Azərbaycan hərbçiləri “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının qalibi olublar
15:00 – 11 Avqust, 2017

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib.  Bağlanış mərasimi musiqili proqramla başlayıb.

 

Daha sonra "Qalibiyyət" kuboku və  “Dəniz Kuboku-2017” yarışlarında iştirak edən ölkələrin dövlət bayraqları gətirilib, "Dəniz Kuboku-2017” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

 

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

 

İran HDQ-nin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

 

Qalib komandalara kubok və medalları Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin təqdim ediblər. Daha sonra Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib.

 

"Qalibiyyət" kuboku 6 ay Azərbaycanda qaldıqdan sonra Rusiyaya təqdim olunacaq. 

Müdafiə nazirinin müavini Kərim Vəliyev müsabiqənin şəffaf şəkildə keçirildiyini diqqətə çatdırıb. O əlavə edib ki, yarışların keçirilməsi üçün Azərbaycan tərəfindən yüksək şərait yaradılıb.

 

"Bu yarışlarda iştirak etmək üçün ölkəmizə gələn Rusiya, İran və Qazaxıstan respublikasının hərbi gəmiləri 1 aya yaxındır ki, doğma Bakımızın qonağıdır. Bu yarışlar daha çox iştirakçılar cəlb edir və qoşunların peşəkar hazırlıq səviyyəsinin müəyyən edilməsi üçün möhkəm əsas yaradır".

 

Nazir müavini "Dəniz kuboku-2017" beynəlxalq müsabiqəsini bağlı elan edib.

 

Tədbirdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində beynəlxalq yarışlarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edənlər təşkilatçılara təşəkkürünü bildirib, yarışların son dərəcə maraqlı keçdiyini qeyd ediblər.  

 

X

XƏBƏRLƏR
BÖYÜT