Lerikdə tütünçülüyün inkişafına nə mane olur?
12:35 – 15 İyul, 2017

Lerik rayonunda 25 illik fasilədən sonra artıq iki ildir tütün əkini aparılır. Rayon ərazisində bir neçə gündür yığıma başlanılıb və sahələrdə bol məhsul var, amma bu sahədə fermerlərin çətinlikləri kifayət qədərdir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Lerikdə bu il tütün sahələri 10 hektardan 25 hektara qədər artırılıb. Fermerlər əsasən Virciniya və İmuna sortlarına üstünlük veriblər. Vaxtında sahələrə düzgün aqrotexniki qulluq olunduğundan, kifayət qədər məhsul da var.

 

Məhsul bol olsa da, rayonun Hamarmeşə kəndi ərazisində çətinlik səbəbindən fermerlər məhsulu sahələrdən yığa bilmirlər. Fermer Tofiq Məmmədov bəzi çətinlikləri açıqlayıb: "Biz, məsələn, gündə yığırıq 300 kq, keçirib asırıq bu yerə. Şəraitə görə. Amma qurutma sexi olsa, biz gündə ən azı 500 kq məhsulu qurutma sexlərinə təhvil verə bilərik. Bizim məhsulumuzun çoxu sahədə qalıb. Nə qədər yığırıq, o qədər asırıq, o qədər də quruduruq".

 

Fermerlər Virciniya sortunu, müqavilədə olduğu kimi, yaş halda qəbul məntəqələrinə verirlər. Fermer Mirzəmməd Salayevin sözlərinə görə, məntəqələrin rayon ərazisində olmaması isə fermerlərin işini bir qədər çətinləşdirir: "İndi deyirlər yaş tütünü Yardımlıya aparırlar, quru tütünü Balakənə, hətta Şəkiyə aparırlar. Bu, bizim üçün artıq xərcə başa gəlir. Xahiş edirəm əlaqə təşkilatlardan, yaxında bizim üçün qəbul işi təşkil olunsun".

 

Ümumiyyətlə, Lerik rayonu sovet dönəmində kifayət qədər tütün istehsal edən rayonlardan biri olub. O vaxt fermerlər üçün bu sahədə heç bir çətinliklər yaşanmayıb. Lerik RİH-in rəsmisi Vüqar Mirzəyev isə bu sahəyə uzun illər fasilədən sonra yenidən dönüş olduğu üçün çətinliklərin yarandığını deyir. Amma fermerlərə şad xəbər də var: "O vaxt bizim rayonumuzda tütün qəbulu məntəqəsi fəaliyyət göstərib. Hazırda da həmin məntəqə durur, amma orda heç bir şərait olmadığına görə hazırda istifadə olunmur, yəni müasir tələblərə cavab vermir. Ona görə də daha müasir tipli qurutma sexlərinə və tədarük məntəqələrinə ehtiyac var və bununla bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmışıq".

 

Qeyd edək ki, qurudulmuş tütün sortundan asılı olaraq 1 manat 20 qəpikdən 2 manat 20 qəpiyədək, yaş tütünün 1 kq-ı isə 20 qəpikdən məntəqələrə təhvil verilir.

X

XƏBƏRLƏR
BÖYÜT