İşə qəbul olunacaq idman müəllimləri üçün müsabiqə keçirildi
15:01 – 12 Avqust, 2017

Bu il orta məktəblərə işə qəbul prosesində ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib.  APA TV-nin məlumatına görə, avqustun 11-dən etibarən fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start verilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsində müəllimlərin fiziki bacarıqları yoxlanılıb. Bu mərhələ bitdikdən sonra müəllimlər vakansiya seçmək imkanı qazanacaqlar. 

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini  Eşqi Bağırov bildirib ki,  müəllimlərin işə qəbulu üzrə test mərhələsində 40 minə yaxın müəllim iştirak edib:

 

"Mövcud qaydalara əsasən müəllimlər test mərhələsindən sonra vakant yerləri seçirlər və daha sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət edilir. Lakin bu il yenilikdir ki, keçid balı toplayan fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə müəllimlərin əvvəl qabiliyyətlərini qiymətləndirir, sonra vakansiya seçim mərhələsinə buraxırıq. Əvvəlki illərdə belə hallar olmayıb. Gördüyünüz kimi müəllimlər ilkin olaraq öz qabiliyyətlərini nümayiş etdirirlər".

 

Fiziki bacarıqları qənaətbəxş olan müəllimlər daha sonra müsahibə mərhələsinə keçid alır, burada onların  ümumi dünya görüşü, peşəkarlıq səviyyəsi, psixoloji vəziyyəti,    qiymətləndirilərək, yekun qərar verilir:   

 

"Növbəti həftə ərzində fiziki tərbiyə müəllimləri üçün vakansiya seçim mərhələsinə start veriləcək və vakant yeri tutmaq arzu edən namizədlər birbaşa təyinat alacaqlar. Növbəti həftə ərzində,  musiqi  fənnindən eyni zamanda təsviri incəsənət fənni üzrə imtahan verən namizədlər üçün də qabiliyyət imtahanları olacaq".

 

Eşqi Bağırov deyib ki, qabiliyyət imtahanından keçə bilməyən müəllimlərə isə il ərzində yaranan vakant yerlər üçün müddətli əmək müqaviləsi bağlanıla bilər . 

 

Müsabiqəyə qatılan müəllimlər normativlərin asan olduğunu deyir. Aynurə Əliyeva üç mərhələdən keçdiyini bildirib: "Bu gün imtahana gəldim, 3 mərhələdən keçdim. Normativləri tam yerinə yetirdim. Çox asan normativlər idi. Normativləri keçəndən sonra müsahibə mərhələsinə çağırdılar. Müsahibə mərhələsində də suallar verdilər. Orta məktəbdə müəllimə işləməyi düşünürəm".

 

Asif Qasımov da müsabiqəni uğurla keçən müəllimlərdəndir: "13 dəfə "jim" 2 metr 15 sm yerindən tullanma. Keçdim, yaxşı oldu. Sonuncu mərhələ qalıb. Yəqin ki, o da yaxşı olar. Alınsa, öz məktəbimizdə idman müəllimi olmaq istəyirəm".

 

Ceyhun Babayev müqavilə əsasında işləyən müəllimlərdəndir, bu il növbəti dəfə imtahan verərək, müvafiq keçid balı toplayıb: "Müsabiqəni gözləyirik, müsabiqəyə gedəcəyik. Turniki rahat şəkildə keçdim, artıq məktəbdə müəllim işləyirəm. Müqavilə ilə işləyirdim, ona görə bu il yenə imtahan verdim, müsabiqəyə çağırıldım".

 

Qeyd edək ki, hər 3 fənn üzrə qabiliyyət imtahanında 20 minə yaxın müəllimin iştirakı nəzərdə tutulub.

 

X

XƏBƏRLƏR
BÖYÜT