Abort hallarının qarşısı həkimlər tərəfindən alına bilər
18:11 – 03 Avqust, 2017

Lənkəranda 6 günlük qız uşağının öldürülərək, su quyusuna atılması,  cəmiyyətdə böyük narazılığa səbəb oldu. Hələlik hadisə ilə bağlı rəsmi təqsirləndirilən olmasa da, cəmiyyət elə ailənin özündən şübhələnir. Çünki bu gün qız hələ də övladları ilə bağlı fikirlər birmənalı deyil. Bəs qız övladlarının arzuolunmazlığı nədən irəli gəlir?  Övlada qarşı ayrı-seçkiliyin fəsadları nə ola bilər? APA TV-nin “Bizim həftə” layihəsinin yeni mövsümdəki üzrə ilk buraxılışında bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə son illərdə oğlan və qız uşaqlarının doğulması ilə bağlı statistik dəyişikliklərin olmadığını, bununla belə qız uşaqlarına hələ də mənfi münasibət bəsləyən, onlardan imtina edən ailələri mövcud olduğunu söyləyib: “Əhalinin özünün də bu məsələlərə diqqəti olmalıdır. Vətəndaşlar ətrafında olan bu cür məsələlərə dərhal reaksiya verməlidir”. 

Psixoloq Könül Cəfərova deyib ki, cənub bölgəsində qız uşaqlarının doğuşdan öncə tələf edilməsi ilə bağlı halların mövcud olduğunu söyləyib: “Gəlin qəbul edək ki, bu müəyyən qədər bizim etnopsixologiyamızla bağlıdır. Çünki biz oğlan uşağını daha qabarıq şəkildə yetişdiririk, daha əzizləyir, daha önə çıxardığımız üçün qız uşaqları müəyyən qədər geridə qaldı”.

İlahiyyatçı Rövşən Məmmədov qız uşaqlarına qarşı ayrı-seçkilik siyasətinin 7-ci əsrdə İslam dininin gəlişinə qədər Ərəbistanda daha qabarıq olduğunu söyləyib: “Peyğəmbər kimi  şəxsiyyətin həyatı qızından davam edir, deməli, qız sahibi olmaq, oğlan sahibi olmaq Allahın bir qismətidir”. İlahiyyatçı cinsi ayrı-seçkiliyin vicdan məsələsi  olduğunu söyləyib, eyni zamanda cahillikdən qaynaqlandığını vurğulayıb.

Rahil Süleymanzadə söyləyib ki, uşağın cinsinin əvvəlcədən müəyyən edilməsi, abort hallarına müəyyən qədər təsir edir: “Yaxşı olar ki, həkimlər bu barədə tərəflərin heç birinə məlumat verməsin, Yaxşı olar ki, bu saxlanılsın. Çünki uşaqları bu şəkildə amansızcasına tələf etmək, insanlığa sığmır, heç qanunumuz da bunu qəbul etmir”. R.Süleymanzadə abort hallarını eyni zamanda cəmiyyətdə qadına qarşı zorakılıqların mövcud olması ilə əlaqələndirib.

Könül Cəfərovaya görə cinsi ayrı-seçkiliyin kökündə insanın psixoloji vəziyyətinin pozulması dayanır: “Səbəbsiz heç nə baş vermir. Biz mühakimə edə bilmərik. Mən oxuyuram sosial şəbəkədə və başlayıram mühakimə etməyə. Xeyr, bu düzgün deyil. Birbaşa həmin hadisənin təfərrüatını bilmək lazımdır. Bəlkə də təsadüfi hadisədir, ani baş vermiş ehtiyatsızlıqdır?”.  K.Cəfərova onu da vurğulayıb ki, sağlam şəxsiyyət təqdim etmək istəyiriksə, onun cinsiyyətinə fərq qoyulmamalıdır.  “İnsan cinsiyyətlə deyil, şəxsiyyətlə ölçülür” – psixoloq belə deyib.

Rövşən Məmmədov hesab edir ki, nəslin oğlan uşağı ilə davam etməsin düşüncəsi yanlışdır: “Atasının, anasının cəmiyyət içində başını aşağı edən oğullar var. Xeyirsiz övlad olacaqsa, səni qapı çölünə qoya bilər. İnsan üçün qız övladı nə qədər dəyərlidir? Qız uşaqları ata-anaya daha bağlıdır. Baxırsan ki, ata-ana qıza möhtac qalır”. İlahiyyatçı cinsi ayrı-seçkiliyi, dini dəyərlərə olan diqqətin azalması ilə izah edib.

          

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT