Bakı küçələrində nostalji yaşandı: KLASSİK AVTOMOBİLLƏRİN PARADI
16:59 – 28 Avqust, 2017

Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında  Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüş və sərgisi keçirilib: "Hazırda yürüşdə 100-dən çox klassik avtomobil var. Bu avtomobillərin bəziləri qeydiyyatdan keçmiş  avtomobillər, bir çoxu isə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir".  

 

Tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər sərgilənir:

 

"Avtomobil atamındır. Çox marağı var.  20 avtomobili var, qədim avtomobilləri yığmağı çox xoşlayır.

 

"Babamdan atama "Moskviç-408" qalmışdı. Ondan da əmimə keçdi. Sonra mən də həvəsə gəldim 1968-ci ilin "Moskviç-408"ni tapdım. Detallarını dəyişərək bu vəziyyətə gətirmişəm. Bakılıyıq, Novxanılı İmam Baxış bəyin nəvəsiyəm. Bəy nəvəsi olduğuma görə bakılılığımızı göstərməliyik".

 

"Bizdə ailəliklədir. Yoldaşımda da "Volqa QAZ-21"dir. Məndə də bu maşındır. Biz ailəliklə xoşlayırıq. Gündəlik də sürürük bu maşınları".

 

"Mənim 87 yaşım var. 60-cı ildən bu maşın məndədir. Mən bunu Moskvadan almışam, 1977-ci ildə. Neftçiyəm, mənə "Volqa QAZ-24" veriblər. Bunu saxlamışam, qarajda qalıb. Haradasa 2 il bundan əvvəl uşaqlarım götürüb, yenidən təmir edib, 85 yaşıma hədiyyə ediblər. 70 il olacaq ki, sükan arxasındayam".

 

"Mən özüm 8 ildir avtomobil idarə edirəm, həvəsim böyükdür, istədim gəlim iştirak edim, baxım".
 

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib: "Təməli  ulu öndər tərəfindən qoyulmuş siyasət, prezidentimiz İlham Əliyev tərəfindən məharətlə davam etdirilir. Bu günkü  tədbir artıq dünyada tanınmış tədbirdir. Bu, Azərbaycanın inkişafını da göstərir. Marağım böyükdür, amma  mənim klassik avtomobilim yoxdur, sürməyə veriblər. Almağı düşünmürəm. Bu "Mercedes Benc"dir, 1964-cü ilin avtomobilidir".

 

"Klassik avtomobilləri olan sevgi məncə hər bir maşın idarə edən insanda var. Çünki hər bir dövrün öz avtomobili, öz mədəniyyəti, öz ab-havası var. Bəli, mənim "Volqa QAZ-21"im var. Təəssüflər olsun ki, bu gün burada deyil, amma gələcək yürüşlərə yəqin ki, o avtomobillə qoşulmaq imkanım da olacaq".

 

"Mənim üçün böyük şərəfdir ki, Heydər Əliyev Fondu məni dəvət edib. Mənim özümün kolleksiyam var. Miniatür maşınlardır. 1-43 miqyasında. Bəlkə də respublikada ən çox maşınlar məndədir. Bütün retro maşınlar xoşuma gəlir".

  

Klassik avtomobillərin yürüşünə Heydər Əliyev Mərkəzinin qarşısından start verilib. Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində nostalji hisslər yaradıb. Klassik maşınlar  Heydər Əliyev Mərkəzi-Koroğlu Rəhimov, Fətəli Xan Xoyski-Səməd Vurğun küçələri, İnşaatçılar-Hüseyn Cavid-Parlament prospektləri, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, Niyazi küçələri, "Azneft" meydanı, Neftçilər prospekti üzrə yürüş edərək Heydər Əliyev Mərkəzinin parkında sərgilənib.

 

Yürüşdə iştirak edən ən qədim avtomobil isə 1937-ci ildə istehsal olunan "Opel Olimp" avtomobilidir. Bu tədbir paytaxta gələn turistlərin də böyük marağına səbəb olub: "Hər şey çox gözəldir, çox xoşuma gəldi. Bir sözlə möhtəşəmdir. Bakıya ilk dəfədir gəlirəm, vuruldum bu şəhərə".

 

"Çox gözəl ab-hava var. Mütləq Bakıya yenidən gələcəyəm. Köhnə, qədim Amerikan "Mustanq" avtomobilləri xoşuma gəldi. Qırmızı rəngdə olan maşın daha çox xoşuma gəldi".  

 

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı təşkil olunub.

 

Layihədə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edib.

 

Heydər Əliyev Mərkəzində həmçinin azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

 

Tədbir konsert proqramı ilə davam edib.
 

X

XƏBƏRLƏR
BÖYÜT