Allahşükür Paşazadə: "O Fətullah özbaşına FETÖ olmayıb"
16:59 – 15 İyul, 2017

"Azərbaycanın, prezidentimizin dostu  Rəcəb Tayyib Ərdoğanın apardığı siyasəti bir çox dövlətlərin gözü götürmür".

 

APA TV-nin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı Heydər məscidində keçirilən tədbirdə bildirib: “Vaxtilə Azərbaycan xalqı da belə terrorun, qırğının nə demək olduğunu görüb. Qardaşlarımızı indi yaxşı anlayırıq. Ötən ilin bu günü isə mənfur FETÖ-çülər qardaş Türkiyədə türkü türkə qırdırdılar. Qardaş ölkədəki qanuni hakimiyyəti devirməyə cəhd kimi mənfur hərəkətə əl atdılar. Şükür ki, Ərdoğan başda olmaqla qardaş ölkəmiz bu xain cəhdi adlada bildi. İslamda Peyğəmbər başda olmaqla bir sıra üləmalar, alimlər olub. Amma onlar həmişə belə mənfur hadisəni, terroru lənətləyiblər. Çünki İslam sülh dinidir. İndi bu FETÖ də İslam adından istifadə edən terrorçudur. Əslində bunun arxasında duranlar var. O Fətullah (Fətullah Gülən - red.) özbaşına FETÖ olmayıb, onun arxasında duranlar onu bu ərsəyə gətirib”.

 

Şeyxülislam bildirib ki, həmin gün gecə başda prezident İlham Əliyev Azərbaycanın Türkiyənin qanuni hakimiyyətinin - Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu bəyan edib: “O cümlədən biz dindarlar da həmin gecə qardaş ölkənin, qanuni prezident Ərdoğanın yanında olduğumuzu açıqladıq, əlimizdən gələn dəstəyi verdik”.

 

Qeyd edək ki, bu gün Bakıda Heydər məscidində 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə bağlı vəhdət namazı qılınıb. Məzhəblərin iştirakı ilə qılınan vəhdət namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə başçılıq edib. Namazda dindarlarla birlikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

X

XƏBƏRLƏR
BÖYÜT