Bakıda Qurban bayramı - REPORTAJ
17:53 – 01 Sentyabr, 2017

Bu gün bütün dünya müsəlmanları Qurban bayramını qeyd edir. Hazırda Bakı sakinləri paytaxtın bir çox ərazilərində yerləşən ət satışı və kəsimi məntəqələrinə gələrək öz qurbanlarını alır, kəsdirir və ehtiyacı olan insanlara paylayır.

 

Bayramla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) şəhərin bir çox ərazilərində yarmarkalar təşkil edərək, iribuynuzlu heyvanların satışını həyata keçirib. İlk olaraq həmin yarmarkaların birinə baş çəkdik. Səhər saatları olmasına baxmayaraq, bura gətirilən bütün heyvanlar demək olar ki, satılmışdı.

 

Satıcı Ruhin Pənahovun sözlərinə görə, qurbanlıq heyvanlar çəkisindən asılı olmayaraq 95 manata təklif olunub: "300 qoyun gətirmişdik. Hamısını satmışıq, 4-5-i qalıb. 95 manata verdik. Bu il daha tez satıldı. Qoyunlar Qazax, Şəmkir və Yevlaxdan gətirilib. Hər biri baytarlıq nəzarətindən keçib, heç bir problem yoxdur. Tələbat çox olduğundan, 200 ədəd də gətiriləcək".

 

Qurbanlıq almağa gəlib, xırda buynuzlu heyvanların satılıb qurtardığını görənlər isə narazı görünürdü. Onlar yarmarkada növbə tutaraq yeni gələcək heyvanları gözləyirdi: "Quruluş yaxşıdır, adamın xoşu gəlir. Amma baxırsan ki, susuz dəyirmana oxşayır. O adamlar saat 9-dan burada dayanıblar. Qalan heyvanlar da elə heyvanlardır ki, bunları çölə buraxsan, tülkü də yeməz. Az gətiriblər, çatmır. Gərək çox gətirərdilər ki, alıb razılıq edib gedərlər".

 

Yarmarkadan sonra çəkiliş qrupumuzla birlikdə digər satış-kəsim məntəqələrinə baş çəkdik. Burada insanlar rahat şəkildə qurbanlıq heyvanları tapa bilsələr də, bir çoxları qiymətlərin baha olmasından narazı idi: "Deyirlər ki, qurbanlıqlar çox ucuz gəlib. Vallah heç kəsi də qane etmir. Əlac yoxdur, Allah yolunda kəsirik. İllərlə evində ət qaynamayan adamlar var. Amma elə qiymətə verirlər ki, 12-13 kq-ı 200 manata. 180 manata alardıq 16-17 kiloqramlığını, amma verirlər 12-13 kiloqramlığını. Əvvəlki illərlə müqayisədə hədsiz dərəcədə bahadır".

 

Qəssabdan qiymətlərin hansı səbəbdən baha olmasını soruşduq: "Biz onu qurbanlıqdan istifadə edib baha vermirik ki. Ona görə ki, bu dəqiqə hər şey problemdir. Məsələn, bunun otlaması var, yemi, buğdası, suyu, saxlanması var. Ona görə bir az baha ola bilər. Başqa cür heç cür baha ola bilməz. Kimin ürəyi necə istəyir, o çəkidə kəsib veririk".

 

Çəkiliş apardığımız digər məntəqədə isə o qədər də ürəkaçan mənzərə ilə qarşılaşmadıq. Burada kəsim antisanitariya şəraitində həyata keçirilirdi: "Təmiz yer olsaydı, daha yaxşı olardı. Kəsimlər üçün xüsusi yerlər olsaydı, daha yaxşı olardı. Tozlu olan yerlərdə düzgün deyil. Yəqin yaxın gələcəkdə bu işlərə baxacaqlar". 

 

Sahibkar Nazim Rüstəmov 180 xırdabuynuzlu heyvan gətirdiklərini və əksəriyyətini satdıqlarını deyir: "180 heyvan gətirmişik. satmışıq 30-40 dənəsi də qalıb. Yəqin ki, onlar da satılar. 18-20 kq heyvanlar yaxşı satıldı. Qiymətlər 150 manatdan başlayaraq 230 manata kimi dəyişən qiymətlərlə satılır. Hər birinin sağlamlıq arayışı var.

 

Yəqin razılaşarsınız ki, Qurban bayramının ən gözəl tərəflərindən biri nişanlı qızların qapısına bayramlıq aparılması səhnəsidir: "Qız qapısına aparırıq. Xalam oğlu Akif üçün aparırıq. Haradasa 17-18 kiloqramlıqdır. Qiyməti qane etdi.  Evdə yanında xonçalar da olacaq".

 

KTN Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 27 saylı Baytar Sanitar Ekspertizaya Laboratoriyasının direktoru İlqar Səfərli bildirib ki, heyvanlar bazara axşamdan gətirilib, kliniki baxış keçirilib, sağlamlığına tam əmin olduqdan sonra satışa icazə verilib: "Səhər-səhər analizlər götürülür, ətindən, vəzindən daxili orqanlarından qanından analizlər götürülür, sağlamlığından əmin olduqdan sonra satışa buraxılır. Biz özümüz də nəzarət edirik, satışda olan bütün heyvanlar tam sağlamdır. 5-6 iribuynuzlu heyvan olub ki, onun satışına icazə vermədik. Nümayəndələrimiz də buradadır, sanitar vəziyyətə nəzarət edirik. Burada kəsilir, təmizlənir, ondan sonra əhaliyə verilir".

 

Beləliklə, bu gün bir çox evlərdə sevinc yaşanacaq. Elə Qurban bayramının fəlsəfəsi də imkansız adamları sevindirmək üzərində qurulub: "Bu gün qurbanlar kəsilir, imkansız adamlara, qohum-qonşuya, yaxın adamlara paylanılır. Ona görə bu gün biz də qurban kəsirik, kimin imkanı yoxdur, onlara paylayacağıq. Bütün müsəlman aləmini Qurban bayramı münasibətilə təbrik edirəm. Gün o gün olsun işğal altında olan torpaqlarımızda qeyd edək. Biz burada bu gün qurban kəsirik, çox sevincliyik. Biz də qurbanlarımızı kasıb insanlara, ayda-ildə bir dəfə ət yeyən insanlara verəcəyik".

 

Allah kəsdiyiniz qurbanları və etdiyiniz duaları qəbul etsin!

 

X

XƏBƏRLƏR
BÖYÜT