Azərbaycanla Latviya arasında bir sıra sənədlər imzalandı
19:03 – 17 İyul, 2017

Latviyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin iyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Latviya prezidenti Raymonds Veyonis ilə təkbətək görüşü olub.

 

APA TV-nin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edildi.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edildi. Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışdı.

 

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edildi. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olundu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışıldı.

 

Prezident Raymonds Veyonis vurğuladı ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğuladı.

 

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya prezidenti Raymonds Veyonis və Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

X

XƏBƏRLƏR
BÖYÜT