İlahiyyatçı: "Şiə məzhəbi İmam Əlini peyğəmbərlə eyniləşdirmir, əliallahilər qəbul edilməzdir"
10:47 – 18 Avqust, 2017

Həzrəti Əli Azərbaycanda olubmu? Neçə yaşında islamı qəbul edib?  İmama Allah deyənlər kimlərdir? 

 

“ İmam Əli islamda önəmli xidmətləri olan böyük şəxsiyyətdir. Ondan bəhs olunan “Qurani-Kərim” ayələri var”.

 

Bunu  ilahiyyatçı Hacı Eldayaq Hüseynov  “Yaşıl orta” verilişində deyib. İmam Əlinin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Fərid Abdulla da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı ətraflı məlumat verib.  E.Hüseynov  bildirib ki, el arasında işlədilən “Əli yolu” ifadəsi imamın haqq yoluna işarədir: “ O, böyük şəxsiyyət idi. Elminə, ədalətinə, səxavətinə, döyüş şücayətinə dair bir çox hədislər var. Həmçinin İmam Əli bütün dini əqidələrin, məzhəblərin qəbul etdiyi və sevdiyi ortaq dəyərdi”.

 

İlahiyyatçı Fərid Abdulla isə İmam Əlini möcüzə adlandırıb: “ O, peyğəmbərin tərbiyəsi ilə böyümüş, Allah rəsulunun yetişdirdiyi bir möcüzə idi. Onun elmi, dindəki xidmətləri böyük şəxsiyyət kimi qəbul olunmasına yetərlidir. Düzdür, hələ də müxtəlif bölgələrimizdə imamla bağlı rəvayətlər var. Çoxu yalan, qondarma  hekayələrdi. Məsələn, İmam Əlinin qılıncı ilə dağı yarması kimi. Bu cür şişirdilmiş rəvayətlər sevgidən yaransa da doğru məlumatlar deyil. İmam Əlinin belə uydurma hekayətlərə ehtiyacı yoxdur. Onun böyüklüyü şücayəti, ədaləti, səxavəti kimi yüksək dəyərlərlə ölçülür”.

 

F.Abdulla qeyd edib ki, Hz.Əlinin Azərbaycanda olmasına  dair tarixi dəlil yoxdur: “ Bununla bağlı da rəvayətlər var. Bəlkə də imamın ölkəmizə səfər etməməsi kimlərisə məyus edə bilər. Amma həqiqəti söyləmək və qəbul etmək lazımdır. Bu cür uydurma rəvayətlər İmam Əliyə olan  sevgidən qaynaqlanır. Ona olan sevgidə ifrata varanlar, hətta imama Allah deyənlər də var. Bəziləri ələvilərin əliallahi olduğunu zənn edir. Amma belə deyil. Mən şəxsən təcrübəmdə əliallahilərlə rastlaşmamışam.  Onu xüsusi ilə qeyd etməliyik ki, əliallahilik  dində qəbuledilməz bir əqidədir”.

X

XƏBƏRLƏR
BÖYÜT