İlk imtahanda 685, ikinci imtahanda 700 bal topladı - REPORTAJ
18:58 – 17 İyul, 2017

Pərvin Əhmədova 3-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında bütün suallara düzgün cavab verərək 700 bal toplayıb.

 

APA TV-nin xəbərinə görə, Bakının Suraxanın rayonundakı 278 saylı orta məktəbin məzunu olan Pərvin deyir ki, yüksək nəticə əldə etməsinə görə ilk növbədə müəllimlərinə və valideynlərinə borcludur.

 

700 bal toplamağı Pərvin aşağı siniflərdən qarşısına məqsəd qoyubmuş: "Bunu mən aşağı siniflərdən oxuya-oxuya deyirdim ki, mən bunu edə bilərəm, çünki məqsədim, hədəfim var idi, planlı iş görmüşdüm. Deyirdim ki, çox oxumuşam, mən bunu edə bilərəm. Məktəbim, valideynlərim, müəllimlərimin qayğısı nəticəsində mən bunu edə bildim".

 

Pərvin aşağı sinifdən dərslərini yaxşı oxuduğu və məktəbdə dərslər yüksək səviyyədə keçirildiyi üçün müəllim yanına getməyib. Deyir, maksimum nəticə əldə etmək üçün 1-ci sinifdən yaxşı oxumaq lazımdır. Pərvin 700 bal yığacağına inanırmış, deyir bu nəticəni  tək bir-iki ildə qazanmaq mümkün deyil. O, gələcək abituriyentlərə də dərslərinə məsuliyyətli yanaşmalarını tövsiyə edir: "1-ci sinifdən yaxşı oxumaq lazımdır. Oxumasalar da, aşağı siniflərdən heç deyilsə, bazamız olmalıdır. Kitabları nöqtəbənöqtə oxuyurdum. İstirahət edirdim, sonra 5 misal edirdim, deyirdim 5 də edim. Elə edə-edə baxırdım ki 100 olub. Yəni insan qarşısında məqsəd qoyanda hər şey edə bilər".

 

İxtisas seçiminə gəlincə, Pərvinin uşaqlıqdan arzusunda olduğu hüquqşünaslıqla ADA Universitetində dövlət və ictimai münasibətlər ixtisası arasında seçim aparacaq: "Uşaqlıqdan hüquqşünas fakültəsində təhsil almaq istəyərdim, çünki mənə elə gəlir ki, burda oxusam, həm biliyim, həm düşüncə tərzim hüquqşünaslığa uyğundur. Düşünürəm ki, dövlət və ictimai münasibətlər fakültəsi olmasa da, hüquqşünas fakültəsində də təhsilimi ala bilərəm".

 

Pərvinin anası da çox çalışqan olduğu və dərslərinə məsuliyyətlə yanaşdığı üçün onun yüksək bal yığacağını gözləyirmiş: "Sevincimin həddi-hüdudu olmadı, sözlərlə ifadə edə bilmirəm, indi də həyəcanlıyam. Allah bütün valideynlərə qismət etsin mən keçirdiyim bu sevinci, həyəcanı. Mən ona oxu deməmişəm heç vaxt, nəzarət etmişəm, düzdür, onun qanında olub oxumaq".

 

İlhamə Hüseynova da 3-cü ixtisas qrup üzrə ən yüksək nəticəni göstərib - 700 bal yığıb. Rekorda imza atan Bakının Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə uğurunun sirrini tək 2 ili deyil, 11 ili oxumaqda görür. 700 bal yığmağı əvvəldən qarşısına məqsəd qoyan İlhamə artıq qərarını da verib. O, Bakı Dövlət Universitetinin  Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaq istəyir: "Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr pilləsini oxumaq istəyirəm. Qismət olsa, magistraturanı xaricdə oxumaq istərdim".

 

İlhamə orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə qızıl medala da layiq görülüb. Valideynləri onunla fəxr etdiklərini deyirlər: "9-cu sinif fənn olimpiadasında gümüş medala layiq görülmüşdü, bürünc medal aldı 10-cu sinifdə, respublika üzrə 2-3-cü yerləri paylaşdı, orta məktəbi qızıl medalla bitirdi. Allah bütün valideynlərə qismət etsin, bu böyük bir fəxrdir!"

 

Qeyd edək ki, II və III qrup ixtisasları üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 2 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

X

XƏBƏRLƏR
BÖYÜT