"Qarabağ"ın heyətini hava limanında izdiham qarşıladı
13:04 – 24 Avqust, 2017

Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququnu təmin edən "Qarabağ" klubunun heyəti bu gün səhər saatlarında Bakıya qayıdıb. APA TV-nin məlumatına görə, Kopenhagendən xüsusi reyslə Bakıya qayıdan komanda üzvlərini Heydər Əliyev hava limanında çoxlu sayda tərəfdar qarşılayıb.

 

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyunun çətin keçdiyini deyib:

 

"Bütün azarkeşləri təbrik edirəm. Əslində çətin oyun idi, amma əsas olan yekun nəticədir. Belə oyunlar bizə fayda verir. Belə bir həlledici oyunda oynamaq bizim üçün əhəmiyyətli idi. Allah şükür olsun ki, hər şey bizim tərəfimizdə oldu".

 

Qurban Qurbanov "Kopenhagen"in qapısına vurulan qoldan sonra onu ilk kimin təbrik etdiyini xatırlaya bilmir:

 

"Hər qoldan sonra belə hallar olur. Məni ilk təbrik edən yadımda deyil. İşimizdə belə şeylər olur, heç bir şey hiss etmədim. Buraxdığımız qollara gəldikdə səhvsiz futbol olmur. Qollar hamısı öz səhvimizdən oldu".

 

Baş məşqçi qrup mərhələsində hansı komandalarla qarşılaşmaq istədiyi barədə sualı belə cavablandırıb:

 

"Xüsusi olaraq heç bir komandanı arzulamırıq, heç kimdən də qorxumuz yoxdur. Oynayacağıq. Özümə gəldikdə isə ilk işim uşaqlarımı görmək olacaq. Bu qələbə futbolu daha da sevindirəcək, futbola olan marağı daha da artıracaq. Biz azarkeşlər üçün oynayırıq, hər birini təbrik edirəm. Düşünürəm ki, bu qələbənin, bu oyunun bizim birliyimizdə, daha da möhkəm olmağımızda faydalı oldu".

 

Təcrübəli futbolçumuz Rəşad Sadıqov rəqibin güclü olduğunu deyib:

 

"Bilirdik ki, bizi çətin səfər oyunu gözləyir, rəqib son dəqiqəyə qədər əlindən gələni edəcək ki, turu keçsin. Həm də bilirdik ki, təcrübəli komandadır və hər an təhlükəli ola bilər. Birinci dəqiqədən mübarizə apardıq. Allaha çox şükür ki, mərhələni keçən tərəf biz olduq".

 

Rəşad Sadıqov "Qarabağ"ın bu nəticəyə nail olmaq üçün illərdir çalışdığını deyib:

 

"Keçən il Çempionlar Liqasını üzücü tərk etmişdik. Bu il də hazırlıq dövründə də məğlubiyyətlərimiz olurdu. İnsanlarda bizə qarşı inamsızlıq yaranmışdı. Lakin birinci gündən bilirdik ki, nəticəyə nail olmaq üçün çox əziyyət çəkməliyik və həqiqətən əziyyət çəkirdik. Mövsümün əvvəlində istədiyimiz transferlər reallaşmadı. Qurban müəllimi bir daha təbrik edirəm ki, transfersiz, köhnə heyətlə tur keçdi. Milli komandanın üzvlərindən zədəlilər çox oldu. Dünən də son nöqtəni qoyaraq Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazandıq".

 

Rəşad Sadıqov əldə olunan nəticədə baş məşqçinin sistem dəyişikliyinə əl atmasının mühüm rol oynadığını deyib:

 

"Elə şeylər var ki, heç kim hiss etmir. Dünən Qurban müəllim 2-3 dəfə sistem dəyişdi. Belə oyunlarda sistem dəyişmək risklidir. Hətta birinci hissədə məğlub olanda bizə yaxşı oynayırsınız deyərək motivasiya etdi. Dedi ki, biz bu mərhələni keçəcəyik, mən sizə inanıram. Allaha şükür ki, komanda olaraq mübarizə apardıq və qazandıq. Bütün xalqımızı təbrik edirəm, bu bizim komandamız deyil, bu, xalqın komandasıdır". 

X

XƏBƏRLƏR
BÖYÜT