Ermənilərin bu terroruna necə cavab verək?
17:04 – 05 İyul, 2017

İyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutuldu. Bu atəş nəticəsində iki Azərbaycan vətəndaşı - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular. Ermənistanın bu terroruna necə cavab verək?  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu məsələ ətrafında qızğın müzakirə aparılıb.

 

Politoloq Sədrəddin Soltan deyib ki, beynəlxalq vasitəçilər işğalçıya, onun Azərbaycan torpaqlarından çıxması ilə bağlı heç bir sanksiya təqdim etmirlər: "Ermənilər deyir ki, düşmənin döyüş məntəqəsini məhv etmişik, düşmən itki verib. Belə çıxır ki, həmin o xanımın evi atəş məntəqəsidir, iki yaşlıq uşaqda hərbiçidir. ATƏT-in Minsk qrupunun dedikləri isə, ümumi söz yığınından başqa bir şey deyil. Tərəfləri atəşkəsə əməl etməyə çağırırlar, bir də ölənlərə baş sağlığı verirlər. Bu nə münasibətdir? Bu işğalçıya, terrorçuya - Ermənistana dəstəkdən başqa bir şey deyil. ATƏT-in Minsk qrupu işğalçının başını sığallayır".

 

Suriyadakı uşağın ölümü ilə müqayisə aparan şairə Səhər Əhməd deyib ki, 3-4 yaşlı uşaq böyüyün onu əsl güllə ilə vurduğuna inanmır: "Məni yəqin ki, güllə ilə vurmazlar, yəqin ki, oyuncaq güllə ilə vurublar. Yəqin ki, Zəhra da elə deyərdi. Böyüklərin vəhşiliyinin sonsuzluğudur uşaq ölümü. Başqa buna heç cür ad vermək olmaz".

 

Şair-publisist Şəhriyar Del Geraninin hesab edir ki, iki yaşlı uşağın öldürülməsi Xocalının davamıdır: "Bu nə vaxta qədər davam edəcək? Biz üzümüzü kimə tutaq? Sözümüzü kimə deyək? Bu Xocalı daha neçə körpə davam edəcək? Daha neçə Zəhra davam edəcək?"

 

Metbuat.az saytının baş redaktoru Bahadur Seyidov deyib ki, Azərbaycan xalqının əxlaqında vandalizm yoxdur: "Biz artıq söy kökümüzə dayanıb vandalizmi edə bilmirik. Həqiqətən bir erməni körpəsini öldürmək içimizdən gəlmir. Bizim Hollivudda çəkilən bir filmimiz yoxdur. Məncə Xocalı da daha böyük çərçivədə çəkilməlidir". 

 

Şəhriyar Del Gerani deyib ki, bu uşaq atəş nəticəsində öldürülüb: "Amma bunların konkret öldürdüyü uşaqlar da olub axı?! Hər halda erməni uşağı böyüyüb, böyük ideyalarla yaşayan, Azərbaycanı, türkü sevən bir adam olmayacaq".

 

Sədrəddin Soltanın sözlərinə görə bu gün dünyada heç bir münaqişələr həll olunmayıb: "Bu gün da dünyada münaqişələrlə dövlətlər və millətlər idarə olunur. Münaqişələrlə pullar qazanılır. Fransa yaxud Rusiya nə vaxt Ermənistana dedilər ki, oğul dur, sən işğal olunmuş ərazidəsən, yaxud ərazi işğal etmişsən. Xocalı soyqırımı hər gün yadımızda olmalıdır".

 

Bahadur Seyidov hesab edir ki, ATƏT-in Mİnsk qrupuna qarşı kəskin fikirlər səsləndirib: "Həqiqətən ATƏT-in Minsk Qrupu heç bir iş görmür. Biz ATƏT-in Minsk Qrupundan imtina etməliyik. Bunlar qorxaqdır. Biz döyüşüb torpaqlarımızı almalıyıq".

 

Səhər Əhməd isə deyib ki, erməni uşaqlarını öldürmək üçün yox, öz uşaqlarımızı qorumaq üçün müharibəni bitirməliyik.

 

Verilişə telefon xətti ilə qoşulan Qarabağ qazisi Rey Kərimoğlunun sözlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında kifayət qədər silah-sursat, qurğular var ki, atəş açılan yeri darmadağın etsin: "Atəşkəs sazişində ermənilərin bizim ərazimizdə qızıl çıxarması yazılmayıb, Cəbrayılda, Şuşada ev tikmək, əhalini orada məskunlaşdırmaq yoxdur. Azərbaycan ordusu hücuma keçməlidir. Çünki dünya həmin əraziləri Azərbaycan əraziləri tanıyır. Həmin ərazilər vurulmalıdır. Müharibənin qaydası budur".

 

Verilişə telefon xətti qoşulan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Alxanlı ön xətdən xeyli geridə olan bir ərazidir: "Bu məqsədyönlü şəkildə Ermənistan tərəfinin atdığı addımdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə yerlərinə göstərməliyik. Nə göstərilir orada? Döyüş əməliyyatları dayandırılsın. Hansı döyüş əməliyyatları başlayıb ki? Bu insanların heç nədən xəbəri yoxdur". Hərbi ekspertin sözlərinə görə monitorinqlər Ermənistanın xeyrinə kəşfiyyat məlumatlarının toplanmasına xidmət edir.    

X

XƏBƏRLƏR
BÖYÜT