Lənkəranda turist tıxacı: Hotellər, yoxsa kənd evləri? - BÖLGƏDƏN REPORTAJ
12:17 – 05 Sentyabr, 2017

Lənkərandakı turizm obyektlərində bu il demək olar ki, boş yer tapmaq mümkün olmayıb. APA TV-nin cənub bürosunun məlumata görə, bura üz tutanların sayı son 10 ildə rekord həddə çatıb.


Eyni zamanda kənd turizmi də eyni səviyyədə inkişaf edib. Xaricdən gələn turistlərin sayı da kifayət qədərdir, bunların böyük əksəriyyətini Rusiya və İran vətəndaşları təşkil edir: "Turist sayına baxanda, keçən il gələn adam sayından 45-50 faiz artım müşahidə olunur".

 

"Əsasən Rusiya Federasiyası, İrandan gəlirlər. Rusiyadan gələn turistlər 3-4 dəfə çoxalıb. Keçən il 100-150 qəbul edirdiksə, bu il 400-450 nəfər qəbul etmişik. Hələ də gəlirlər".

 

Cənub bölgəsi sərin bulaqları, sıx meşələri, müalicəvi suları və təmiz şəffaf dənizi ilə təkcə azərbaycanlı ziyarətçilərdə deyil, xarici turistlərdə də maraq oyada bilib. İndi Lənkəranda hansı turizm obyektinə yaxınlaşsanız, ən azı sentyabrın üçüncü ongünlüyünə qədər gözləməli olacaqsınız. Mütəxəssislər deyir ki, turistlərin sayının artmasına səbəb xidmət səviyyəsinin yüksəlməsi, maraqlı turların təşkili və qiymətlərin münasib olmasıdır.

 

Rusiyadan gələn turistlərin məhz Lənkəranı seçməsinin özəlliyi var. Onların sözlərinə görə, Lənkəran bir yandan dənizlə, bir yandan isə meşəlik və dağlıq ərazi ilə əhatə olunub: "Biz bura böyük ailə ilə gəlmişik, bu il Azərbaycanı seçdik. Azərbaycan bizi isti havası ilə cəlb edir, dənizi var, çox dadlı mətbəxi var. Çox fərqli, dadlı əti və göy-göyərtisi var. İnsanları da çox fərlidir. Dil bilməsək də, bizi başa salırlar, yol göstərirlər".

 

Lənkəranda kənd turizmində də eyni ab-hava yaşanır. Ev sahiblərinin sözlərinə görə, ilk dəfədir ki, belə turist axını ilə rastlaşırlar: "Keçən ildən bu ilə turistlərin sayı artıb. Bu il gələnlər də çox olub, ruslar da gəlib, yer olmayıb, iki gün qalıb qayıdıblar".

 

Azərbaycanın müxtəlif bölgələrindən gələnlər adambaşına nahar yeməyi də daxil olmaqla, 10-12 manat ödəyərək kənd evlərində istirahət edə bilirlər: "Qiymət sərfəlidir, ona görə kənd evlərinə meylimiz var. Gələnlərin əksəriyyəti kənd evləri axtarır".

 

"Bizim üçün sərfəlidir. Düzdür, yaşayışımız da zəif deyil. Cibimizə baxıb, imkan dairəsində gəlirik. Hotellərdənsə bura sərfəlidir, imkan olanda hotellərə də gedərik".

 

Cənubda əsasən Lənkəran və Lerikdə kirayə verilən kənd evləri daha çoxdur. Builki turist axını demək olar ki, bütün evlərdə yaşanır: "Əgər hazırda fəaliyyət göstərən kənd evlərində ötən il müəyyən qədər yer tapmaq olurdusa, bu il bizə müraciət edən turistlər üçün ev tapmaq mümkün deyil".
 

Müsahibimiz deyir ki, xarici ölkələrdə hostellərə üz tutanların sayı kifayət qədərdir. Burada insanlar minimum ödəniş etməklə gecələyə bilir. Amma bizdə isə vəziyyət bir qədər fərqlidir. Bu sahədə maarifləndirmə işləri aparılmalıdır.


Qeyd edək ki, Lənkəranda kənd evlərində bir günlük istirahət etmək 10-12 manata, hotellərdə isə 35-200 manata başa gəlir.


 

X

XƏBƏRLƏR
BÖYÜT