Bakı şəhərində taksilərin sayı məhdudlaşdırılacaq?
17:49 – 10 Avqust, 2017

Son illər Azərbaycanda sifarişli taksi xidmətlərinin sayı artmaqdadır. Bu xidmətlərin  səviyyəsi isə, sərnişinləri narahat edən məsələlərdən biridir. Taksi kimi istifadə olunan avtomobillərin vəziyyəti necədir? Sürücülərin peşəkarlıq səviyyəsi qane edirmi? Sərnişinlər nədən narazıdırlar? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında bu məsələlər geniş müzakirə olunub.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyi yaradılandan taksi fəaliyyəti üçün əlverişli şərait yaradılıb: "Taksi xidməti ilə bağlı layihələr hazırlanır. Belə layihələrdən biri də kvotanın hazırlanmasıdır. Kvota məsələsi dünyanın bir sıra inkişaf etmiş şəhərlərində də tətbiq edilir. Hər bir şəhərdə həmin şəhərin əhalisinin sayına uyğun olaraq taksi kvotası müəyyənləşdirilib". M. Ağayev kvotanın məhdudiyyətə səbəb olacağını da istisna etməyib.

Hazırda taksi xidmətinin müəyyən qədər nizamlandığını deyən ekspert Azər Allahverənovun sözlərinə görə kvotanın tətbiq edilməsi də sözügedən nizamsızlığın tam olaraq aradan qaldırılmasına xidmət edir.   "Ən ciddi problem həmin o kvotanın bölüşdürülməsində ortaya çıxa bilər. O kriteriyalar düzgün şəkildə müəyyən edilməlidir ki, xidməti yüksək səviyyədə təşkil edən şirkət və ya fiziki şəxs həmin kvotadan yararlana bilsin. Bu növ rəqabət üçün də faktor rolunu oynayır. Xidmət göstərən tərəf maksimum xidməti yaxşılaşdırmağa can atmalıdır". 

 

Mais Ağayev deyib ki, bu gün əksər insanlar taksi fəaliyyəti ilə məşğul olmağa asan qazanc yolu kimi baxırlar: "Əsas məqsədimiz taksi xidməti sahəsində keyfiyyəti artırmaqdır. Sifarişli taksi xidməti göstərən şirkətlər sayəsində gediş haqları normaldır. Hər birimizin cibinə uyğundur, hər birimiz onların xidmətindən istifadə edirik. Lakin gəlin görək onların xidmət keyfiyyəti bizi qane edirmi? Əksər hallarda olur ki, həmin sürücülər naviqasiya ilə işləyə bilmirlər, gedəcəyin obyektin yerini müəyyənləşdirə bilmirlər. Yalnız qiymətdə rəqabət aparıram deyib, nasaz nəqliyyat vasitəsi xidmət göstər bilərmi fikri düzgün bir şey deyil. Bəzi taksi xidmətləri müvafiq dövlət qeydiyyatından keçib nömrəni alır və sadəcə vasitəçilik edirlər. Heç bir məsuliyyət daşımırlar".

 

Azər Allahverənov deyib ki, sifarişli taksi xidmətlərinin bəziləri sərnişinləri gözlətdikləri səbəbindən, bu da haqlı narazılığa səbəb olur: "Əgər məndən sifariş götürülürsə, bu o deməkdir ki, filan saatda maşın olmalıdır". 

 

Verilişə telefonla bağlantı ilə qoşulan Kamran Qasımov adlı tamaşaçı deyib ki, sifarişli taksi xidmətlərində fəaliyyət göstərən sürücülərin əksəriyyəti ünvanları tanımır: "Mən şəhərin məşhur "Olimp" mağazasının yerləşdiyi İnşaatçılar prospektini sifariş etmişəm, başımda qarışıb, aparıb məni çıxarıb Olimpik Stara". K. Qasımov qiyməti ucuz olan bəzi taksi xidmətlərində zəng mərkəzlərinin zəif işlədiyini də vurğulayıb: "Zəng mərkəzi işləmir, zəng vurursan məşğul göstərir. Zəng edirsən deyir həmin ərazidə taksi yoxdur, bir-iki saata olacaq. Biz nə üçün taksidən istifadə edirik? Cibimizə qənaət etmədən, vaxtımıza qənaət edək". K. Qasımov həmçinin bəzi taksilərin xarici görünüş baxımından bərbad olduğunu da qeyd edib.

 

Taksi sürücüsü Elşad Əsgərxanov naviqasiya ilə bağlı yaranan problemləri də qeyd edib: "Bir neçə il bundan əvvəl ünvanların nömrələrinin dəyişməsi məsələsi gedib. Məsələn Fətəli xan Xosyki 149 A olan bir bina indi Fətəli xan Xoyski 214-dür. Amma ümumiyyətlə naviqasiya gözəl bir sistemdir. Mən neçə il Bakı şəhərində taksi sürməyimə baxmayaraq, naviqasiyadan istifadə edirəm".  E. Əsgərxanov onu da deyib ki, sifarişli taksi xidmətlərində qiymətlərin aşağı olması fərdi taksi sahiblərinin işini əngəlləsə də, bu cür xidmətlərin olması ümumilikdə müsbət haldır.

 

Mais Ağayev deyib ki, son bir ildə 15.000-ə yaxın şəxs fərqlənmə nişanının alınmasına cəlb edilib: "Aylıq olaraq 4000-5000 nəfərə yaxın şəxs gəlir, fərqlənmə nişanı alır". M. Ağayev qeyd edib ki, taksi xidmətində qanunsuzluğun tam olaraq aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyinin məcbur etmə və cəzalandırma mexanizmləri yoxdur. M. Ağayevin sözlərinə görə Bakı Nəqliyyat Agentliyinin nəzdində artıq sürücü təlim mərkəzi yaradılıb.

 

Mais Ağayevin sözlərinə görə sifarişli taksi xidmətlərindən istifadə edən sərnişinlər öz şikayətlərini 141 Çağrı mərkəzinə zəng edərək bildirə bilərlər: "Həmin o taksi şikayəti ilə bağlı tədbirlər görüləcək. Bu gün 40-a yaxın sifarişli taksi xidməti var. Onların içərisində maksimum 10-u normal fəaliyyət göstərir. Əgər bir şirkətin sürücülərindən şikayət artırsa, təbii ki, həmin sürücülərə fərqlənmə nişanının verilməsi dayandırılır".       

 

Elşad Əsgərxanov öz təcrübəsinə əsaslanaraq bildirib ki, taksi sürücüsünün bilikli olması, ona müştəri qazandırır.          

 

 

X

XƏBƏRLƏR
BÖYÜT