Lerikdə tapılan qəbiristanlığın tarixi 2500 il əvvələ aiddir
15:42 – 11 Avqust, 2017

Lerik rayonunda antik dövrə aid yeni tapıntılar, eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri müəyyən edilib.


APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri artıq 6  ildir Lerik rayonunun Gürdəsər kəndidə genişmiqyaslı arxeoloji tədqiqat işləri görür. Qazıntılar kəndin Piboz təpə adlanan ərazisində antik dövr qəbiristanlığında aparılır. Yeni tapıntılar da elə bu ərazidə aşkarlanıb. Aşkar olunan qəbristanlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib: "Bu qəbirlərdə bizim uzunmüddətli tədqiqatlarımızın nəticəsində 120-dən çox qəbir aşkarlanıb. Bu qəbirlərdəki kişi, qadın və uşaqların statistik tədqiqatı dəqiqləşdirilir. Burada qəbirlərə çox maraqlı əşyalar - qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları, saxsı qablar qoyulub".

Tapılan yeni maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsirini izləmək mümkündür. Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış yeri də aşkar edilib. Hazırda həmin ərazidə də qazıntı işləri aparılır. Arxeoloji tədqiqatlara amerikalı mütəxəssislər də qatılıb: "Biz artıq ikinci ildir, Gürdəsərdə qazıntı aparırıq, olduqca maraqlı abidədir. 2500 il əvvəlki dövlətlərin izlərinə burada rast gəlinir və biz azərbaycanlı arxeoloqlarla birgə əməkdaşlıqdan məmunuq".

Lerik rayonu ərazisində yeni qədim yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli qazıntı işləri də həyata keçirilir. Bu il avqust ayının sonuna qədər ərazidə qazıntı işləri aparılacaq: "Çöl işlərindən sonra aşkar olunmuş materalların lobaratoriya və komeral işləri başlanılacaq və burada bildiyiniz kimi təbii faktorlar, təsərrüfat işləri, müəyyən aşınmalar nəticəsində qəbirlərdə insan sümükləri, qab-qacaq, silahlar müəyyən dağıntılara məruz qalıb ki, bu tapıntıları bərpa, konservasiya etmək, fotosənədləşmə etmək kimi müəyyən işlərimiz var".

Qeyd edək ki, bu günə qədər  Lerik rayonunda ümumilikdə 50 belə yer müəyyən edilib.
 

X

XƏBƏRLƏR
BÖYÜT