İntihar qarşısını almaq əvəzinə, onu çəkirik
17:54 – 24 Avqust, 2017

"Qarabağ" futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi sosial şəbəkələrdə hədsiz sevincə səbəb oldu. İnsanlar öz hiss-həyəcanlarını müxtəlif məzmunlu statuslarla ifadə etdilər, hətta bəzi sosial şəbəkə istifadəçiləri "Qarabağ" qalib olacağı təqdirdə müxtəlif vədlər də vermişdilər. Amma sosial şəbəkələr təkcə pozitiv əhval-ruhiyyəli xəbərlərdən ibarət deyil. Burada kifayət qədər qəza, intihar, münaqişə videolarına rast gəlmək mümkündür. Belə paylaşmaların müsbət və mənfi cəhətləri hansılardır? Tərəfdarlar və əleyhdarların məsələyə münasibəti necədir? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında sosial şəbəkələrdə sevincə və dərdə şərik etmək üçün paylaşılan statuslardan danışılıb.  

   

Psixoloq Elnur Rüstəmov deyib ki, "Qarabağ"ın qələbə qazanmasının özünün xüsusi bir əhəmiyyəti var: "Çünki qələbə qazanan komanda Qarabağın adını daşıyır. Bizim hər Azərbaycan vətəndaşının içində bir nisgildir. Mən inanıram ki, "Neftçi" bu qələbəni qazansaydı,  sevinərdilər, amma bu qədər olmayacaqdı". Elnur Rüstəmov qeyd edib ki, insanların sevinci bu formada paylaşması normaldır: "Bu cür situasiyada paylaşmayanda özünü narahat hiss edirsən. İstər-istəməz axın insanı aparır".  

 

"Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş müğənni Nigar Camal isə həmin dövrdə sosial şəbəkələrdə yazılanları belə xatırlayıb: "Birinci üç gün çox gözəl şərhlər var idi. Üç gündən sonra o qədər mənfi şərh gəldi ki,  dedim kaş oxumazdım".

 

Gənc yazar Çinarə Ömray hesab edir ki, sosial şəbəkələrdə verilən vədlər əslində inamsızlıqdan irəli gəlir.  Gənc yazar həmçinin kədər və acıya baxmayaraq, sosial şəbəkələrdə paylaşılan statuslara da toxunub: "Kiminsə valideyni can verir. O an içində özünə zaman tapır və sosial şəbəkədə paylaşım edir ki, atam can verir, dua İnsan yaxınını itirir, o acının içində necə zaman ayıra bilir? İnsanlar kədərlərindən ayrılıb necə onu ictimaiyyətə çatdıra bilirlər?"

 

Elnur Rüstəmli isə bu cür paylaşmaların səbəbini daha çox mənəvi təskinlik tapmada görür: "Bu gün cəmiyyətin daha çox sevinci paylaşmağa ehtiyacı var. Təsiri və faydası daha çox olacaq. Görürsən ki adam intihar edir, kömək etmək əvəzinə onu çəkir?" Psixoloq sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin yüksək fəallıq göstərdiyini də vurğulayıb. "Bəzən səhər oyanırsan, baxırsan elə şey paylaşırlar ki, adamın əhvalı korlanır".

 

Nigar Camal hesab edir ki, bəzi insanların pozitiv paylaşmalara paxıllığı tutur: "İnsanlar pozitiv nə isə oxuyanda da aqressivləşirlər".  Sosial şəbəkələrdə yazdığı statusları bəzən sildiyini deyən müğənni, bunu aqressiv şərhlərə əlaqələndirib. "İnsanlar məni bilmədən, tanımadan yazırlar ki, sənə nə var, İngiltərədə yaşayırsan.  İnsanların necə əziyyət çəkdiyini bilmirsən. Problem bilirsiniz nədədir? İnsanlarda paxıllığın yaranmasından" - Nigar Camal belə deyib.  Müğənni həmçinin "Facebook" sosial şəbəkəsini xoşlamadığını, pozitiv statuslara görə daxil olub əhval-ruhiyyəsini qaldırdığını söyləyib. 

 

Elnur Rüstəmov pozitivliyə aqressiv münasibət bildirən insanları psixoloji cəhətdən problemi kimi qiymətləndirib: "Kim olursa olsun, obyekt lazımdır ki, ora nifrəti yönəltsinlər. Onlar səhər gözləyirlər ki, hədəfə kim çıxacaq. Onlar psixoloji cəhətdən xəstə adamlardır".

 

 

   

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT