Mətbuat zorlama hadisələrini işıqlandırmalıdırmı?
15:49 – 30 Avqust, 2017

Mətbuat cəmiyyətin güzgüsüdür. Amma cəmiyyətdə, həyatımızda elə hadisələr baş verir ki, bəzən mətbuat da bunu işıqlandırmağa aciz qalır.  Azərbaycanda baş verən zorakılıq hadisələri mətbuatda geniş işıqlandırılır. Artıq bir qisim insanlar hesab edir ki, belə hadisələrin mətbuata verilməsi düzgün deyil, digər qisim insanlar isə bunu dəstəkləyir. Mətbuat zorlama hadisələrini işıqlandırmalıdırmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ ilə bağlı geniş müzakirə aparılıb.

 

Jurnalist Vüsal Məmmədov hesab edir ki, şiddətlə bağlı xəbərlərin yayılmasında əsas məsələ niyyətlə bağlıdır: "Əgər biz bu xəbəri o niyyətlə yayırıq ki, insanlar oxuyub xəbərdar olsunlar, özlərini potensial təhlükələrdən qoruya bilsinlər, uşaqlarını potensial zorakılardan, təcavüzkarlardan qoruya bilsinlər. Bu xəbəri qoymaqda məqsədimiz o olsun ki, o düzgünlüyə, əmin-amanlığa xidmət eləsin. Bu məqsədlə qoyulursa, bunun tərəfdarıyam. Bu hiss olunur. Yox əgər biz bu xəbəri qoyanda məqsədimiz odur ki, cəmiyyətdə gərginlik yaradaq, qalmaqallı başlıqlar qoyaq, bu yolla daha çox oxucu cəlb edək, bu qara niyyətdir. Həmin halda qoyulan xəbər nəinki insanları xəbərdar edir, bir növ zorakılığın reklamına çevrilir".

 

Vəkillər kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışovun fikrincə bu cür xəbərlərin yayılması təqsirsizlik prezumpsiyasını pozur: "Zorakılıq hadisələri ilə bağlı nəinki mətbuat, hər kəs diqqətli olmalıdır. Xüsusilə də uşaqlarda məxfilik qorunmalıdır ki, uşaqların psixikasına, onların gələcək inkişafına təsir göstərməsin". Hüquqşünasın sözlərinə görə zorakılığa məruz qalmış insanın, xüsusilə uşağın adının açıqlanması doğru addım deyil, qanun pozuntusudur.      

"Xəbər saytı bu məlumatı yayıbsa, istintaq sirrini pozubsa, onlara qarşı prokurorluq orqanları tədbir görməlidir" - Rafiq Alışov belə deyib. Hüquqşünas bu hadisələrə qarşı profilaktik tədbirlərin önə çəkilməsini tövsiyə edib.

 

Psixoloq Səbinə Bayramova isə deyib ki,  zorakılıqla bağlı xəbərlərin yayılması, cəmiyyətin ümumi psixologiyasına mənfi təsir göstərir. S. Bayramova onu da qeyd edib ki, bur cür xəbərlərin mətbuatda yer alması, oxşar hadisələri törətmiş insanlar üçün psixi xəstəlik qorxusunu yaradır.

 

Verilişə telefon xətti ilə qoşulan İlqar Rəsul deyib ki, xəbərin əvvəlində dəhşətli sözünün yazılması oxucunu yönəltmək, təəssüratlandırmaq kimi qiymətləndirilir: "Artıq bu xəbəri oxucu oxuyanda, onunla tanış olanda  oxucu bilir ki, bu xəbər dəhşətlidir, ya yox?! Bu xəbərin yayılması, hətta zorlama xəbərinin yayılması ona görə cəmiyyətə lazımdır ki, cəmiyyət getdikcə bundan təmizlənə bilsin". 

 

Pedofiliya probleminə toxunan Səbinə Bayramovanın sözlərinə görə uşaq zorakılıq halına məruz qalanda belə, fikrini ifadə edə bilmir, çünki zorakılıq edən şəxs tərəfindən şirnikləndirilir və nəticədə o, nə baş verdiyini anlamır: "Burada isə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər uşağı qınayacaq, onu utandıracaq heç nəyə toxunmamalıdırlar".

 

Jurnalist Vüsal Məmmədov deyib ki, qadının açıq-saçıq geyinməsi insanın fiziki-psixi vəziyyətinə təsir göstərsə də, bu yenə də zorakılığa haqq qazandırmır: "Qadın öz hüququndan istifadə edərək, o cür geyinibsə, deməli biz onun hüququna heç cür müdaxilə edə bilmərik". Jurnalist onu da qeyd edib ki, qızların hamısı məktəbə qısa geyinib gəlirsə, bu artıq oğlanlarda şəhvət yaratmır, çimərlik effekti təsirini bağışlayır: "Bizdə bu hələ yeni olduğu üçün insanlarda ictimai norma səviyyəsinə qalxmayıb, şüurumuza oturmayıb". Vüsal Məmmədov onu da deyib ki, sovet dövründə bu cür xəbərlərin yayılmamasının əsas səbəbi, sovet insanına bu kimi halların uyğun olmamasından  irəli gəlirdi.

   

 

X

XƏBƏRLƏR
BÖYÜT