Tanınmış azərbaycanlı müğənni övlad həsrəti çəkir
17:40 – 08 Avqust, 2017

“Yeni albom üzərində çalışdığıma görə bu yay istirahət edə bilməmişəm”. Bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Səyyad Əlizadə deyib. O, “Məşhura istirahət neçəyə başa gəlir?” sualına belə cavab verib: “Mənim istirahətim adətən Məhərrəm ayında olur. Həmin vaxtlar xarici ölkələrin birinə gedirəm. Xərcə gəlincə, hər zaman eyni cür olmur. Amma istirahətə 4-5 min manat pul xərcləyirəm”.

 

Eyni mövzuya verilişin digər qonağı, müğənni Vüqar Muradov da cavab verib: “Mən də hələ istirahət edə bilməmişəm. Mahnılar üzərində işləyirəm ki, ortalığa yeni nəsə çıxsın. Payızda da ən azı bir-iki klip çəkmək niyyətindəyəm. Demək olar ki, klipim yoxdur. Diqqətimi yaradıcılığıma yönəltdiyimə görə, istirahət barədə düşünməyə vaxt olmayıb. Arada Qaxda dincələ bilirəm. Amma tam istirahətim payızda olacaq. Azərbaycandan kənarda dincələndə aşağısı 3-4 min manat xərcim çıxır”.

 

S.Əlizadə şou-biznesdəki durğunluqdan da söhbət açıb: “Bizim sənətdə tənbəl insanlar çoxdur. Amma daim çalışanlar gündəmdə olur. Mənim özüm hər il bir-iki klip çəkdirirəm. Bu yaxınlarda mənim 2 albomum işıq üzü görəcək. İndi hamı deyir ki, albomu neynirsən? Onsuz da satılmır. Onlara cavab olaraq deyirəm ki, bu mənim arxivim üçün lazımdır. İndi bütün dünyada durğunluqdur. Təbii ki, indiki dövrdə qara-ağ mərhələ olur. Bu da keçib gedəcək”.

 

Müğənni əlavə edib ki, bir çox verilişlərə dəvət alsa da, imtina edir: “Cavan vaxtımda bütün verilişlərə gedirdim, Amma indi şou xarakterli verilişlərdə özümü görmürəm. Çünki mənim xarakterim başqa cürdür. Məsələn bir veriliş var idi, müğənninin əllərini bağlayıb, yuxarıdan başına nəsə tökürdülər. Bu nə deməkdi? Bu nə verilişdir? Kiminsə xoşuna gəlmək üçün qram-qram yığdığımız hörməti bir verilişdə itirək? Bu düzgün deyil, ona görə də belə verilişlərə getməmişəm. Mətbəx verilişlərinə də getmirəm. Çünki heç nə bişirə bilmirəm. Niyə o verilişə getməliyəm ki? Elə verilişlər də var ki, müğənnilərə rol verirlər, deyirlər ki, bu rolu oyna. Mən rola girə bilmirəm. Ona görə də belə dəvətlərdən imtina edirəm. Gələn il bu sənətdə olmağımın 40 ili tamamlanacaq. Bu günə qədər yığdığım hörməti qoruyub saxlamaq istəyirəm ”.

 

Daha sonra V.Muradov ona təqdim olunan mahnılardan barədən danışıb: “Bu günə qədər mənə çox mahnı təklif ediblər. Çox səhv edib, bəzilərini repertuarıma daxil edirdim. Mahnıda özümü görmürdüm, amma oxuyurdum. Bilmirdim ki, niyə oxuyuram. Ona görə də bu günə qədər neçə mahnı oxudum, heç biri “tutmadı”. Yəni sevilmədi. Niyəsi də özümdədir. Çünki seçimim doğru olmayıb. Düz 9 il tənbəllik etdim. Amma indi yenidən sənətimə həvəslə başlamışam. Bu günə qədər sənətimə nə qədər pul qoyduğumu da bilmirəm. Mənim evim yoxdur, maşınım var. Reklamıma görə maşınımı satmaram ”.

 

Bir müddət öncə nişanı qayıdan Vüqar yenidən eşq yaşamaq istəyini də açıqlayıb: “İl yarımdır ki, nişan qaytarılıb. Yəqin ki, bundan sonra barəmdə neqativ yazılar olmayacaq. Nişan qayıdandan sonra evlənmək həvəsim soyudu. Amma hərdən düşünürəm ki, evlənmək vaxtıdır. Yaş keçir”.

 

İfaçı onu da əlavə edib ki, illərdir övlad həsrəti ilə yaşayır: “Nə yalan deyim, həqiqətən bəzən tək yaşadığım üçün çox darıxıram. Harada uşaq gördüm, dərhal yaxınlaşıb öpürəm. Məndə uşaq, övlad sevgisi fantastik dərəcədədir. Qismət olar, evlənərəm, övlad həsrətimə son qoyaram”.

 

Daha sonra S.Əlizadə müğənnilərin səhnə geyimlərindən danışaraq bildirib ki, çoxlarının geyimləri ürəyincə deyil: “Mən gənc kişi müğənnilərin geyimlərini tənqid edirəm. İndi nəinki müğənni, indi şəhərdə hamı şortda gəzir. Bəlkə də mən geridə qalmışam. İnsanlara hörmət əlaməti olaraq hər zaman normal geyimlər geyinmişəm. Təsəvvür edin, 22 ildir ki, Bakıda dənizə getmirəm. Çünki məni səhnədə görüblər, istəmirəm ki, çimərlikdə də görsünlər”.

 

 

Müğənnin bu sözlərinə gənc həmkarı da biganə qalmayıb: “Mən şəxsən cırıq cinsdə səhnəyə çıxmaram. Heç mənim bədən ölçülərim də buna imkan vermir. Yəni heç onu adi həyatda da geyinmirəm. Ürəyim istəsə geyinərəm, sadəcə bunu özümdə qəbul eləmirəm. Başqası necə qəbul edirsə, özü bilər. Məncə hər bir insan öz əndamına uyğun geyinməlidir. 2 metr boyum  var, elə geyimlər geyinsəm, vulqar görünər. Bəzən zövqsüz geyinirəm. Bunu etiraf edirəm. Əynimə geyimlər tapmaq üçün çox çətinlik çəkirəm”.

 

S.Əlizadə bu günə qədər dəstək olduğu sənətçilərin adlarını açıqlayıb: “Vallah məndən kim kömək istəyib, əsirgəməmişəm. Mətanət İsgəndərli ilə bir duet oxudum, albom çıxardıq. Ondan sonra tanındı. Mənzurə Musayeva, Türkanə xanım, Şirazi və bir neçələrinə də dəstək olmuşam. Əməyimi danmırlar. Mən gənc olanda tanınmış müğənnilərə yaxınlaşırdım ki, mənə kömək olun, olmurdular. O da mənə bir dərs olurdu. Deyirdim ki, özüm tanınmış olsam, mənə müraciət edənlərə dəstək olacam ”.

 

X

XƏBƏRLƏR
BÖYÜT