Jurnalist Mürvət Yusifov: "Bu kitabla Göyçə tarixi və ənənəsi yalana çıxarılıb"
17:56 – 21 İyul, 2017

Son günlər həm mətbuatda, həm də sosial şəbəkələrdə Göyçə mahalı və Aşıq Ələsgərlə bağlı müzakirələr gedir. Buna səbəb iddiaçıların dediyinə görə müəllif Nazir Əhmədlinin Göyçə mahalı haqqında yazdığı kitabda yol verdiyi ciddi təhriflərdir. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu məsələ ətrafında ciddi fikir mübadiləsi aparılıb.

 

Şair-tədqiqatçı Niftalı Göyçəli deyib ki, Nazir Əhmədli müəllifi olduğu kitabda Göyçədə erməni kəndlərinin olduğunu göstərib ki, bu da həqiqətə uyğun deyil: "Eyni zamanda Aşıq Ələsgərin şerlərinə girişib. Bu adamın bədii təsvir vasitələrindən xəbəri yoxdur. Şablon qayda da nəyisə əzbərləyib, nəyisə uyğunlaşdırmaq istəyib".

 

Aşıq Ələsgərin nəvəsi Xətai Ələsgərli hesab edir ki, müzakirə edilən kitabın başdan saxtadır: "Aşıq Ələsgərin nəslindən-kökündən olan görkəmli adamlar ki olub, aşıqlar olub, hamısının doğum tarixi dəyişdirilib. Yəni burada bütün babalarımızın, son dövrdə, hətta mənim atamın doğum tarixinə qədər gəlib çıxıb ora, yalançı faktlara don geyindirərək, sanki sübuta yetirməyə çalışıb".  Xətai Ələsgərlinin sözlərinə görə müəllif buna səbəb olaraq, Aşıq Ələsgərin doğum tarixi haqqında hər hansı sənədin olmadığını göstərib. "200-dən çox Göyçə ziyalıları hörmətli prezidentimiz İlham Əliyevə müraciət elədik, o cümlədən Mehriban xanıma, Oqtay Əsədova - Milli Məclisin sədrinə. Bu araşdırılacaq" - Aşıq Ələsgərin nəvəsi belə deyib. 

 

Jurnalist-tədqiqatçı Qabil Zimistanoğlunun sözlərinə görə sözügedən kitabda Aşıq Alı ilə də bağlı faktlar saxtalaşdırılıb: "Mənim kitabımdan da misallar gətirib Nazir Əhmədli. Sonra da qeyd edir ki, ümumiyyətlə indiyə qədər Aşıq Alı haqqında olan tədqiqat işləri düzgün aparılmayıb və Aşıq Alının ömrü xeyli şişirdilibdir".  Qabil Zimistanoğlunun sözlərinə görə sənətkarların tarixini qısaltmaq, Göyçənin tarixini qısaltmaq deməkdir. "Burada erməni məkri var. Burada ümumiyyətlə Göyçəyə bəlli olmayan erməni kəndlərinin adları var. " - Q. Zimistanoğlu bu iddianı irəli sürüb. Jurnalist onu da qeyd edib ki, müəllif erməni mənbələrinə istinad etməklə kitabda Göyçə ilə bağlı faktları şübhə altına qoyur.

 

Jurnalist Mürvət Yusifovun sözlərinə görə o, Nazir Əhmədliyə müxtəlif vaxtlarda özü etirazını bildirib. "Bu kitabla ümumiyyətlə Göyçə tarixi, Göyçə adət-ənənəsi yalana çıxarılıb. Mənim kəndimin, mənim mahalımın tarixini yalanladığını görürəmsə, deməli o biri mahalların haqqında da bu yalanlar var. Buna çalışıb imkan verməyəcəyik. Həm də burada milli maraqlar təhlükə altına düşür" - Mürvət Yusifov belə deyib.  

 

Xətai Ələsgərlinin sözlərinə Nazir Əhmədli öz kitabında Aşıq Ələsgərin ömrünü 31 il qısaldıb: "Deyir ki, 1852-ci ildə anadan olub, bunu oxuculara bildirir. Sonra bunun üzərinə gəlib deyir ki, əgər 41 yaşdan sonra evlənibsə, sonra Aşıq Ələsgərin oğlu Bəşiri deyir ki, hökmən bu 1898-ci ildə anadan olub. Yalanı qurur, üzərinə fakt qoyur".

"Vətənpərvərlər cəmiyyəti"nin sədri Arif Məhərrəmov isə fikrini daha sərt ifadə edib: "Milli dəyərimiz olan Aşıq Ələsgərə kimlərsə söz atırsa, sataşırsa, bu artıq düşmən dəyirmanına su tökməkdir. Bunu başqa cür necə adlandırmaq olar. Milli dəyərlərimiz qorunmalıdır. Bizə düşmən kəsilənlər, siyasətçilər bizim dəyərlərimizə sahib çıxmağa çalışırlar".   

 

Qabil Zimistanoğlu deyib ki, bu kitab sənəd statusuna malik olmadığı səbəbindən informasiya toplusundan başqa bir şey deyil. "Burada təkcə coğrafiyamız, tariximiz saxtalaşdırılmayıb, milli məsələlərə də toxunulub. Yerli türklər tayfalar şəklində göstərilib və Suriyadan, İrandan və yaxud Türkiyədən gələn ermənilər erməni kimi göstərilib. Bu Nazir Əhmədli bir azda irəli gedərək, Ağ Aşığı türklükdən uzaqlaşdıraraq qeyri-millətlərə aparıb çıxarıb. Guya Aşıq Allahverdi kürd tayfasındandır. Onun da nəvəsi etiraz etdi ki, mənim babam türk oğlu türkdür". Qabil Zimistanoğlu belə deyib.

X

XƏBƏRLƏR
BÖYÜT