi: "İndi isə tərcüməçilərdə təlimat yoxdur. Bir Hötenin hələ də ortaq variantı yoxdur. Bu məsələlər tərcümə işində kifayət qədər problem çıxarır. Konseptual baxımından olmalıdır ki, Azərbaycan ədəbiyyatından tərcümədə nələrə fikir verək, Azərbaycan dilindən xarici dillərə tərcümə olanda nələri edək".

 

Səlim Babullaoğlu hesab edir ki, tərcümə işində maliyyə az olduğundan, burada dövlətin mədəniyyət və təhsil siyasəti stimullaşdırılmalıdır: "Müəyyən qonorarların, xarici səfərlərin ödənilməsi. Əks təqdirdə biz deyə bilmərik ki, sən evinin problemini at, kim olmağından asılı olmayaraq, hər hansı bir yazıçını tərcümə elə".

 

Seyfəddin Hüseynli deyib ki, hazırda hər hansı bir yazıçının əsərinin tərcüməsi üzrə alternativ variantlar axtarmağa ehtiyac yoxdur: "Çünki qarşımızda böyük bir ədəbiyyat dənizi var. Böyük müəlliflərin seçmə nümunələrini verməliyik, ondan sonda onun alternativ tərcümə variantlarını etmək olar".  

 

Əcnəbi sözlərin milli ədəbiyyata keçməsi məsələsinə münasibət bildirən Səlim Babullaoğlu deyib ki, əgər bu sözlər dilə uyğunlaşa bilirsə, o zaman mümkündür.

 

Şəmil Sadiq deyib ki, ümumiyyətlə "sarı ədəbiyyat", "erotik ədəbiyyat" bütün dünyada daha çox həcmi tutmaqdadır: "Amma intellektual oxucu həmişə az olub. Bu gün daha çox elə bilirəm tarixi roman, memuar ədəbiyyata, detektiv, tarixi detektiv, detektiv daha çox oxunmaqdadır".

 

Səlim Babullaoğlu tərcümə ədəbiyyatı üzrə satış şəbəkəsinin olmadığını vurğulayıb: "Yaxşı olardı ki, təhsil siyasəti formalaşsın, təhsil siyasəti dominant rolunu oynasın. Detektiv həmişə oxunub, oxunacaq. Ciddi ədəbiyyatın da kitab rəfimizdə yeri olmalıdır".     

X

XƏBƏRLƏR
BÖYÜT