Jurnalistlərə mənzillər: siyahıda kimlərin adları var?
17:50 – 17 İyul, 2017

Bu il mətbuat bayramı jurnalistlər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Milli Mətbuat günü ilə əlaqədar jurnalistlərə yeni mənzillər təqdim olunacaq.  Bəs təqdim ediləcək mənzillərin siyahısı nə yerdədir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ geniş şəkildə müzakirə edilib.

 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, namizədlərin müəyyənləşdirilməsi məqsədilə yaradılan komissiya işləri yekunlaşdırıb: "Bütün redaksiyalarda şəffaf şəkildə namizədlərin müəyyənləşdirilməsinə şərait yaradıldı. İyun ayının 29-da komissiyanın sonuncu iclası keçirildi. Orada son olaraq seleksiyadan keçmiş 845 sənəd prezident administrasiyasına yola salındı. İyun ayının 30-dan sənədlər prezident administrasiyasına təqdim olundu. Artıq orada namizədlərin arasında ikinci bir seleksiya keçirilməli idi. Bunun arasında 255 nəfər müəyyənləşdiriləcək". M. Ələsgərli onu da qeyd edib ki, ilkin mərhələdə 4.000-ə yaxın iddiaçı olub.

 

Jurnalist, hüquq müdafiəçisi Azər Həsrətin sözlərinə görə hətta mediadan kənarda olan şəxslər belə həmin binadan mənzil almağa iddia edirdilər: "Ona görə də kriteriyalar konkret oldu, dəqiq oldu. Həmin kriteriyalar çərçivəsində də ilkin seçim aparıldı".

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, media sahəsində çalışanlar, jurnalistlər Azərbaycan cəmiyyətinin xüsusi təbəqəsi deyil: "İnsanlar öz seçimləri ilə fərdi şəkildə gəlib bu sahədə işləyirlər. Heç kəs hesab eləmir ki, mən burada işləyəndə vətənə xidmət edirəm. Hər kəs iş yeri kimi işləyir. Bu baxımdan jurnalistlərin diktə dilində bu məsələlərdən danışmasını yolverilməz hesab edirəm. Azərbaycanda dövlətin dəstəyinə ehtiyacı olan insanlar, mən hesab edirəm ki, birinci növbədə hərbi sahədə çalışan insanlardır. Xüsusilə sərhəd bölgələrində olan hərbiçilərimizdir. Onları da zaman-zaman dövlət evlə təmin edir. Jurnalistlərin evlə təmin edilməsi birbaşa dövlətin siyasətidir".

 

Müşfiq Ələsgərli sənədlərin qəbulu prosesində neqativ hallarla üzləşdiklərini də söyləyib: "Kimsə fürsətdən istifadə edin yaxın adamının təmin olunmasına çalışıb. eşidən kimi bina bu il paylanacaq, evi öz adından çıxarıb başqasının adına keçirənlər vardı. Qadınını boşayanlar vardı. Çox dəhşətli faktlar açıldı".  M. Ələsgərli 30 illik iş stajının olduğunu iddia edən jurnalistin redaksiyada rəsmi işləmədiyinin də üzə çıxdığını söyləyib. "Adamın sosial kartı yoxdur, gedir pensiyaya çıxmağa, məlum olur ki, sənədləri qaydasında deyil" - Müşfiq Ələsgərli belə deyib. Mətbuat Şurasının sədr müavini onu da qeyd edib ki, 90% redaksiyalarda jurnalistlərlə bağlanmış əmək müqavilələri qaydasındadır.

 

Azər Həsrət bəzi saytlarının mediaya aid olub-olmadığını araşdırmağın vacibliyini vurğulayıb: "Bu saytlar da iddiaçı kimi çıxış edirlər. Bunlar iddia edirlər ki, Azərbaycan dövləti qarşısında böyük xidmətləri varmış. Mən mənzilə iddia eləmirəm, deyirəm ki, ayıbdır. Daha çox mənzilə ehtiyacı olanlara verilsin. Mən utanıram mənzilə iddia etməyə, amma o adamlar utanmırlar. Qırmız-qırmızı adamın üzünə deyirlər ki, mənim bu dövlət qarşısında xidmətlərim var, mənə mənzil verilməlidir ". A.Həsrət bu cür jurnalistlərin adi imlanı, adi xəbəri belə yaza bilmədiklərini söyləyib. "O adamlar indidən düşünsünlər və bəyanatları kənara qoysunlar" - Azər Həsrət belə deyib 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT