Turizm bölgəsində polis yoxlaması: İSMAYILLI VƏ QƏBƏLƏDƏ
16:29 – 11 Avqust, 2017

Avtomobillərin konstruksiyasında dəyişiklik edərək maşınları fərqli formaya salan, görməni məhdudlaşdıran və kustar üsulla hazırlanan pərdədən istifadə edən, hüququ olmadan sükan arxasına keçən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü tağımının İsmayıllı rayonundakı 715 saylı postu tərəfindən yay turizm mövsümündə İsmayıllı və Qəbələ rayonlarına gələn yerli və xarici qonaqların təhlükəsizliyinin təmin olunması məqsədilə reyd keçirilib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən yoxlamalar zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər də aşkarlanıb. Həmin avtomobil sahiblərinə inzibati protokol tərtib olunub. Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib.


Əsas məqsəd sərnişindaşıyan avtobusların daha diqqətlə yoxlanılması və sərnişinlərin təhlükəsizliyini təmin etmək olub.


Yol polisi əməkdaşları yay turizm mövsümü ilə əlaqədar olaraq İsmayıllı və Qəbələ rayonlarına gələn yerli və xarici qonaqların təhlükəsizliyinin təmin olunması üçün sürücülər arasında mütəmadi olaraq reydləri davam etdirəcəklərini bildiriblər.

  
 

X

XƏBƏRLƏR
BÖYÜT