Qarğıdalı, günəbaxan, xiyar, yerkökü - QƏBƏLƏDƏ MÜRƏBBƏ FESTİVALINDAN REPORTAJ
17:07 – 28 Avqust, 2017

Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə avqustun 26-da V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. APA TV-nin yerli bürosunun məlumatına görə, Qəbələ şəhərindəki "Qafqaz Karvansaray" otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.


Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfiri, 5 mindən çox yerli və xarici qonaq olub.


Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edib. Artıq 5 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Qeyd edilib ki, bu festivalın keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Hər il Azərbaycanda mürəbbə ilə yanaşı,  nar, plov, alma, şirniyyat, qarpız, paxlava və digər meyvə-tərəvəz və qida məhsulları ilə bağlı festivallar keçirilir.


Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan komanda iştirak edib. Şirniyyatçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan qeyri-adi mürəbbələr də nümayiş olunub. 


Münsiflər heyətinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib, 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. 

X

XƏBƏRLƏR
BÖYÜT