Bakıda qumarda xeyli pul uduzan qadının ağlasığmaz soyğunçuluq planı
17:48 – 17 İyul, 2017

Bakıda ağlasığmaz soyğunçuluq faktının üstü açılıb.

 

APA TV-nin xəbərinə görə, paytaxtda yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.

 

Məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib.

 

Zərərçəkənin qarışıq ifadələri polisin diqqətini cəlb edib. Aparılan əməliyyat tədbirləri nəticəsində soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

 

Məlum olub ki, hadisə planlı şəkildə qurulub. Səidə MMC-nin xəzinəsindən 45.000 manat pul götürüb və xərcləyib. Yaranan kəsiri aradan qaldırmaq üçün tanışı Tural Quliyevdən ona kömək etməyi xahiş edib. O isə pulu mərc oyununa qoymağı məsləhət görüb və Səidədən 20.000 manat alıb: "Dedim onsuz da sənin 50 min kəsirin var. 2  dəfə 10 min manat qoymaqla bu kəsirin böyük bir hissəsini qaytarmaq olar. Pulu mənə hadisədən qabaq verib.  Atdım varianta, oyun gəlmədi".      

 

Səidə Məmmədova Tural Quliyevə pul verdiyini etiraf edib: "20 min manat verdim ona oyuna qoysun. Ertəsi gün mənə zəng edib dedi ki, kupon gəlmədi. Dedim mənə maraqlı deyil, pulumu gətir. Dedi onda bir variant  var. Tutulası olsam belə, gəl sən işdən çıxanda hücum edək. Sən MMC-dən pul götür. Taksi gəldi, işdən çıxanda gəlib əlimdən aldı qaçdı".       

 

Turalın sözlərinə görə, ölanı Səidə özü qurub. Ofisdən pulla çıxacağını dəstə üzvlərinə mobil telefonla xəbər verib: "Qız planı belə qurdu ki, kassaya olan borcunu da toplayaraq 120-130 min oğurlandığını desin. Çıxanda zəng elədi. Yaxınlaşdım ona, vurdum boynunun arxasından. Çantanı götürdüm".  

 

Səidə Məmmədova plana bəzi dəyişikliklər edib: "Dedi ki, biz səni elə belə vursaq, bütün şübhələr sənin üstündə olacaq. Bəlkə bıçaq vuraq? Dedim mənim onsuz da canım yoxdur. Bıçaq vurarsan, birdən ölərəm. Boynumun ardından vurub içəri itələyib qaçmışdı".

 

Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birlikdə “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək, plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib. Plana görə, S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib:

 

Cinayətin digər iştirakçısı Asif Abdullayev hadisəni belə təsvir edib: "Tural mənə qızın külli miqdarda borcu olduğunu demişdi. Səidə zəng edib dedi ki, 10 dəqiqəyə taksi olur şirkətin qabağında. Sonra mesaj yazdı ki, mən artıq qapıdan çıxıram, yanımda heç kim yoxdur. Pullar da məndədir. Pulun məbləğini isə 80 min manat deyib. Mən gözlədim, Tural düşdü maşından, qızı itələdi. Çantanı götürüb, gəldi oturdu maşına getdik. Çantadan 53 min manat çıxdı. Tural bu puldan 26500-ü mənə verdi".

 

Faktla bağlı dəstənin bütün üzvləri barəsində həbs-qətimkan tədbiri seçilib. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT