Elşad Miri: "Dini biznes halına gətiririk"
15:12 – 06 Sentyabr, 2017

Bütün müsəlman aləmində qeyd olunan qurban bayramı günləri başa çatdı. Dünya müsəlmanları qurbanları kəsdilər və ürəklərində olan arzuları, niyyətlərinin həyata keçməsi üçün dualar oxudular. Bəs kəsilən qurbanlar qəbul oldumu?   Çünki bəzən insanların, qurbanın kəsilməsindən paylanmasına qədər yanlışlıqlara yol verdiklərini görürük.  APA TV-nin "İlham Tumasla 40" dəqiqə layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

İlahiyyatçı Elşad Miri hesab edir ki, qurbanın nə üçün kəsilməsinin mahiyyətini dərk etmək lazımdır. Bu məqsədlə ilahiyyatçı Qurani-Kərimdən də misal gətirib: "Həcc surəsində konkret ayə var ki, kəsilən heyvanların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan sizin ancaq təqvanızdır. Təqva nədir? Şüurlu şəkildə edilən davranışlar, hərəkətlərdir". Elşad Miri həmçinin Qurban və Ramazan bayramlarının arxasında sosial yardımın dayandığını qeyd edib: "Yəni belə anlayışı dərk edib, mahiyyəti ona uyğun etməliyik". İlahiyyatçı Qurban bayramından sonra küçələrdə, kəsim məntəqələrinin qarşısında yaranan natəmizliyə də toxunub: "Bizim elədiyimiz təmizlik idimi? Doğrudanmı iş kəsib atmaqdan ibarətdir. Bəs geridə qalanını nə etməliyik? Bunlar yanlış yanaşmadır".

 

Jurnalist İradə Cəlil isə qarşılaşdığı bir mənzərədən danışıb: "Bayram günü idi, anam zəng elədi ki, maraqlı bir mövzu var, gəl. Soruşdum ki, haradadır? Dedi Maştağada. Anam görüb ki, növbəyə yığılan qadınlar və kişilər arasında qırğın gedir. O deyir sən mənim növbəmə girdin, bu deyir sən ikinci dəfə aldın. Anam içəri girib görüb ki, bir hacı yanında 2-3 qəssab dükanda əyləşib. Qoyun, inəyi kəsib, elə burada paylayırlar. Anam da deyib ki, qurbanı belə paylamazlar, qapı-qapı paylayarlar".

 

Məsələyə münasibət bildirən Elşad Mirinin sözlərinə görə islamda heç bir titul yoxdur: "Bunlar hamısı sonrada insanların adlarının qarşısına fərqlənmək üçün sonradan edilən əlavələrdir". İlahiyyatçı onu da deyib ki, ibadəti çatdırmaq üçün onun ilk növbədə mahiyyətini düzgün dərk etmək lazımdır: "Mahiyyət elə olmalıdır ki, qarşıdakı insan arasında səninlə ünsiyyət, dialoq yaransın".

 

Yazıçı Mirmehdi Ağaoğlu  isə hesab edir ki, sovet dövründə insanların dinə qarşı münasibəti daha saf olub: "Biz özümüz gəlin baxaq görək bu qurbanlar qəbul olunurmu? Bu ölkədə vegetarianlar var. Onlarında hüquqların qorumaq lazımdır. Bəlkə onlara pis təsir edir? Qurbanı küçənin ortasında kəsirik, vəhşi mənzərə yaranır".

 

Müğənni Xuraman Şuşalı deyib ki, qurbanlıq əti mütləq ehtiyacı olanlara paylanmalıdır: "Qurbanın niyyəti odur ki, hamı bölüşsün, hamı ət yesin. Bir ara belə bilirdim ki, qurbanın pulunu da verə bilərsən. Əgər həmin adamın evində ət varsa, sən həmin adam qurbanın pulunu verə bilərsən".

 

İbadətin əvəzinə pul vermək məsələsinə münasibət bildirən Elşad Miri hesab edir ki, bu, dini biznes halına gətirmək deməkdir. Qurbanlıq anlayışının həmişə olduğunu qeyd edən ilahiyyatçı, Adəm övladları Qabil və Habili nümunə gətirib.

 

İradə Cəlil isə Qurban bayramı günlərində, sosial şəbəkələrdə qurbanın kəsilməsi ilə bağlı yayılan videoları reklam kimi qiymətləndirib: "Nəyə görə bizim insanlarımız qurbanı göstəriş xətrinə kəsirlər?"

 

Xuraman Şuşalı sosial şəbəkələrdə yemək paylaşmadığını bildirib: "Çünki ola bilər ki, hamilə qadın, ehtiyacı olan, yeməyi ala bilməyən insan da izləyə bilər".

 

Elşad Mirinin sözlərinə görə Allahın İbrahim peyğəmbərə öz oğlunu kəsməyi əmr etməsi düzgün fikir deyil: "Allah insanı bu cür imtahana çəkə bilərmi? Qurani-Kərimdə heç bir əmr yoxdur. İnsan qurban anlayışı həmişə olub. İsmayıl qurbanı yanlış olmasına baxmayaraq, sadəcə insan qurbanı fidyə olaraq Allahın yaratdığı heyvanların qurban kəsilməsinin Allah yanında daha məqbul olacağı anladılmaq üçün idi".      

X

XƏBƏRLƏR
BÖYÜT