Azərbaycanda ov silahları neçəyədir? - REPORTAJ
12:45 – 06 Sentyabr, 2017

Müxtəlif cür geyimlər, 12 kalibrli, beşaçılan, italyan rəssamlarının əl işləməsi olan tüfənglər, bir çox ölkələrin istehsalı olan kortej, qırma və güllələr, bir-birindən fərqli bıçaq növləri... Bir sözlə, ov üçün lazım olan hər şeyi burada tapmaq mümkündür.

 

Ov mövsümünün başlamasını nəzərə alaraq istədik bu əşyalara olan tələbatla maraqlanaq, qiymətləri öyrənək. 

 

Satış meneceri İlkin Quluzadə deyir ki, qış aylarına nisbətən yayda tələbat aşağı səviyyədə olur. Satışda olan tüfənglərin modelinə görə qiyməti də fərqlidir. Silahlar 900 manatdan başlayıb artan qiymətlərlə satılır: "Yay ayları olduğu üçün quş ovu mövsümü bağlıdır. Bir o qədər tələbat yoxdur. Əsas ovçuluq mövsümü sentyabr ayından başlayır. Qışda daha çox tələbat olur. Ov tüfəngləri beşaçılan, qoşalülə və s. olur. Tüfənglər Rusiya, Türkiyə və İtaliya istehsalıdır. Ovçular rus və türk istehsalı olan tüfənglərə üstünlük verir. Bahalı tüfənglərə tələbat azdır, ovçular daha çox qiyməti  münasib olan tüfənglərə üstünlük verir. İşlənmiş silahlar da var ki, bunların qiymətləri daha münasib olur. 600-700 manatdan başlayır".

 

Ovçuların daha çox ucuz tüfənglərə üstünlük verməsinə baxmayaraq, satışda yetəri qədər bahalı silahlar da var. Onlar modelinə, üzərindəki əl işləmələrinə və yüksək keyfiyyətli taxtadan hazırlandığına görə digərlərindən seçilir: "Bu əlimizdəki tüfəng ovçularımızın yaxşı tanıdığı, İtaliya istehsalı olan tüfəngdir. 76 sm lüləsi var. 4+1, yəni beşaçılandır. Yarımavtomatikdir, sistemin işləməsində barıtın alışmasından yaranan təzyiqdən istifadə olunmur. Ovçularımız arasında çox məşhur olan bir silah 12 kalibrdir".

 

Ovçuların ən çox üstünlük verdiyi silahlardan biri də Türkiyə istehsalı olan FX 17 modelidir: "3 il qarantiya ilə satırıq. Üstünlüyü ondan ibarətdir ki, beşaçılandır, 4 maqazin, 1 lülə olmaqla beşaçılan gedir. 76 sm lülədir. Lülənin bu hissəsi polad, aşağı hissəsi isə uraldır. Taxta keyfiyyətli ən yüksək dərəcədə, qoz ağacından hazırlanıb. Bunlar xüsusi olaraq çamadanın içində göndərilir. Bu silahların qiyməti modelindən asılı olaraq 1200 manatdan başlayır".

 

Gördüyünüz bu silah 12 kalibr qoşalülədir. Qiyməti isə 20 min manatdan yuxarıdır: "Antonio Zoli Amboso" modelidir. İtalyan istehsalıdır, firmanın yubiley buraxılışıdır. Məhdud sayda buraxılan silahlardandır. Ən yüksək keyfiyyətli taxtadan hazırlanıb. Üstü isə İtalyan rəssamları tərəfindən əllə döyülüb".

 

Satışda olan güllələr silahın kalibrinə uyğun olaraq dəyişir: "Kartec və güllə heyvan ovu üçün, qırma isə quş ovu üçündür. 16, 12, 20, 28, 36 kalibrinə uyğun olaraq müxtəlif növ patronlar var. Bunlar əsasən güllə, kartec və qırma olaraq dəyişir. Qırmalar özləri də 0 nömrəsindən 12 nömrəyə qədər quşun böyüklüyünə uyğun olaraq dəyişir. Qaz, ördək ovuna bir az iri qırmalar - 3, 4, qaz ovuna 0, xırda quşlara - kəklik, bildirçinə isə xırda - 12, 10 nömrəli qırmalardan istifadə edirlər. Qiymətləri istehsalçı ölkədən asılı olaraq dəyişir. 50 qəpikdən başlayır 1 manata kimi dəyişən qiymətlərlə satılır".

 

Ovçular daha çox kamuflyaj silahlardan və geyimlərdən istifadə edir. Bu da ona görədir ki, heyvanlar onları görməsin. Hazırda biz həmin rəngdə geyimdəyik, eyni rəngdə olan silahı da götürmüşük, demək olar ki, ova tam hazırıq: "Geyimlər də mövsümə uyğun olaraq qış və yay geyimləri olur. Onların papağı, kombinezonları, sukeçirməyən şalvarları, "botinka"ları olur. Əsasən göldə və sulu yerlərdə belə uzunboğaz çəkmələrdən istifadə olunur. Bir az hündürü də olur, kombinezonun sinəyə kimi olan modelləri olur. Qiymətlər də 20 manatdan başlayır. Bunların içində qalın corab olur. Bu "botinka"lar da su keçirmir və yüngüldür. Bunlar əsasən Avropadan gətirilir, qiyməti 60 manatdan başlayır".

 

İlk baxışdan zirehli texnikaya bənzəyən bu nəqliyyat vasitəsi isə dəyişdirilərək sırf ov üçün yığılıb. Maşının bu vəziyyətə gətirilməsi üçün 68 min manat pul xərclənib. Avtomobilin at gücü artırılıb, şinləri və təkərləri xüsusi olaraq seçilib: "Qoşa diferdir. Qabaq və arxa təkərlər ayrı-ayrılıqda hərəkət edir. Maşının şinləri, təkərləri xüsusi olaraq seçilib. Bunlar həm bataqlıqda, həm də qarda rahatlıqla hərəkət etməyə üstünlük verir".

 

Maşının yük yerinə 220 volt elektrik gələn cərəyan yuvası qoyulub. Bu da meşənin ortasında işıqdan istifadə və ya elektrik sobasında yemək bişirmək imkanı yaradır: "Bundan əlavə,  qabaq və arxa tərəfləri zirehlə örtülüb, üstü  də qırmadandır. Əgər maşına güllə dəyərsə, qırmasını cızmır. Üstündə xüsusi işıqlandırıcı fənərlər quraşdırılıb. Arxasında xüsusi olaraq baqaj yığılıb yük daşımaq üçün, içərisində xüsusi cihazlar - manometrlər və hava ölçən cihazlar yerləşdirilib. Maşın zavod buraxılışından tamamilə dəyişilib. Sənədləri də qaydasındadır".

 

Atalarımız deyib ki, "ova gəlməz quş olmaz, başa gəlməz iş olmaz". Ov zamanı baş verə biləcək xoşagəlməz hadisələrdən sığortalanmaq üçün ehtiyatı əldə verməyin!

X

XƏBƏRLƏR
BÖYÜT