Dərsə gedən bir uşaq... Bazarlıq neçəyə başa gəlir? - REPORTAJ
13:16 – 26 Avqust, 2017

Yeni dərs ilinin başlamasına 3 həftədən az vaxt qalıb. APA TV-nin məlumatına görə, bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub. Məqsəd məhsulların alıcılara ucuz və sərfəli qiymətlərlə təklif edilməsidir. Biz də yarmarkadakı məktəbli ləvazimatlarının qiymətləri öyrənmək istədik: "Dəftərlər 10 qəpikdən başlayır, Türkiyədən var, öz dəftərlərimiz var, ona görə də fərqli qiymətlərdir. Keyfiyyət fərqi var, Türkiyədən gətirilən daha keyfiyyətlidir. 12 vərəq dəftərin sadəsi 10 qəpikdir, üstü şəkilli 20 qəpikdir, 40 vərəqli 30 qəpik, 60 vərəqli isə 60 qəpikdir, 100 vərəqlilər 70 qəpikdir"

 

Yarmarkada hər büdcəyə uyğun alış-veriş etmək mümkündür. Xətkeş 60 qəpik-2 manat, sadə qələm 10-40 qəpik, rəngli karandaş 1-5 manat, qələm 20 qəpik-1 manat, dəftər üzü 20-50 qəpik, kitab üzü 50-1 manat 50 qəpik, gündəlik 1,50-3 manat, su qabı 3-8 manat, su termosu  7-10 manat arasında satılır. Məhsulların qiyməti idxal olunduğu ölkəyə və qiymətinə görə fərqlənir: "Çantaların qiyməti 15 manatdan başlayır. Ən yüksək qiyməti 40 manatdır, Türkiyədən gətirildiyinə görə baha başa gəlir. 50 manata təkərli çantalardır. Yarmarkada Çindən və Türkiyədən gələn mallar var, məsələn, bu çantalar bir-birinə oxşayır, amma Çin istehsalı olan bu çanta 15 manatdır, eyni görünüşdə olan çanta isə 30 manatdır".

 

Satıcı deyir ki, yarmarkada satılan məhsulların qiymətləri digər satış yerləri ilə müqayisədə aşağıdır. Qızı ilə alış-verişə gələn  alıcı da yarmarkada ki bəzi qiymətlərdən razı qaldığı dedi: "Qiymətlər o qədərdə baha deyil. Biz Qara Qarayev də qalırıq, burda 60 qəpiyə olan dəftər bizdə 80 qəpikdir. Biz tərəfə baxanda, burda yaxşıdır, 20 qəpik də puldur, dəftər, gündəlik alacayıq, amma iş dəftərləri bahadır".
 

Satıcı Araz Hacıyev müştəri azlığından şikayətlənir. Deyir, ötən ilə nisbətən bu il qiymətlər artıb: "Qiymətlər artıb. Alıcılıq qabiliyyəti o qədər də güclü deyil, bu, qiymətlə bağlıdır. Qiymətlər yazılıb, 25, 35 manata var, ötən illə haradasa 6-7-10 manat civarında fərq var".

 

"Hələlik gündəlik, kitablar üçün üzlüklər alıram. Keçən il məktəb kitabçasını 2 manat 50 qəpiyə almışdıq. İndi 3 manatdır".

 

Satıcı deyir ki, alıcılar ən çox sentyabrda məktəbin açılmasına az qalmış alış-veriş etməyə üstünlük verir. Paytaxtda fəaliyyət göstərən yarmarkalardakı qiymətləri müqayisə etmək üçün 28 may metrostansiyasının yaxınlığındakı bazarda da olduq. Burda da qiymətlər digər satış yarmarkalarından fərqlənmir. Endirimlər  də olur: "Qiymətlər çeşidlərə uyğundur. Türkiyə, Çin, Rusiya istehsalı var. 9 manatdan başlayır çantalar 15-10-30 manat arası dəyişir. Elə çantalar var ki, Türkiyə istehsalıdır, 90-80 manatdır. 15-20 faizədək endirimlərimiz də olur".

 

"Qələmlərimiz 10 qəpikdən-80 qəpiyə qədər dəyişir, çeşiddən asılıdır, hədiyyəlik qələmlər var, topdan satış qiymətinə satılır".

 

Bir uşağın məktəbli ləvazimatlarla təmin edilməsi üçün 150-200 manata başa gəlir. Alıcılar arasında məhsulların qiymətlərindən razı qalanlar da var idi, narazı qalanlar da: "Pis deyil qiymətlər, məncə yaxşıdır, su qabı almışıq, gündəlik, yemək qabı aldıq, 9 manata su qabı, 3 manata yemək qabı, gündəlik 1 manat 50 qəpiyə satılır".

 

"Çox bahadır, 1-ci sinfə almaq istəyirsən, çantalar 25-30-40 manata belə şey olar? Qız uşağıdır, istəyirsən yaxşı, keyfiyyətli olsun, amma çox bahadır".

 

Çəkiliş zamanı ukraynalı turistin də alış-veriş etdiyini şahidi olduq: "Bacıma, qardaşıma Azərbaycanın milli atributlarını, mədəniyyətini əks etdirən üzlüklü dəftərlər alıram ki öz şəhərləri haqda unutmasınlar. Qiymətlər də əlverişlidir, Ukrayna ilə müqayisə etsək normaldır".

 

Qeyd edək ki, yarmarkalar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti tərəfindən təşkil olunub. Yarmarkalar sentyabrın ayın 20-dək fəaliyyət göstərəcək və saylarının artırılması da gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT