11 cərrahiyyə əməliyyatı keçirmiş gənc qadın iki qızı ilə çöldə qalıb – Həyat Dramı
14:55 – 28 Avqust, 2017

Çıxılmaz vəziyyətdə olan 4 qadından söhbət açırıq. Həyatı gəncliyindən puç olmuş Gülnaz nənə, onun qızı Gülnar və iki yetkinlik yaşına çatmaqda olan qız nəvəsi.

 

Gülnar anasının yeganə övladıdır. 1982-ci ilin 31 dekabrında doğulub. 7 yaşından atasız böyüyüb. Anası Gülnaz min-bir əziyyətlə, valideynlərinin və qohumlarının köməyi ilə böyüdüb onu. Amma həyat Gülnarı zaman-zaman daha böyük sınaqlara çəkib.

 

2000-ci ildə Lənkəranın Göyşəbən kəndində Rəşad adlı bir oğlanla ailə qurub, izdivacdan 2 övladları olub. İşsizlikdən Bakıya köçməli olublar, 9 il kirayədə qalıblar. 2010-cu ildə Binə qəsəbəsində torpaq sahəsi alıb, balaca bir ev tikib ora köçüblər. 2011-ci ilin oktyabrında Gülnar qəflətən xəstələnib. Həkimlər kor bağırsağında problem olduğunu bildiriblər. Mərdəkanda cərrahiyyə əməliyyatı keçirib. Ümumilikdə 11 dəfə cərrahiyyə əməliyyatı keçirib Gülnar. Bütün bu əməliyyatlara o, Onkologiyaya institutuna getməmək üçün razı olub. Amma son nəticədə gedəcəyi ünvan yenə də ora olub. 26 yaşınadək canında 11 cərrahiyyə əməliyyatı keçirən iki qız anası Gülnar, nəhayət ki, səhhətində irəliləyiş olmadığını anlayıb Onkologiyaya üz tutub.  

 

Səhhətindəki problemə baxmayaraq Gülnar balalarını saxlamaq üçün işləyib. Səngiməyən ağrılar içində yaşayarkən,  ard-arda cərrahi əməliyyatlar keçirdiyi bir vaxtda həyat yoldaşı onu iki uşaqla qoyub gedir. Gülnar bu sarsıntını tam keçirməmiş başına daha böyük faciə gəlir. Anası ilə birgə yaşadıqları evdə yanğın baş verir və bir anın içində hər şeyləri kül olur. Artıq yetkinlik yaşına çatmış qızları və anası ilə qonşunun evində yaşamağa məcbur olur Gülnar. Qızına və nəvələrinə az da olsa kömək etmək üçün 60 yaşlı Gülnaz nənə kafelərdə gecə-gündüz qab yuyur.  

 

Gülnar danışır ki, səhhətindəki problemlər zatən onların ər-arvad münasibətlərini bitiribmiş. Əri Rəşadın həyatında kiminsə olmasını da hiss edirmiş. Onun kiminləsə telefonla danışdığının şahidi də olub. Elə nəticə də gözlədiyi kimi olub. Rəşad bir gün ailəsini - qadını və iki qız balasını qoyub çıxıb gedib. Gülnar hesab edir ki, Ailədə - qadın və kişi arasında nələrin baş verməsindən asılı olmayaraq atanın öz doğma övladlarını atması və kimlərinsə ümidinə qoyub getməsi vicdansızlıqdır. Deyir 11 dəfə əməliyyat olunmuş, ailəsinə bağlı bir xanımı və hələ müstəqil həyata atılmamış gül balaları görməzlikdən gəlmək insanlığa sığan iş deyil.

Rəşad bir zamanlar mədə qanaxmasından əziyyət çəkirmiş, Gülnar onun sağalması üçün əlindən gələni edib. Gülnarın anası Rəşadın müalicəsi üçün boynundan qızıllarını açıb verib: “Ayrılan qadın tək mən deyiləm. Məni heçə saydı eybi yox. Uşaqları da heçə saydı, yenə də eybi yox. Düşünürdüm ki, hər nə olur olsun, başımızı salmağa yerimiz var. Hər gün qonşu üç gəlinlə ev təmizliyinə, qab yumağa gedirdik. İndi də gedirəm, nə iş oldu gedib işləyirəm. Hər gün işə gedəndə də deyirdim ki, çox şükür bir parça çörək pulumuzu qazanırıq. Binədən Günəşliyə gedirdim ev təmizliyinə. Bir gün səhər işlədiyim evə yenicə nərdivana çıxıb pəncərələri silməyə başlamışdım, telefonuma zəng gəldi. Uşaqların sinif yoldaşı idi, dedi eviniz yanır”.

 

Gülnar evinə yollanıb. Çatanda dəhşət onu bürüyüb. Səhər çay içdiyi stəkandan belə hər şeyin yanıb külə döndüyünü görüb. Deyir onsuz da az olan qızılları da əriyibmiş. Elə ərimiş halda da külün içindən tapıb cüzi qiymətə satıblar. İndi Gülnar övladları üçün ev istəyir. Yeni bir yuva arzusundadır. İki uşaq, ana və nənə evsizdilər. İllərlə yığdıqlarının hesabına torpaq alıb tikdikləri ev daha yoxdur.  

 

Yaşlı anası, yeniyetmə qızları ilə birgə iki aya yaxındır orda-burda qalır Gülnar. Getməyə nə yerləri var, nə də yanmış evi bərpa etməyə köməkləri. Sağaldığını desə də Gülnar tam sağalmayıb... İşlədiyi üçün hərarəti hər gecə qalxır, ağrıları, ürəkbulanmaları olur. Amma o yenə də səhər qalxıb işə gedir, ağır işlərin öhdəsindən gəlir. İki balası üçün edir bunları... Onların gələcəyinin yaxşı olmasını  və təhsil almalarını istəyir. Balaları üçün arzuları böyükdür Gülnarın. Özünü və həyatını, özü ilə bağlı bütün arzuları unudub, yalnız balaları ilə bağlıdır arzuları.

 

Gülnaz nənə kafelərdə qab yumaqla qızına, nəvələrinə kömək etmək istəyir. Amma onun qazandığı da ailənin ayı bir təhər başa çıxarda bilməsində Gülnara kömək olur. Gülnaz nənə özü də bilir ki, qab yumaqla, təmizliklə ev qurmaq mümkün deyil. Amma baqa çarəsi də yoxdur.

 

 

Hazırda qonşu evində yaşayan Gülnaz nənə, Gülnar ana və onların iki qız balası köməksiz, çarəsizdilər. Belə vəziyyətdə uzun müddət yaşamağın mümkün olmadığını anlasalar da, içlərində xeyirxah insanların onlara əl uzadacaqlarına ümidləri də tamam sönməyib. Əslində bu ailə elə də çox şey istəmir həyatdan, imkanı olan insanlardan. İstəyi evin düzəlməsinə kömək olunması, uşaqların təhsil almalarına şərait yaradılmasıdır.

 

Gülnaz nənə deyir ki, hələ yay tam bitməyib. Qarşıda payız da var. Kömək edən olsa, evi ayağa qaldırmağa vaxt var. Amma bir azdan qız gələcək... 

 

...Bu ailənin köməyə ehtiyacı var. İmkanı olan şəxslərdən köməklərini əsirgəməməyi xahiş edirik. 

 

Qeyd: Gördüyünüz bu ailənin yanmış evi Binə qəsəbəsində sovxoz massivində yerləşir. Ailə hazırda qonşunun evinə sığınıb. Onlara kömək etmək istəyənlər 051–698–15-72 nömrəsinə zəng edib Gülnar Seyfullayeva ilə əlaqə saxlaya bilərlər. 

X

XƏBƏRLƏR
BÖYÜT