Bahçeşehir Universitetinin rektoru: "Azərbaycanda filial yarada bilərik"
11:13 – 12 İyul, 2017

"Bu, mənim qardaş Azərbaycana üçüncü səfərimdir. Hər gəlişimdə ölkənizi daha gözəl, yeni uğurlara imza atmış bir məmləkət kimi görməkdən qürur duyuram".

 

Bunu APA TV-yə eksklüziv açıqlamasında Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bahçeşehir Universitetinin rektoru Şenay Yalçın deyib: "İlk gəlişim 2015-ci ilə təsadüf etmişdi. Daha sonra 2016-cı ildə yenidən Bakıya gəldim. Bir də bu il yenidən doğma Bakımıza gəldim. Hər gəlişimdə inkişaf etmiş bir Azərbaycan görmək mənim üçün böyük fəxrdir. Bu səfərki gəlişimizin səbəbi isə daha fərqli. Bildiyiniz kimi, Azərbaycandan 310 tələbə Bahçeşehir Universitetində təhsil alır. Biz ali təhsil ocağı olaraq Azərbaycandan daha çox tələbə alan universitetik. 25 min tələbəsi olan Bahçeşehir Universitetində iki azərbaycanlı gənc - Günel və Xeyransa Musayevalar birinci və üçüncü yeri qazandılar. Bu, bizi çox qürurlandırdı. Biz heç ayrı-seçkilik etmədik. Bu gənclərin uğuru tək Azərbaycanda deyil, Türkiyədə də böyük coşqu ilə qarşılandı".

 

Bahçeşehir Universitetinin vəqf universiteti olduğuna diqqət çəkən Şenay Yalçın təmsil etdiyi ali təhsil müəssisəsinin özəl olmadığını qeyd edib: "Türkiyədə iki tip universitet var. Bir dövlət, bir də vəqf universiteti . İkisi də eyni qanunla qurulur. Fərqi isə sadəcə budur - dövlət ali təhsil ocaqlarına maliyyə milli büdcədən ayrılır, vəqf universiteti imkanlarını özü qazanır. Vəqf universitetləri əldə etdikləri qaynaqları təhsil ocağının inkişafı üçün xərcləyirlər. Mən bu universitetin yaradıcılarındanam. Bir iddia ilə yola çıxdıq. Bu il 20-ci ilimizdir. Amma "Bahçeşehir Uğur Eğitim Kurulu"nun 50-ci ildir. 1968-ci ildən fəaliyyətə başlayıb. Məqsədimiz yüksək səviyyəli təhsildir. Bahçeşehir Universitetinin həm məktəbə hazırlıq kursları, həm də körpələr evi və liseyləri var".

 

Şenay Yalçın qeyd edib ki, Türkiyənin hər yerində Bahçişehir Universitetinin 200-ə yaxın təhsil müəssisəsi fəaliyyət göstərir.

 

200 min tələbəsi olan bu ali təhsil ocağının "İstanbulun qəlbində bir dünya universiteti" devizi ilə dünyanın yeddi ölkəsində filialları fəaliyyət göstərir və Avropanın ən böyük təhsil ocağıdır: "Dünya təhsil sistemində öncül olmağı istədik. Bunun üçün də təhsil dilimiz ingilis dilidir. Bu məqsədlə ki, dünyanın dəyişik yerlərində yaşayacaq məzunumuz müasir bir insan kimi fəaliyyət göstərsin. İyirmi il içərisində Türkiyədə 92 universitet arasında beynəlxalq sıralamada birinci yerdəyik. Bir sözlə, Bahçeşehir Universiteti artıq bir dünya markasıdır. İstədik ki, türk markası olan bu təhsil ocağı dünya çapına çıxsın və buna da nail olduq. Universitetimizin bir qolu ABŞ-da, digəri Berlində, Gürcüstanda, bu il yeni bir filialımız Kıbrısda fəaliyyət göstərir. İstanbulun xaricində 5 ali təhsil ocağımız var".

 

"Dünyanın 28 nöqtəsindəyik" deyən qonağımız Azərbaycana gələcəkləri günün də yaxında olduğuna inandığını bildirib: "Bizə Azərbaycanda fəaliyyət göstərmək imkanı yaradılarsa, burda da beynəlxalq standartlara cavab verən bir filialımızı yaradarıq. Hətta məktəbə hazırlıq kursları da yarada bilərik. Yeni üfüqlər açıb, türk dünyasına örnək olduğumuzu bir daha sübut edə bilərik".

 

Rektor əlavə edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Azərbaycan Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yüksək bal toplayan tələbələrə təqaüd verəcək. 

X

XƏBƏRLƏR
BÖYÜT