Qurbanlıq heyvanı neçəyə almaq olar? - HEYVAN BAZARINDAN REPORTAJ
15:34 – 29 Avqust, 2017

Sentyabrın 1-i və 2-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. APA TV-nin məlumatına görə, bazarlarda qurbanlıq heyvanların satışına artıq başlanıb. Keşlə bazarında qurbanlıq heyvanların satışı və kəsim məntəqələrində bir neçə gündür gücləndirilmiş iş rejiminə keçilib: "Heyvanlar baytarlıq idarələri tərəfindən verilən "Forma 1" əsasında gətirilir. Sənədi olmayan heyvanlar qəbul edilmir. Heyvanlar gətirildikdən sonra da baxış keçirilir. Heyvanların gətirilməsinə ayın 25-dən başlanıb. Bu günə qədər təxminən, 600 baş heyvan gətirilib. Bayrama kimi bir  bu qədər də gətirilməsi planlaşdırılır".

 

Heyvan kəsildikdən sonra əti müayinə üçün laboratoriyaya baxışa gətirilir. Satışa yalnız bundan sonra icazə verilir. Bu il qurbanlıq heyvanlar əsasən, Füzuli, Beyləqan, Ağcabədi, İmişli zonalarından daşınır.

 

ki qaldı qiymətlərə, ötən ilə nisbətən, bu il bahalıq müşahidə olunur: "Bu il biraz bahalıqdır. Amma güman edirəm ki, bu gündən enmə müşahidə olunacaq. Çünki bu gün 10,50 AZN-ə satış olub. Halbuki bir neçə gün öncə 11 AZN, 11,50 AZN-ə satılırdı. Qurban bayramında ətin kilosu 11 AZN-i keçməyəcək".

 

Bayramlıq heyvanların satışı üçün artıq sifarişlər alınıb. Əgər ötən il qurbanlıq heyvan 120-130, maksimum 140 AZN idisə, bu il qiymətdə nisbətən artım var: "Alıcılar əsasən, 150-180 AZN civarında heyvanlar istəyirlər. Qəssablar da əsasən, bu məbləğdə heyvan gətirməyə çalışırlar. Endirim isə 10-15 AZN civarında olur. Bu qiymət qoyun və erkək toğlulara aiddir. İribuynuzlu heyvanlar isə kilosu maksimum 11 AZN-ə satılacaq. Ötən ilə nisbətən bu il iribuynuzlu heyvanlara tələbat azdır. Şəxsi təsərrüfat sahibləri heyvanları sabahdan etibarən gətirməyə başlayacaqlar".

 

Alıcıların rahat şəkildə yola salınması üçün bayram günlərində əlavə kəsim yerləri fəaliyyət göstərəcək və qəssabların sayı artırılacaq.

 

Qeyd edək ki, Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə  ayının 10-cu günündən başlayır. Qurbanlıq heyvan üçün qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanlıq heyvanın əti  bərabər şəkildə bölünüb, ehtiyacı olan ailələrə paylanır. Qurban kəsən özü də pay götürə bilər. 

X

XƏBƏRLƏR
BÖYÜT